Deputat Türkiyədəki anti-Azərbaycançı qruplarla bağlı çağırış etdi: "Bizə atılan daş..."
“Çox təəssüf ki, Türkiyənin sosial şəbəkələrində və mediasında Azərbaycanda guya din və inanc azadlığının pozulması ilə bağlı kütləvi şəkildə məlumatlar yayılmaqdadır. Mənə elə gəlir ki, bu, bir ilkdir. Ona görə də biz bu mənbəni aydınlaşdırmalıyıq: bunu edənlər kimlərdir və kimlər tərəfindən idarə olunurlar?”
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, məsələ necə olursa-olsun, heç şübhəsiz ki, Azərbaycanın daxili işlərinə qarışmağa heç kəsin haqqı yoxdur:
“Çünki bu, müstəqil Azərbaycanın suverenliyinin məhdudlaşdırılması hesab edilə bilər və bu, qardaş ölkə ilə Azərbaycan arasındakı münasibətləri heç də yaxşı istiqamətə yönəltməz”.
Siyasətçi hesab edir ki, biz bu məsələni aydınlaşdırmalıyıq:
“Görəsən, qardaş ölkə ilə bizim aramızı vurmağa cəhd göstərənlər kimlərdir? Biz bilirik ki, Türkiyədə çoxsaylı camaatlar və təriqətlər var. Qardaş Türkiyənin onlara qarşı vaxtaşırı necə mübarizə apardığını görürük. Hazırda da Süleymaniyyə camaatı və Gülən camaatı adlandırılan qruplara qarşı mübarizə aparılır. Biz öyrənməliyik ki, bizə atılan daş bu camaatların hansından gəlir və qardaş ölkənin təhlükəsizlik orqanları bununla bağlı hansı tədbirləri həyata keçirə bilərlər ki, bu cür məsələlər qardaş ölkə ilə Azərbaycan arasındakı münasibətlərə ziyan vurmasın”, - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI