azia.az
azia.az

Evdə müalicə alan “korona” xəstələri nələrə diqqət etməli...

28-10-2020, 12:31

Evdə müalicə alan “korona” xəstələri nələrə diqqət etməli...

Adil Qeybulla: “May ayında müalicəyə yanaşma ilə indikinin arasında xeyli fərqlər var”.
Son bir neçə həftədir ki, Azərbaycanda da koronavirusa yoluxanların sayında sürətli artım müşahidə olunur. Belə ki, ölkədə virusa yoluxanların sayı son bir həftədə 500-900 arası dəyişməkdədir. Oktyabrın 27-də ölkədə koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azia.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVİD-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 768 nəfərdir. Ötən müddət ərzində 1 milyon 308 min 048 test aparılıb.

Mütəxəssislər qeyd edir ki, virusa yoluxma sayının sürətlə artmasının əsas səbəblərindən biri vətəndaş məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməmək və mövsümün dəyişməsi ilə bağlıdır.

Ölkədə yoluxma sayının artmasını nəzərə alaraq, bir çox ekspertlər karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qərarların qaçılmaz olacağını bildirirlər. Təəssüf ki, mövcud karantin qaydalarına da əməl olunmadığının şahidi oluruq. Aparılan reydlər nəticəsində təkcə son bir həftədə çoxlu sayda kafe və restoran sahiblərinin, eyni zamanda vətəndaşların karantin qaydalarını pozduğu aşkarlanıb. Məhz həmin məsuliyyətsiz şəxslər ucbatından bu gün həm onların yaxınları, ailə üzvləri, həm də yüzlərlə insan virusa yoluxmaqdadır.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Azia.Az”a danışıb: “Son zamanlar vətəndaşların məsuliyyətsiz davranışları ucbatından koronavirusa yoluxmaların sayı sürətlə artmaqdadır. Lakin bu təkcə bizim ölkədə deyil, bütün dünya üzrə nəzərəçarpan tendensiyadır. Ekspertlər hesab edir ki, virus özünün ikinci mərhələsini yaşayır. Yəni ikinci mərhələyə daxil olub. Virus mutasiyaya uğrasa da, yoluxuculuq qabiliyyətini saxlayır. Bunu Avropa ölkələrində virusun tüğyan etməsi də sübut edir. Bizdə də çoxları karantin qaydaları, davranışlarını qulaqardına vurur. Maska taxmaq istəmir, əllərin gigiyenasına fikir vermir, məsafə gözləmirlər.

Unutmaq olmaz ki, xəstəliyin mənbəyi məhz insandır. Xəstə insandan uzaq dayanmaq, ondan yoluxmamağa çalışmaq lazımdır. Bunun üçün də qeyd etdiyim kimi, ən əlçatan karantin davranşları hesab olunan - mütəmadi olaraq əllərin dezinfeksiya edilməsi, maska taxılması, məsafə saxlanması çox vacibdir".

Qeyd edək ki, koronavirusa yoluxmuş xəstələrin bir çoxu simptomlarından asılı olaraq ev şəraitində müalicə alır. Yəni xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir. Bəs evdə müalicə alan koronaviruslu xəstələr nələrə diqqət etməlidir?

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı.

Adil Qeybulla bu məsələ ilə bağlı da tövsiyələrini bildirib: “Təbii ki, bütün koronaviruslu xəstələr üçün xəstəxanalarda yer yoxdur. Bunun üçün əsasən ampulator müalicə nəzərdə tutulur, necə ki, əvvəlki etapda, yəni may ayında həyata keçirilirdi. Həmin ambulator yardım sistemi ilə daha yüngül xəstələr seçilib, ev şəraitində müalicə olunurlar. Lakin unutmaq olmaz ki, ilk müalicə də həkim nəzarəti altında olmalıdır. Yoxsa ki, ”qonşudan, tanışdan resept aldım müalicə elədim" kimi bu şəkildə müalicə olunmaq olmaz. Təəssüflər olsun ki, bu cür müalicə əksər hallarda xəstələrin vəziyyətini ağırlaşdırır. Qeyd edim ki, may ayında müalicəyə yanaşma ilə indikinin arasında xeyli fərqlər var. Məsələn, artıq aydın oldu ki, “Remdesivir” adlı dərman preparatının, ümumiyyətlə, təsiri yoxdur. Beləliklə, bəzi dərmanları boş-boşuna bədənə qəbul etmək əhəmiyyətsizdir. Bu baxımdan da diqqətli olmaq lazımdır. Bütün müayinə, müalicə prosedurlarının hamısı qeydiyyatdan keçməli, həkim nəzarətində olmalıdır".

Qeyd edək ki, evdə müalicə alan vətəndaşlar da dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

Sahə həkimləri koronavirusa yoluxmuş evdə müalicə alan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməlidirlər, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verir. Xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.

Mütəxəssislər həmçinin qeyd edir ki, evdə müalicə alan şəxslər mütləq ayrıca bir otaqda izolyasiya olunmalıdır. Həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməli, bununla da həm özlərini və ətrafdakıları yoluxmadan qorumuş olurlar. Tibbi maska hər iki saatdan bir dəyişdirilməlidir. Evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidir. İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. Xəstələrə və onlarla eyni evdə yaşayanlara vitaminlərlə zəngin pəhriz tövsiyə olunur.

Xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin toxunduğu əşyalar mütləq dezinfeksiya olunmalıdır. Xəstənin yaşadığı ev xlor tərkibli mayelərlə təmizlənməli, paltarları isə ayrıca olaraq 60-90 dərəcədə yuyulmalıdır. Həmçinin otaqları tez-tez havalandırmaq da tövsiyə olunur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib.

Həmin müraciətdə deyilir: “Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi