Elman Məmmədovdan şəhidlərlə bağlı etiraz: “Bu insan daha neyləməlidir ki, adına küçə olsun?”
Deputat Elman Məmmədov Milli Məclislin plenar iclasında şəhid adlarının əbədiləşdirilməsilə bağlı məhdudiyyətlərin olmasına etirazını bildirib.
Məlumata görə deputat bildirib ki, cəmiyyətdə narazılıq yaradan hal var:
“Bunlardan biri Nazirlər Kabinetinin qərarı ilə şəhid olan övladlarımızın orden, təltif edilmə məsələsidir”.
E.Məmmədov qeyd edib ki, şəhidlər canını vətən uğrunda qurban verib və şəhidlik zirvəsinə ucalıblar: “Şəhidlikdən yüksək zirvə yoxdur. Bu insan daha neyləməlidir ki, adına küçə olsun? Biz niyə ayrıseçkilik etməliyik? Niyə düşünməliyik ki, bu şəhidin ordeni, təltifi olduğundan onun adına küçə vermək olar, amma digəri təltif edilmədiyinə görə, onun adına küçə vermək olmaz. Məncə, bu düzgün yanaşma deyil”.
Deputat eyni zamanda bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələnlər də diqqətə alınmalıdır: “Bu məsələdə fərq qoymaq olmaz. Hamısı vətən uğrunda canından keçsin. Onlar fərqləndirilməməlidir”.
E.Məmmədov şəhidlərə məmur biganəliyindən də bəhs edib: “Mən bəzən bir sıra icra başçılarına zəng edib özüm danışmışam. Bildirmişəm ki, sizin rayonun filan kəndlərində şəhid məzarı var, heç xəbərləri yoxdur. Gedib onların məzarlarını ziyarət etməyiblər. Məzarlar da baxımsız vəziyyətdədir. Hərəsi də bir cür bəhanə gətirir. Belə münasibət dəyişməlidir”.