Uşaqpulu tələb edənlərə tənbəl deyən yazıçıya deputatdan CAVAB: "Bu məsələ öz həllini tapmalıdır"
Azərbaycanda son illərin ən çox müzakirə olunan mövzularından biri də uşaqpulları ilə bağlıdır.
Bu məsələ Milli Məclisin iclaslarında da müzakirələrə çıxarılsa da, hələ ki, bununla bağlı müsbət qərar verilməyib. Dünya ölkələrində bu məsələ isə ölkəmizdəkindən fərqlidir.
"Save the Children” şirkətinin uşaqpulu verən ölkələrlə bağlı hazırlamış olduğu siyahıda ən çox uşaqpulu verən ölkələrin ərəb ölkələri və Avropanın bəzi dövlətlərinin olduğu qeyd olunub.
Məsələn, BƏƏ-də uşaq doğulduğu zaman onun adına bank hesabı açılır və 18 yaşında ona 100 min dollar pul verilir. Qonşu Rusiyada isə ikinci uşağa görə 250 min rubl məbləğində "analıq kapitalı” verilir.
Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Yeni doğulan körpə zamanı həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir.
Azərbaycanda isə yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 200 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara həm də aylıq müavinət ayrılır. Azərbaycanda isə hələlik buna ehtiyac görülmür.
Son günlər uşaqpulu mövzusu yenidən gündəmə gəlib və sosial şəbəkələrdə də yenidən müzakirə mövzusu olub.
Buna səbəb yazıçı-kulturoloq Aydın Xan Əbilovun sosial şəbəkələrdə yayılan fikirləri olub. Belə ki, o uşaqpulu tələb edənlərə qarşı sərt fikirlər səsləndirib. Uşaq pulu tələb edənlər, heç bir iş görməyən, tənbəl, bütün günü yatan, beyni işləməyən insanlardır. Yataqdan çıxmırlar, beş-altı uşaq doğurlar. Onun əzabını isə çalışan adamların çiyninə yükləyirlər”
Bəs, Azərbaycanda uşaqpulu məsələsi necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AZXEBER.COM-a verdiyi açıqlamada uşaqpunun bərpasının tərəfdarı olduğunu bildirib:
"Uşaqpulu məsələsi həmişə gündəmdə olub. Bu, çox ciddi məsələdir və mütəmadi olaraq bu məsələyə biz toxunuruq. Düzdür, dövlət tərəfindən müəyyən yardımlar edilir, müəyyən müavinətlər verilir. Amma bunlar ünvanına çatmaqda müəyyən problemlərlə üzləşir. Amma uşaqpulu elədir ki, birbaşa uşaqların sayına uyğun onların ünvanına verilir. Ona görə də, biz bunun tərəfdarıyıq ki, Azərbayanda uşaqpulu bərpa edilsin”.
Vahid Əhmədov bu məsələnin gec-tez öz həllini tapmasının vacibliyini vurğulayıb: "Yəni bu məsələ gündəmdən çıxmayıb. Amma hələ ki, buna Sosial Müdafiə Nazirliyi müsbət rəy verməyib. Mən belə hesab edirəm ki, ümumiyyətlə bu məsələ gec-tez öz həllini tapmalıdır”.
Qeyd edək ki, uşaqpulu ilə bağlı Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında Qanununun 29-cu maddəsində belə qeyd olunur:
Maddə 29. Uşaqlara sosial yardımlar Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.