Paşinyan Putinə görə görün nəyə əl atdı – İrəvanda pərdəarxası dəyişikliklər
“Ermənistanda məmurların təyin və vəzifədən azad edilməsinin bir neçə səbəbi ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Hakobyan deyib.
“Düşünürəm ki, parlamentdə hakim qüvvənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələlər üzrə komissiya sədrliyini öz üzərinə götürməsi, Avropa İttifaqı (Aİ) ilə bağlı məsələləri isə müxalifətə verməsi real siyasətin (realpolitik) təzahürüdür. Yəni düşüncə tərzinə görə rusiyayönlü olan hakim qüvvə Rusiya ilə münasibətləri qaydaya salmağa çalışır, Avropayönlü məsələləri isə müxalifətə həvalə edir.
Hakimiyyətimiz bəyan edir ki, Aİ-yə üzvlüklə bağlı bir il əvvəl qəbul etdiyi qanun “rədd olsun” tipli bir şeydir, hansı Avropa, bizi orada kim gözləyir? Əsas məsələ Ermənistanın məhsullarının Rusiya bazarında yer tapmasıdır. Bu da real siyasətin göstəricisidir. Hərçənd bu addım bəlkə də gecikib. Elə də ola bilər ki, 300 ildir dağıldığı deyilən Rusiyanın vətəndaşları bundan sonra xiyar və əriklərini başqa ölkələrdən alsınlar”, – deyə o qeyd edib.
Jurnalist bildirib ki, Armen Qriqoryanın vəzifədən azad edilməsinə də ruslara verilən mesaj məntiqi çərçivəsində baxmaq olar:
“Halbuki Armen həmişə “yad” hakim komandanın tərkibində olub. Hətta 2020-ci il fəlakətli müharibədən sonra Baş nazirimiz onu vəzifədən azad etmək niyyətində idi. Beləliklə, əziz qərbyönümlülər, siz Ermənistanın dönməz və geri qayıtmaz şəkildə Avropaya doğru getdiyinə inanmışdınız”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim qarşısında qoymuşdu. Bu fonda İrəvanda baş verən son kadr dəyişiklikləri Paşinyan hökumətinin Moskva ilə münasibətlərində yeni mərhələyə keçid kimi qiymətləndirilir. Ermənistanın Rusiya bazarına verdiyi önəm də bu istiqamətdə diqqət çəkir.