azia.az
azia.az

Jalə Əliyeva: “Qəddarlıqların, amansızlıqların kökündə mühit, tərbiyə, əxlaq, ailə ənənəsi dayanır”

25-02-2016, 17:11

 Jalə Əliyeva: “Qəddarlıqların, amansızlıqların kökündə mühit, tərbiyə, əxlaq, ailə ənənəsi dayanır” azia.az Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevanın gun.az-a müsahibəsini təqdim edir.

-Jalə xanım, son illər, xüsusilə, son aylar Azərbaycan cəmiyyətində, daha çox da ailə-məişət zəminində baş verən zorakılıq, cinayət hadisələrində qəddarlıq, amansızlıq sanki bir "tendensiya" halını alıb. Ər arvadını, arvad ərini, qardaş bacısını və ya əksinə, oğul, qız valideynlərini və sair, xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirirlər. Sizcə, bunların kökündə, mahiyyətində nələr dayanır, insanlar niyə bu qədər qəddar, rəhmsiz və amansız olublar?
-Ümumiyyətlə, hazırda iki insan , bütövlükdə insanlar arasındakı hansısa bir münaqişədən, hansısa bir problemdən, yəni, "güc" nümayiş etdirilən problemdən söhbət gedirsə, burada da digər tərbiyəvi üsullarda olduğu kimi, insan psixologiyasının, əxlaqının, birinci növbədə insanın göz açdığı, doğulduğu, böyüdüyü ailənin səviyyəsinin, ailədə verilən tərbiyənin və öyrədilən həyat dərslərinin mühüm rolu var. Həmçinin, insanın, uşağın, gəncin, yeniyetmənin düşdüyü cəmiyyətin, mühitin bu məsələdə öz təsiri mövcuddur. Amma konkret olaraq bu gün sadalanan faktlar, ağrılı-acılı hallar nəyə görə baş alıb gedir və nə üçün daha çox artır sualına mən bir az başqa yöndən yanaşardım.
Mənə elə gəlir ki, əgər cəmiyyət , dünya , insanlar , insanlar arasında münasibət varsa, o zaman bu hallar həmişə bütün cəmiyyətlərdə, bütün dövrlərdə olub. Sadəcə, ola bilər ki, azad, müstəqil mətbuatın mövcud olmadığı dövrdə ümumiyyətlə, hər mövzunun KİV-ə, ekrana, mətbuata çıxmasının yasaq olduğunu deyirdilərsə, ictimaiyyət bu mənzərədən xəbərsiz idisə, amma indi elə deyil. Bu gün artıq böyük bir informasiya məkanında yaşayırıq və bu gün hansısa bir evdə, deyək ki, hansısa rayonun hansısa ucqar bir kəndində baş verən bədbəxt bir hadisə 10 dəqiqədən sonra artıq internet səhifələrindədir. Bu da məsələnin digər tərəfidir. Yəni, birdən-birə bu tipli xəbərlərin artmasının bir səbəbi də medianın çox açıq və rəngarəng olması ilə də bağlıdır.
Eyni zamanda, gəlin qəbul və etiraf edək ki, insanımıza, hələ beyni möhkəmlənməmiş olan uşağa, yeniyetməyə, gəncə və bir də rəhmətlik Cəlil Məmmədquluzadə demişkən, saqqallı uşaqlarımıza, yəni, böyüyüb, amma hələ də zehni, səviyyəsi çox aşağıda qalan insanımıza bəzən mətbuatdan, televiziyadan ötrülən məlumatlar yanlış təsir bağışlayır və onları yanlış yerə yönləndirir, qərəzə yönləndirir, kinə-küdurətə, insanın qarşısında zorakılığa, biri digərinə qarşı zorakılığa yönləndirir. Yəni, istehsal olunan, xaricdən gələn filmlərdə, seriallarda, lap elə hadisələrin özünün həddindən artıq qabardılmasında da insan psixologiyasına mənfi təsir edən, əks təsir edən cəhətlər var. Bir də təbii ki, hər bir ölkənin, hər bir regionun, hər bir xalqın, millətin özünəxas cəhətləri var...
-Söhbət hansı cəhətlərdən gedir elə?
-Bilirsiniz, Qafqaz insanı bir az istiqanlı insandır, bir az vurub-yıxan, asıb-kəsən insandır və namus, əxlaq normaları çox böyük, əhəmiyyətli bir yerdə gəlməkdədir. Evdə böyüyün sözü mütləq keçməlidir. Yəni, kişinin dediyi sözün qarşısında ikinci bir söz olmamalıdır və bunu da bəzən ifrata vararaq anlayanlar olur. Bir az əvvəl dediyi kimi, səviyyəsi, şüuru hələ də keçmişdə qalan və yaxud inkişaf etməyən insanlarımız düşünürlər ki, bəli, əgər mən güclüyəmsə, mənim dediyim olmalıdır, olmadısa, bunun cəzası verilməlidir.
Qəbul edək ki, bu da daha çox kişi-güclü cinsin zəif cinsin qarşısında törətdiyi hadisələrdən ibarət olur. Burada da gücsüzün qarşısında güclünün öz gücünü özü də qeyri-insani şəkildə isbat etmək istəməsi, yenə psixoloji məqamdır. Amma təbii ki, istisnalar da var. Təbii ki, bir də görürsən ki, uşaq, hətta, cismən zəif bir gənc atasına xətər yetirə bilir, anasına xətər yetirə bilir. Və yaxud qadın özü həyat yoldaşını qətlə yetirir. Bu yaxınlarda oxudum ki, qadın həyat yoldaşını - bir kişini qəddarcasına öldürüb...
Təbii ki, iqtisadi problemlərdən də heç bir cəmiyyət, heç bir ailə arınmayıb, kənarda qalmayıb. Bir ailədə bir iqtisadi problem, məvacibdə problem olursa, işsizlik yaranırsa, bu da bir faktordur. Ancaq yenə də deyirəm, bütün bunların kökündə tərbiyə, ailə ənənəsi dayanır.
Mən inana bilmirəm ki, düzgün tərbiyə olunan, əsl vətəndaş kimi böyüdülmüş bir övlad sabah özü bir ailənin sahibi olanda kiməsə, evindəki gücsüzə, bir qonşusuna qarşı belə bir zorakılıq tətbiq etsin. Birmənalı olaraq görürük, elə hadisələrin də statistikasını aparsaq, belə bir mənzərə üzə çıxır ki, bu cür hadisələr daha çox savadsız, təhsildən kənarda qalan, tüfeyli həyat sürən ailələrdə baş verir...
-Son zamanlar belə bir "qəribə" və qorxulu tendensiya da müşahidə olunmaqdadır ki, arvadından, ailəsindən ayrılan bəzi kişilər sonradan özləri ailə qursalar da, ancaq keçmiş həyat yoldaşlarının öz həyatlarını müstəqil yaşamasına, növbəti dəfə ailə sahibi olmasına dözmür, qısqanclıq edir və sonda da qəddarlığa əl atırlar...
- Yenə də deyirəm ki, istər yazılı qanunlar, istərsə də, yazılmayan qanunlar, yəni, insanlıq qanunları var, onunla da heç bir insan, yer üzündə heç bir canlı, ümumiyyətlə, digər canlını məhv edə bilməz. Heç bir canlını bir canlı ölümə məhkum edə bilməz. Bunu ancaq ölkələrin qanunları, cinayət məcəllələri tənzimləyir. Bunlar hüquq-mühafizə orqanları tərəfindən tənzimlənən məsələlərdir. Amma eyni zamanda siz çox maraqlı bir aspektə, insan taleyinə toxundunuz Yəni, bir kişi deyək ki, öz qadınınından başqa digər qadınla da qanuni, ya qanunsuz əlaqə qura bilir, bu, çox adi qarşılanır və qadın səsini çıxara bilmir. Amma qadın deyək ki, öz yoldaşından sonra əgər hətta, qanuni , normal, sivil şəkildə bir münasibətə girirsə, bu, onun keçmiş həyat yoldaşı, onun ətrafı tərəfindən və bəzən də cəmiyyət tərəfindən bir az anormal qarşılanır. Düşünürəm ki, artıq bu tendensiyalardan uzaqlaşmağın vaxtı gəlib və artıq anlamalıdırlar ki, həyat hər bir kəsə bir dəfə verilir. Və bu edilən hərəkətlər, atılan addımlar əxlaq normalarından , istər dövlətin qoyduğu əxlaq normalarından, qanunların tələb etdiyi normalardan, istərsə də sırf insani və cəmiyyətarası, ailəarası normalardan kənara çıxmırsa, burada pis bir şey axtarmağa dəyməz.
Əgər sırf bunun ucbatından kişi gəlib qadınının həyatına son qoyursa, birinci növbədə elə öz həyatına son qoymuş olur. Onar görə ki, əgər o evdə, o ailədə ortaq övladlar varsa, o öz övladlarının ümumi bədbəxtçiliyinə səbəb olursa, elə bu nəticədə də özünün sonu deməkdir.
Yəni, qəddarlığa, zorakılığa əl atmaq istəyənlər, şeytana uymaq istəyənlər bunu düşünə bilsələr ki, həyat hər kəsə bir dəfə verilir və o insanı o yaratmayıb ki, o da məhv etsin, bəlkə o zaman öz düşüncələrindən, niyyətlərindən əl çəkə bilərlər. Mübarizənin sivil yolları var.
Əgər kimsə sənin deyək ki, ləyaqətinə toxunubsa, sənin xətrinə dəyibsə, bunu ona bir nümunə ola biləcək hərəkətinlə göstərə, cavabını verə bilərsən. Amma zorakılıqla, qəddarlıqla, bir insanın ömrünə son qoymaqla əslində sən özün-özünü məhv edirsən.
Qaldı ki, bu vəziyyətin normallaşması , balanslaşması üçün nələr etmək olar və edilir, bilirsiniz ki, həm dövlət səviyyəsində, həm ayrı-ayrı qurumlar tərəfindən davamlı olaraq monitorinqlər keçirilir, bu mövzuda söhbətlər aparılır. Qanunlar hazırlanıb, qəbul edilir. Məişət zorakılığı haqqında Milli Məclisdə hələ illər əvvəl qanun qəbul edilib. Beynəlxalq konvensiyalara qoşulmuşuq. Amma bir daha deyirəm, mənə elə gəlir ki, ən böyük qanun, ən böyük nizamlama elə insanın öz əxlaqıdır, öz vicdanıdır, öz dünyagörüşüdür. Birinci növbədə onları möhkəmlətmək lazımdır.

Kamil Həmzəoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi