azia.az
azia.az

Plastik qablarla bağlı mübarizəni gücləndirir

12-08-2018, 11:44


Plastik qablarla bağlı mübarizəni gücləndirir

ETSN rəsmisi: “Gözləmirdik ki, əhali bu işlərə belə tez qoşulsun”

Bir müddətdir ki, dünyanın inkişaf etmiş ölkələrində plastik qablardan, torbalardan imtina adı altında sosial aksiyalar keçirilir. Bildirilir ki, plastik qabın hazırlanmasında istifadə olunan bəzi maddələr, insan orqanizmi üçün təhlükə yarada bilər. Eyni zamanda qeyd olunur ki, plastik qablar və torbalar insanlar tərəfindən ətrafa atılır. Nəticədə ətraf mühitin də çirklənməsi baş verir.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanlara çağırışlar edib, plastik qabların ətraf mühit üçün zərərləri barəsində maarifləndirici məlumatlar paylaşırlar. Nazirlik eyni zamansa ölkənin iri şəhərlərində yerləşən parklara xüsusi konteynerlər qoyub. Butulka şəkilində olan həmin konteynerlər plastik tullantıların atılması üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı nazirlikdən qəzetimizə bildirilib ki, ETSN hələ iyun ayında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin İcra Hakimiyyətlərinə plastik tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına dair məktublar göndərib.

Bəs ötən 2 ay ərzində görülən işlər hansı səviyyədədir?

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, layihə gözlənildiyindən də uğurlu alınıb: “Hətta gözləmirdik ki, əhali bu işlərə belə tez qoşulsun. Artıq Bakıda, Şabranda, Mingəçevirdə, Sumqayıtda bu kimi konteynerlər qoyulub. Əsasən insanların daha çox toplandığı, istirahət etdiyi yerlərdə bu cür konteynerlərin qoyulmasına çalışırıq. Əvvəl düşünürdük ki, insanlar bu konteynerlərə başqa tullantıları da atacaqlar. Ancaq müşahidə edirik ki, heç də belə deyil. İnsanlar yalnız plastik tullantıları qoyulan qablara atırlar. Gün ərzində elə olur ki, bir neçə dəfə konteynerlər dolur, boşaldılır. Bakıda Hüseyn Cavid parkında, Elmlər Akademiyası metrostansiyasının yaxınlığındakı parkda, Yasamal parkında, Botanika bağında bu cür qablardan qoyulub. Digər rayonlarda da bu konteynerlərin qoyuluşunu davam edəcəyik. Son günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin təhlili göstərir ki, ictimaiyyət bu işlərdə yaxından iştrak etmək istəyir.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər təşviqat və təbliğat xarakterli olub, mövcüd problemin həllində yardımçı olmaq və bu işlərdə ictimaiyyətin, özəl qurumların və aidiyyəti icraçı qurumların yaxından iştirakını təmin etmək məqsədi daşıyır. Məlumdur ki, bərk məişət tullantılarının idarə olunmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət funksiyasını həyata keçirir, bu tullantıların toplanması, çeşidlənməsi və təkrar emal müəssisələri tərəfindən qəbul üçün hazır vəziyyətə gətirilməsi məsələləri isə yerli icra hakimiyyəti orqanlarınının səlahiyyətlərinə aiddir. Bu sahədə ixtisaslaşmış təkrar emal müəsssisələri də konteynerlərdə toplanan plastik tullantıların idarə olunmasını həyata keçirirlər”.

M.Nəbiyev bildirib ki, bu kimi layihələrə davam edəcəklər: “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə Kütləvi İnformasiya Vasitələrində aparılan maarifləndirmə tədbirləri ilə yanaşı, “Yaşıl fikirlə sağlam gələcəyə doğru” devizi altında iri ticarət mərkəzlərində ekoçantaların paylanması aksiyası ilə əhalinin polietilen torbalardan istifadənin azaldılmasında iştirakı təşviq olunmuşdur. Qarşıdan gələn Xəzər həftəsi çərçivəsində plastik tullantıların azaldılmasında ictimaiyyətin rolunun artırılması məqsədilə məktəblilərin və tələbələrin iştirakı ilə Xəzər sahilində təmizlik aksiyalarının keçirilməsi planlaşdırılır.

Plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasının və 12 avqust “Xəzər günü” ərəfəsində əhalinin bu istiqamətdə maarifləndirilməsi və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında 07 avqust 2018-ci il tarixində fləşmob keçirilib. Sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yasamal rayon İcra Hakimiyyətinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin, “EcoBaku”-nun nümayəndələri və ictimaiyyət təmsilçiləri, eyni zamanda xarici qonaqlar da iştirak edib. Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq və bu işə ictimaiyyəti cəlb etməklə töhfə verməyə çağırmaqdır. Maarifləndirmə tədbirləri ilə yanaşı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz aidiyyəti qurumlarla razılaşdırılaraq Hökümətə təqdim olunacaqdır. İstehsalçı məsuliyyəti deyilən bir anlayış var və ona görə də hesab edirəm ki, məsələ təkcə bizim nazirliyin nəzarəti ilə həll olmur. Saat mexanizmi kimi işləyən bir sistem olmalıdır ki, toplama, çeşidləmə və təkrar emal prosesi fasiləsiz davam etsin. Aidiyyəti qurumlar da bu zəncirin halqalarını davamlı olan tənzimləməlidir ki, prosesdə fasilə olmasın. Hansı ki, inkişaf etmiş ölkələrdə bu, belədir. Plastik qablarla bağlı problem dünya ölkələrində də müzakirə obyektidir. Bununla bağlı strtegiyalar, fəaliyyət planları qəbul edilir. Marketlərin torbaları ödəniş vermələri o deməkdir ki, insanlar bundan kütləvi şəkildə istifadə edib, hara gəldi atırlar. Bu günlərdə Türkiyədə də qərar qəbul edildi ki, 25-50 mikron ölçüdə olan torbaların ödənişsiz verilməsi növbəti ilin yanvar ayından etibarən qadağan olunur. Dünya ölkələrindəki təcrübələr göstərir ki, ödənişli olan zaman torbalara tələbat 90-95 faiz azalıb”.

Əli Rais,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi