azia.az
azia.az

Xaçaturyangil Ermənistana niyə təhvil verilib? - Deputat DANIŞDI

14-01-2026, 21:43

"2025-ci ilin avqust ayının 8-də Azərbaycanın hazırladığı mətn əsasında Ermənistan müvafiq sülh layihəsini qəbul edərək parafladı. Bundan sonra real müstəvidə sülhün əldə olunması üçün bir sıra cəsarətli addımlar atıldı. Bu, ilk növbədə Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması ilə başladı, daha sonra Azərbaycanın özünün neft məhsullarının Ermənistana satılması ilə davam etdi. Hazırda isə bu proses humanitar sferaya yönəlməkdədir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsindən danışarkən qeyd etdi.

"Biz Azərbaycanda məhkum edilən dörd erməninin Ermənistana verilməsi hadisəsinə şahidlik edirik. Bu, heç şübhəsiz ki, hər şeydən öncə Azərbaycan qanunları çərçivəsində baş verən hadisədir, yəni sırf hüquqi kontekstdə. İkincisi isə Azərbaycan dövlətinin humanizm və sülh mövqeyindən çıxış etməsi ilə əlaqədar olan bir hadisədir. Nəticə etibarilə bu cür addımlar bütövlükdə regionda sülhün əldə olunmasına yönəlikdir", - deyə o bildirdi.

Millət vəkilinin sözlərinə görə, elə bir mərhələyə qədəm qoymuşuq ki, sülhə gedən yolda artıq sonuncu akkordlar vurulacaq:

"Yəni Zəngəzur dəhlizinin, TRİPP marşrutunun işə düşməsi ilə sülh üçün daha əlverişli, daha uzunmüddətli perspektivlər yaranacaq. Bunun üçün həm də Ermənistanda sülh istəyən qüvvələrin, sülh istəyən siyasi şüurun dəstəklənməsinə ehtiyac var. Çünki onların mövqeyi əgər həlledici olarsa, sülhün daimi olması daha asanlıqla əldə edilə bilər və daha etibarlı sülhə nail olmaq mümkün olar.

Mənə elə gəlir ki, Azərbaycanın bu humanitar addımları da məhz bütövlükdə Cənubi Qafqazda sülh tərəfdarları olan siyasi düşüncə daşıyıcılarının bu inamlarını daha da möhkəmləndirməsinə xidmət edəcək. Amma ən çox da Azərbaycanın istədiyi sülhün bərqərar olmasına xidmət edəcəkdir".

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi