Veteranlıq statusu kimə verilməlidir? - Müharibə iştirakçıları məlumatsızdır
Azərbaycanda İkinci Qarabağ Müharibəsindən sonra müharibə iştirakçılarına "veteranlıq statusu" veriləcək. Bununla bağlı baş nazir Əli Əsədov qərar verib və statusun müəyyənləşdirəcək komissiya da yaradılıb.
Veteranlıq statusu müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş qanuna görə verilir.
Anews.az-a müraciət edən Əli Heydərov (ad şərtidir) müharibənin ilk günündən iştirakçı olmasına baxmaraq hələ də bu statusun ona aid olub-olmadığını və buna görə hansı aiddiyatı quruma müraciət etməli olduğunu bilmir.
"Mən Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin çağırışı ilə sentyabrın 27-dən noyabrın 10-na kimi ön cəbhədə döyüşmüşəm. Sadəcə vəzifəmi mülki şəxs kimi icra etmişəm. Yaşadığım rayonda xəstəxananın Təciili Tibbi Yardım şöbəsinin feldşeri kimi fasiləsiz olaraq Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan, Xocavənd, Şuşa istiqamətində yaralıların və şəhidlərin daşınmasında və təxliyəsində iştirak etmişəm. Bu statusun mənə verilib verilməməsi ilə bağlı bir dəfə Müdafiə Nazirliyinə məktub da ünvanlanmışam. Mənə cavab olaraq bildiriblər ki,"Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi barədə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə müvafiq dəyişikliklərin edilməsindən sonra müraciətinizə mahiyyəti üzrə baxılması mümkün olacaq. Doğrusu, mənə verilən bu cavabdan nəticə çıxara bilmədim. Bununla bağlı harasa müraciət edəcəyimi də bilmirəm", deyə Əli Heydərov bildirib.
Anews.az-a daxil olan bu müraciətdən sonra İkinci Qarabağ Müharibəsində iştirak etmiş şəxslər arasında kiçik bir araşdırma apardıq. Məlum oldu ki, əslində iştirak edən hərbçilər də veteran adı ilə bağlı hara müraciət edəcəklərini bilmir. Bir qism təxmin edir ki, harasa müraciət etməyə ehtiyac yoxdur. Bu prosesi onları müharibəyə səfərbər edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti özü iştirak edən hər kəsin siyahısını hazırlayıb Nazirlər Kabinetində yaradılmış komissiyaya təqdim edəcək. Bir qism iştirakçı isə müharibədə iştirakı ilə bağlı sənədləri "DOST" Mərkəzlərinin tərkibində aiddiyyatı üzrə şöbəyə verdiyini, digər bir qism isə Allaha qalıb deyərək nəticələrin açıqlanacağını gözlədiyini bildirdi.
Bəs əslində bu prosesi komissiya necə və hansı qaydalarla icra edir və etməlidir? Bu suala cavab tapmaq üçün aiddiyatı ürzə qurumlara və ekspertlərə müraciət etdik.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, müharibədə iştirak edən hər kəsə "Veteranlıq statusu" veriləcək.
27 sentyabr -10 noyabra qədər bütün döyüş əməliyyatlarında, o cümlədən döyüş təminatı ilə bağlı hətta ezamiyyətdə olan şəxslər də "müharibə veteranı" adı və vəsiqəsi alacaq.Bu statusun verilməsi müharibədə iştirak etdiyi vaxta görə müəyyən olunmur. 44 günlük müharibədə həm 1 saat,həm də 44 gün iştirak edən şəxs bu ada layiq görüləcək. Bunu isə aiddiyatı üzrə strukturlar müəyyənləşdirəcək. Siyahı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Əgər müharibədə ezam olunan şəxs mülki vətəndaşdırsa onun üçün işlədiyi qurum müharibədə iştirakı ilə bağlı təsdiqlənmiş sənədləri Nazirlər Kabinetinə göndərməlidir", -cdeyə Cəfərov deyib.
Hərbi ekspert ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə isə Nazirlər Kabinetinin tərkibində yaradılan Komissiya üzvləri aiddiyatı üzrə qurumların nazir müavinləridir və onlar müharibədə kimin iştiakçı rolduğunu müəyyən edəcək.
"Veteran sözü müharibə iştirakçısı deməkdir. Müharibə iştirakçısı təkcə əli silahlı düşmənlə üz-üzə duran yox, həmçinin müharibədə təminat, təzcihat və digər ixtisaslar üzrə çalışanlara da aid ediləcək. Bu məsələ ilə bağlı komissiya da yaradılıb. Üzvləri isə aiddiyatı üzrə qurumların nazir müavinləridir. Əgər vətəndaş müharibəyə çağırışla gedibsə onun bütün məlumatları Hərbi komisarlıqda var, yox əgər tibb müəssisəsi tərəfindən göndərilibsə Səhiyyə Nazirliyinin ezam olunma haqqında sənədləri var. Hazırda bununla bağlı heç yerə getmək lazım deyil. Vətəndaşın adı siyahıda çıxmasa bu zaman o aiddiyatı üzrə müraciət edib adının çıxmaması səbəblərini araşdıra bilər", - deyə Ramaldanov bildirib.
Səhiyyə Nazirliyindən Anews.az-a bildirdilər ki, müharibədə iştirak edən Səhiyyə Nazirliyinin əməkdaşları barədə sənədlər və siyahı aiddiyatı üzrə qurumlara göndərilmir. Bununla bağlı nazirliyin hər hansı səlahiyyəti yoxdur.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirildi ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün mövcud sənədlərlə xidmət keçdikləri aidiyyəti dövlət orqanlarına şəxsən müraciət etməlidirlər.
"Vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən tənzimlənir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir", deyə qurumdan bildirilib.
DOST Mərkəzindən isə sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçular, Azərbaycan ordusundan ehtiyata buraxılmış hərbi qulluqçular, Azərbaycan ordusunda işləyən mülki işçilər (Müdafiə Nazirliyinin nümayəndəsinin bildirdiyi məlumatdır) DOST Mərkəzlərində fəaliyyət göstərən Vahid əlaqələndirmə mərkəzlərindəki Müdafiə Nazirliyinin nümayəndəsinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müharibədə iştirak edən şəxslər şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 foto şəkil 2 ədəd və yaralanması, travma, kontuziya, xəsarət alması barədə tibbi arayış ilə birgə müraciət edirlər.Digər qurumlarda xidmət edənlər xidmət keçdiyi quruma müraciət edir.
"Bakıda olmayan müharibə iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə dekabrın 24-də Gəncədə, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Gəncə vahid əlaqələndirmə mərkəzində (Gəncə , Atatürk prospekti 12A) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə, Masallı rayonundakı vahid əlaqələndirmə mərkəzində (Masallı şəhəri, Heydər Əliyev prospekti, 38) Masallı, Astara, Cəlilabad, Lerik, Lənkəran, Yardımlı rayonları üzrə və Ucar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ucar şəhəri, Nəriman Nərimanov küçəsi,11) Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə müraciət etmək olur. Siyahı təsdiqləndiqdən sonra iştirakçıların adı Zəfər alt sisteminə daxil ediləcək. Qanunverciliyə əsasən, "Müharibə veteranı” adı və vəsiqəsi şəxsin xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) qurum tərəfindən verilir. Həmin qurumda xidmət keçən (qulluq edən, işləyən) şəxslər sırasında veteran adı veriləcək şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırır, onlara "Müharibə veteranı” adı və vəsiqəsi verır.Sonra həmin qurumlar bu barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər” altsisteminə daxil edir. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti də Sərəncamın əhatə etdiyi şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara "Müharibə veteranı” adı və vəsiqəsi verib, bu barədə məlumatların kağız və elektron daşıyıcılarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Nazirlik "müharibə veteranı" statusu vermir və yalnız müharibə veteranı adını almış şəxslərə təqaüd ödəyir", deyə qurumdan qeyd ediblər.
Müdafiə Nazirliyinə "veteranlıq statusu"nun kimlərə verilməsi ilə bağlı sorğu göndərsək də sorğumuza hələ cavab ala bilməmişik.
29 dekabr 2021-ci il Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən "Müharibə veteranı” adının və "Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilməsi ilə bağlı sərəncamı var və həmin sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Zəfər” altsisteminə daxil edilmiş (Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətlərinə münasibətdə isə kağız və elektron daşıyıcıda məlumatları təqdim edilmiş) müharibə veteranlarına Prezidentin aylıq təqaüdünü (80 manat) e-sistem üzərindən proaktiv qaydada (müraciət olunmadan və heç bir sənəd təqdim edilmədən) təyin edəcək. Təqaüdün təyinatı, təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. barədə məlumatlar sms vasitəsilə müharibə veteranlarına bildiriləcək. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.