Azərbaycanın “Rusiya NATO”suna qoşulmasının tək şərti
Ekspertlərə görə, öncə Ermənistan qoşunları torpaqlarımızdan çıxarılmalıdır
Dünən Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın müdafiə nazirliklərindən olan nümayəndə heyətləri, təşkilatın baş katibi Nikolay Bordyuja, Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iştirak edib.
Bu arada Rusiyanın Azərbaycanı KTMT-yə (ona “Rusiya NATO-su” da deyirlər) üzv görmək istədiyi və bu istəyini yaxınlarda rəsmi Bakının nəzərinə çatdırdığı haqda xəbərlər yayılıb. Avqustun 8-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya səfəri, bu səfərdən 4 gün sonra-avqustun 12-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Rusiyaya işgüzar səfərə getməsi, bundan iki gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya gəlişi belə xəbərlərin təsadüfi ortaya çıxmadığı qənaətini yaradır.
Əgər deyilənlər doğrudursa, Rusiya Azərbaycanı KTM-yə qoşmaq istəyirsə, Ermənistanın həmin təşkilatda olması və işğal davam etdikcə Azərbaycanın KTMT-yə üzv olması mümkündürmü?
Sülh və Konfliktlərin Həlli Mərkəzinin sədri Elxan Mehdiyev öncə xatırlatdı ki, Azərbaycan vaxtıilə KTMT-nin üzvü olub və 1999-cu ildə oranı tərk edib. Lakin indi hakimiyyətin KTMT-yə üzvlüyə razılıq verməsi gözlənilən deyil: “Azərbaycanın rayonları yenicə işğal olunmuşdu. 1993-cü ilin ikinci yarısı - Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra yeni hakimiyyət KTMT-yə üzv olmuşdu. 1999-cu ildə isə çıxmışdı. İndiki dönəmdə mən düşünmürəm ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayınca Azərbaycan Ermənistanın da üzv olduğu hərbi bloka-KTMT-yə daxil olsun. Öncə torpaqlarımızdan Ermənistan qoşunları çıxarılmalıdır ki, KTMT-yə üzvlüyün ən azından bir məntiqi olsun. Yoxsa Azərbaycanın oraya daxil olması mümkün görünmür və heç bir məntiqə uyğun gəlməz. Bunun üçün isə Rusiya Ermənistana Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmaq üçün təsir və təzyiq etməlidir ki, Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etmiş olsun. Rusiya Azərbaycanı KTMT-də görmək istəyirsə bunu etməlidir”.
Politoloq Qabil Hüseynli də rəsmi Bakının indiki vəziyyətdə KTMT-yə üzvlüyə razılaşacağına inanmır: “Dağlıq Qarabağ problemi həll edilməyincə, Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyincə, Rusiya bu məsələlərlə bağlı ciddi və real töhfə verməyincə, Azərbaycan nəinki KTMT-yə, heç Avrasiya İttifaqına da daxil olmamalıdır. Azərbaycan nəyə görə və hansı məntiqlə Ermənistanın üzv olduğu hərbi bloka-KTMT-yə girməlidir?! Torpaqlarımızı işğalda saxlayan Ermənistanın təhlükəsizliyini qorumağı belə çıxır ki, öz üzərimizə götürəcəyik?! Axı bu, mümkün deyil. Öncə torpaqlarımızdan erməni qoşunlar çıxmalıdır. Azərbaycan üstəlik də Bloklara Qoşulmayanlar Hərəkatının üzvüdür. Azərbaycan bir hərbi-siyasi ittifaqa üzv olacaqsa, Qoşulmayanlar Hərəkatından çıxmalıdır. Azərbaycan Rusiyadan ərazi bütövlüyünün təmin olunmasına ciddi dəstək görəcəyi və real nəticələrə nail olunacağı halda, Rusiyanın projeləri olan ittifaqlara gedə bilər. Biz yalnız böyük güzəştlər hesabına o ittifaqlara daxil ola bilərik. Azərbaycan artıq beynəlxalq münasibətlərin fəal oyunçularından biridir. Dünyanın böyük beynəlxalq təşkilatlarının hamısında Azərbaycanın özünəməxsus və getdikcə güclənən xüsusi çəkisi formalaşır”.
Sivilizasiyalar və Konfliktlər Analitik Mərkəzinin sədri Əhəd Məmmədli isə bildirdi ki, Rusiya artıq neçə illərdir Azərbaycanı KTMT-yə qoşmaq istəyir və bunun yerinə Azərbaycana vədlər verir ki, guya Qarabağ probleminin həll olunmasına kömək edəcək. Azərbaycan qətiyyən belə vədlərə inanmamalıdır: “Vaxtilə MDB-yə qoşmaq üçün də bizə oxşar vədlər verirdilər. Azərbaycan MDB-yə daxil oldu, ancaq Rusiya verdiyi heç bir vədi yerinə yetirmədi.
Azərbaycan KTMT-yə qoşulsa, Qarabağ məsələsi dondurulmuş vəziyyətdə qalacaq. Uzağı, bizə 5 rayon qaytara bilərlər ki, bu da Dağlıq Qarabağda keçiriləcək referendum əvəzinə. Referendum isə Dağlıq Qarabağın Laçın və Kəlbəcərlə birlikdə tam itirilməsi deməkdir. İşğala tamam son qoyulmayınca, mən inanmıram ki, Azərbaycan hakimiyyəti KTMT-yə üzv olacaq. Bu, həm də iqtidarın balanslaşdırılmış siyasət fəlsəfəsinə tam zidd hərəkət olar. Bununla YAP iqtidarı Amerika və Avropanı özünə qarşı qaldırar. İndiki durumda hakimiyyətə bu lazım deyil”.