Korrupsionerləri “siyasi məhbus” edən təşkilat parçalandı-müdhiş faktlar
Elşən Həsənov: “Onlar pul veriblər...”
Siyasi Məhbusların Müdafiəsi Mərkəzi (SMMM) parçalanıb. Buna qurumun və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev və Oqtay Gülalıyev arasında bu günlərdə yaşanan gərginlik səbəb olub. Musavat.com-a daxil olan məlumata görə, gərginliyin kökündə hər iki şəxsin siyasi məhbus adı altında Avropadan aldıqları maliyyə vəsaitlərini bölüşdürə bilməmələri durur.
Artıq SMMM üzvlərinin bir hissəsi siyasi məhbuslarla bağlı yeni bir təşkilat yaradıblar. Belə ki, Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev (Azərbaycan Ziyalılar Birliyinin sədri) və Hilal Məmmədov (“Tolışi Sədo” qəzetinin baş redaktoru) birləşərək “Siyasi Məhbuslara Azadlıq” ittifaqını yaradıblar. O.Gülalıyevin rəhbərlik etdiyi dəstə isə SMMM çərçivəsində fəaliyyətlərini davam etdirir.
E.Həsənov “Yeni Müsavat”a açıqlamasında yeni təşkilat yaratmalarının səbəblərini açıqladı: “Oqtay Gülalıyev ”Avropa işi"ni yazmışdı. Ora bir neçə nəfərin adlarını daxil etmişdi. Hansılar ki, onların həbsində, təqibində siyasi motiv yox idi. Məsələn, Elşad Abdullayev və Riyad Əliyev kimi şəxslərin adları siyahıya salınmışdı. Məndə olan məlumata görə, bu şəxslərə hətta Avropada dələduzluqla bağlı cinayət işi açılıb. Onlar bizə müraciət etdilər ki, adlarını siyahıya salaq. Biz bunu qəbul etmədik. Oqtayı da məlumatlandırdıq ki, bu şəxslərin adları siyahıda olmayacaq. Siyahı ciddi bir sənəddir. Orada gərək hər şey uyğun olsun. Oqtay bu şəxslərin hamısının adlarını siyahıya daxil etdi. Nəticədə xaricdə oturub bu sənəddən oturum almaq üçün istifadə etməyə başladılar. Biz də buna etiraz edib, bir neçə sayt vasitəsilə bildirdik ki, o sənədi qəbul etmirik. Təşkilatda hər hansı bir qərar, sənəd ümumi razılıqla qəbul olunmalıdır. Oqtay bu şərtlərə əməl etmədi. Facebookda lazımsız statuslar da yazdı. Xəbərdarlığımıza əhəmiyyət verilmədiyi üçün biz ölçü götürdük, Oqtayın adını siyahı yazmaqdan çıxardıq. Mənə konkret olaraq Almaniya və bir sıra ölkələrdən yazdılar, xahiş etdilər ki, adlarını siyahılara salaq. Çoxları siyasi partiya üzvləri idi və bir çoxunu tanıyıram. Elşad Abdullayev və Riyad Əliyevlə bağlı söz-söhbətlər yarandı ki, onlar pul veriblər, qarşı tərəf də onların adlarını siyahılara salaraq öhdəlik götürüblər. Adımız ləkələnməsin deyə onlardan kənarda qalmağa qərar verdik. Bizə də pul təklifləri olur. Amma bu təklifi qətiyyən qəbul etmirik. Xatırlayırsınızsa, ötən il mətbuatda, o cümlədən sizin qəzetdə və facebookda xəbərlər getmişdi ki, həbsdə olan Cahangir Hacıyev adının siyahıya salınması üçün bir milyon pul təklif edib. Belə bir təklif olubsa, mənə olmayıb. O zaman təkliflər bu oldu ki, onun adını siyahıya daxil edək. Biz də o zaman bunun qəti şəkildə əleyhinə çıxdıq. Bizim siyahıda oliqarxların, narkomanların adları ola bilməz. Yeni təşkilatımızın hazırlayacağı siyasi məhbus siyahısı da bu cür olacaq. Biz çalışırıq ki, çirkli işlərdən kənar olaq. Pul məsələsini çox eşitmişəm. Amma onu deyə bilmərəm ki, bu pul Oqtaya təklif olunub, o da götürüb. Əslində o, pis bir insan deyil. Lakin bu heç nəyi dəyişmir, siyasətə aidiyyəti olmayan şəxslərin adlarının siyahılara salınmasına susa bilmərik. Elşad Abdullayevin yaxın qohumu olan Mübariz Abdullayevin adını 4-5 il əvvəl Oqtay siyahıya daxil etmişdi. Biz onun adını yaxınlarda siyahıdan çıxardıq. Oqtay bizə sübut etməyə çalışırdı ki, Elşadın yaxınlarına burada təzyiqlər olur. Mənim də hər hansı bir qohumum qəza törədib həbs edilə bilər. İndi deyim ki, o siyasi məhbusdur? Elşad Abdullayev, Riyad Əliyev və eləcə də onlarla insanlar zamanında ölkəni dağıdırdılar, rüşvətxorluq, korrupsiya ilə məşğul olurdular, indi onları siyahıya alaq? Bu cür halları yaşamamağımız üçün yeni bir təşkilat yaratdıq".
H.Məmmədov isə bunları dedi: “Oqtay bəylə aramızda müəyyən fikir ayrılıqları olsa da, biz qarşılıqlı sağlam münasibətlərimizi davam etdiririk. Burada hər hansı bir pul məsələsi yoxdur. Sadəcə olaraq, siyasi məhbusların hüquqlarının müdafiəsi və azadlığı naminə daha real addımların atılması naminə yeni təşkilatın yaradılmasına ehtiyac duyduq”.
Cavanşir ABBASLI,