azia.az
azia.az

“AzInTelecom”un sabiq rəhbərinin 1,3 milyonluq evi həbs altında

2-12-2016, 10:37

“AzInTelecom”un sabiq rəhbərinin 1,3 milyonluq evi həbs altında
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan “AzInTelecom” MMC-nin həbsdə olan sabiq baş direktoru Cəlil Cəfərovun ofis və mənzilindən külli miqdarda pul və qızıl əşyalar aşkarlanıb

Trend-in məlumatına görə, bu barədə RYTN-nin həbsdə olan sabiq məmurları barəsində başlanmış cinayət işi ilə bağlı istintaq materiallarında qeyd olunur.

İstintaq zərurəti ilə əlaqədar C.Cəfərovun yaşadığı mənzildə və iş yerində axtarış aparılıb. Axtarış zamanı C.Cəfərovun yaşadığı Bakı şəhəri, O.Mustafayev küçəsi, 51 ünvanındakı evindən 300.000 ABŞ dolları və 87.000 manat, həmçinin Bakı şəhəri, Z.Əliyeva 77 ünvanında yerləşən ofisindən isə 30.000 ABŞ dolları və külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

İstintaq zamanı üzərinə həbs qoyulmuş əmlakların dəyərinin müəyyən edilməsi məqsədilə 2015-ci il yanvarın 6-da iş üzrə mütəxəssis təyin edilib. Mütəxəssislərin apardığı tədqiqatla bağlı 2016-cı il fevralın 2-də istintaqa mütəxəssis rəyi təqdim edilib. Rəyə əsasən, C.Cəfərovun həyat yoldaşı İradə Qənbərovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 321.8 kv.m olan əmlakın orta bazar qiyməti 1.341.487,66 manat məbləğində müəyyən edilib.

Eyni zamanda, axtarış zamanı C.Cəfərovun iş yerindən və evindən götürülmüş əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə-kimyəvi, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib. 2016-cı il yanvarın 29-da istintaqa rəy təqdim olunub. Rəydə qeyd olunur ki, C.Cəfərovun iş yerindən və evindən götürülmüş “Longines” markalı saatın dəyəri 1.200 manat, üzərində “suisse 100 g fine gold 999.9 C002380” sözləri yazılmış qızıl metalın dəyəri 1.300 manat, üzərində “AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ 1991-2011 AZƏRBAYCAN RESPUBLİKASI 100 MANAT” sözləri yazılmış 2 ədəd qızıl metalın dəyəri 4.000 manat, üzərində “ELİZABETH II AUSTRALİA 50 DOLLARS” sözləri yazılmış qızıl metalın dəyəri 800 manat, üzərində “ELİZABETH II AUSTRALİA 1000 DOLLARS” sözləri yazılmış qızıl metalın dəyəri 13.000 manat, üzərində qızılı rəngli imza olan daş parçasının dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxanın dəyəri 200 manat, gümüşü rəngli açar saxlayanın dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxan və köynək qolları düymələrinin dəyəri 750 manat, gövdəsinin arxasında “İşgüzar əməkdaşlığa görə. Nazir, Akademik Ə.Abbasov” sözləri yazılmış saatın qiyməti 750 manat, “Tissot” markalı saatın qiyməti 250 manat, “Pierre cardin” markalı suvenirin qiyməti 120 manat, ətir və qələmlərin qiyməti 2.750 manat, ümumilikdə isə 22 ədəd əşyanın dəyəri 25.420 manat təşkil edir.

İstintaq materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 6 noyabr 2015-ci il tarixli məktubda qeyd olunur ki, C.Cəfərovun həyat yoldaşı İ.Qənbərovanın mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, ev 31 (22.07.2014-cü il tarixli 4Ə-182 nömrəli alqı-satqı müqaviləsinə əsasən) ünvanında yerləşən mənzil sahəsi var. Dövlətə vurulmuş ziyanın ödənilməsi üçün Binəqədi rayon məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə həmin mənzilin üzərinə həbs qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi