Deputat: “Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin”
“Aztəminatlı ailələrdə uşağın sağlam böyüməsi üçün uşaq pulu bərpa edilməlidir”.
Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat uşaq pulunun niyə gündəmdə olmadığına aydınlıq gətirib:
“Uşaq pulu iqtisadi imkanları güclü olan ölkələrdə verilir, məsələn, bəzi Avropa və ərəb ölkələrində. Uşaq pulunun verilməsi uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən amildir. Ölkəmizdə 2006-cı ilə qədər uşaq pulu verilirdi, amma məbləği az olduğu üçün sosial dəstəyə ehtiyacı olan ailələrə müavinətin ünvanlı sosial yardım şəklində verilməsi daha məqsədəuyğun hesab olundu. Beləliklə, ölkəmizdə uşaq pulunun əvəzinə ünvanlı sosial yardım proqramı icra olunur və ehtiyacı olan ailələrə dövlət dəstəyi göstərilir. Ona görə də bu gün yenidən uşaq pulunun ödənilməsi məsələsi gündəlikdə yoxdur və aktual deyil”.
Millət vəkili qeyd edib ki, ünvanlı sosial yardımın dayandırılması və həmin vəsaitin uşaq pulu ilə əvəz olunması daha doğru olardı:
“Düzdür, bu məsələ daha böyük maliyyə tələb edir, amma hər bir uşağın böyüyəndə vətən qarşısında borcu olduğu kimi, dövlət də ehtiyacı olan ailələrdə uşağın sağlam böyüməsi üçün uşaq pulunu bərpa etməlidir. Hesab edirəm ki, dövlətimizin iqtisadi imkanları genişləndikcə gələcəkdə bu məsələyə də baxılacaq”.