Mədət Quliyev: "AXC-Müsavat cütlüyü ölkəni ağır bəlalara düçar etdi"
“Müstəqil dövlətçiliyin bərpası ərəfəsində və bərpasından sonrakı iki ildə Azərbaycanda hərbi və silahlı qüvvələrlə bağlı vəziyyətin çox acınacaqlı olduğunu yaddan çıxara bilmərik. Dağlıq Qarabağda silahlı separatizmin baş qadırdığı və Ermənistanın hərbi təcavüzə əl atdığı bir dövrdə respublikamızda hərbi işin, silahlı müdafiə tədbirlərinin təşkilində ciddi nöqsanlara, hətta cinayətkarlıq hesab edilə biləcək laqeydliyə və biganəliyə yol verildi”.
APA-nın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə yazdığı məqalədə bildirib.
Məqalədə qeyd olunub ki, sovet dövlətinin başçıları nəinki erməni separatizminin qarşısını almaq üçün təsirli tədbirlər görmürdülər, üstəlik, onların Azərbaycandakı əlaltıları, respublikanın qorxaq və bacarıqsız rəhbərləri də yalnız yuxarıların göstərişlərini yerinə yetirir, qətiyyətsizlik və iradəsizlik nümayiş etdirirdilər: “Həmin vaxt ermənilərin yaxşı silahlanmasına baxmayaraq, Azərbaycanda əhalidən silahların yığılması onların düşmən qarşısında əliyalın qalmasına, öz yurd-yuvasını qorumaq imkanını itirməsinə gətirib çıxarmışdı. 1991-ci ildə müstəqilliyin bərpası elan edildikdən sonra dərhal milli ordu quruculuğuna başlamaq əvəzinə respublika rəhbərliyi, sadəcə, bir qvardiya təşkil etmək istəyirdi ki, bu da yaranmış vəziyyəti düzgün qiymətləndirməməyin, dövlət quruculuğu məsələlərinə naşı münasibətin nəticəsi idi. Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və silahlı qüvvələrin yaradılması haqqında qanunun icrası hər vəchlə ləngidilirdi. Hakimiyyəti silahlı çeviriliş yolu ilə ələ alan AXC-Müsavat cütlüyü də nəinki hərbi quruculuq, ümumən, dövlətçilik ənənələrinin bərpası, dövlət qurumlarının formalaşdırılması məsələlərində diletantlıqdan uzağa gedə bilmədi və çox tezliklə ölkəni ağır bəlalara düçar etdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan adamların Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilməsi orduda şəxsi mənafelərin önə çəkilməsinə şərait yaradır, peşəkar zabit kadrlarının sıradan çıxarılması ilə nəticələnirdi. Beləliklə də Qarabağda lokal silahlı toqquşmalar əsil müharibəyə çevrildi, torpaqlarımızın işğalı sürətləndi, ölkəni köçkünlük, qaçqınlıq, fərarilik dalğası bürüdü, separatizm meylləri digər bölgələrimizə də sirayət etdi, vətəndaş qarşıdurması, qardaş qırğını təhlükəsi yarandı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsini, dövlət quruculuğu prosesinin, o cümlədən hərbi quruculuğun başlanmasını mümkünləşdirdi. Bu dahi və müdrik siyasətçinin, dövlətimizin həqiqi banisinin və qurucusunun Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti o dövrdəki hərbi vəziyyət və ordu quruculuğu ilə bağlı acı həqiqətləri və gerçək vəziyyəti, həmçinin qarşıda duran təxirəsalınmaz vəzifələri dəqiq, aydın və müfəssəl ifadə edirdi”.
M. Quliyev bildirib ki, atəşkəs dövründə Azərbaycanda ordu quruculuğu prosesində uğurlar qazanıb: “Ulu öndər həmin dövrdə Silahlı Qüvvələrimizin bütün növlərinin daha səmərəli şəkildə yenidən təşkili və inkişafı, şəxsi heyətin sosial-məişət problemlərinin həlli, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirdi. Tarixi varislik ənənəsi əsas götürülərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun gününün Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilməsi barədə fərman imzalandı. Silahlı Qüvvələrimizin müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb”.
"Xıbırfakt.Az"