azia.az
azia.az

Aralıq dənizində gərginlik: İki ölkə Türkiyəyə qarşı birləşir

Bu gün, 15:35

ABŞ-nin “Demokratiyaları Müdafiə Fondu”nun hesabatında bildirilib ki, Yunanıstan və İsrail Aralıq dənizinin şərq hissəsində Türkiyəyə qarşı birlik nümayiş etdirir. Hesabatda qeyd olunub ki, ABŞ-nin Aralıq dənizi regionundakı əsas tərəfdaşlarından sayılan İsrail və Yunanıstanın əməkdaşlığı həm silah tədarükünü, həm də birgə hərbi təlimləri özündə birləşdirir.

 

Hesabatdab görünür ki, tədricən Yunanıstan və İsrail Aralıq dənizində Türkiyəyə təhdidə çevrilir.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlamasında Yunanıstan və İsrail barədə səsləndirilən fikirlərin, əslində, son illərdə Yunanıstan və İsrail arasında Aralıq dənizi hövzəsində formalaşan əməkdaşlıq mühitinin təsiri ilə bağlı olduğunu deyib. 

 

Deputat qeyd edib ki, ABŞ həm NATO-nun üzvüdür, həm də Aralıq dənizinin şərqində İsrail, Yunanıstan ilə bərabər həm də Türkiyə ilə müttəfiqdir.

 

“Hesabatda bu amilə verilən qiymətin necə olduğu məlum olmadığı üçün tam təhlil aparmaq müəyyən qədər çətindir", - deyən H.Babaoğlu bununla belə, hazırkı tarixi mərhələdə Yaxın Şərq bir seçim qarşısında olduğunu vurğuladı:

 

"Baş verən münaqişələr fonunda məncə sülh üçün də yeni imkanlar yaranır. Çünki Suriyada 13 illik müharibədən sonra nisbi sabitlik formalaşıb, HƏMAS–İsrail xəttində müəyyən atəşkəs mövcuddur, Hizbullah isə təsir gücünü itirməkdədir. Bu proseslər sülhün mümkünlüyünü artırır. Əgər bu fürsətlər reallaşdırılıb real siyasi münasibətlərə çevrilə bilsə, Yaxın Şərqin əsas oyunçuları üçün ciddi üstünlüklər yaradar. Əks halda, daha genişmiqyaslı toqquşmalar qaçılmaz ola bilər”.

 

 

H.Babaoğlu Yaxın Şərqin iki əsas aktorunun İsrail və Türkiyə olduğunu qeyd edib.

 

O bildirib ki, hər iki dövlətin Aralıq dənizinə çıxışı olduğuna görə onları dəniz vasitəsilə bir növ qonşu da hesab etmək mümkündür:

 

“Bu səbəbdən bölgənin gələcəyi böyük ölçüdə məhz bu iki ölkənin davranışlarından asılıdır. Biz həm Türkiyə–İsrail münasibətlərinin yaxınlaşdığı, dostluğa doğru irəlilədiyi mərhələləri, həm də gərginləşdiyi dövrləri görmüşük. Bu təcrübələr əsasında gələcək münasibətlərin inkişaf ehtimalını proqnozlaşdırmaq mümkündür. Nəticə etibarilə, ümid etmək olar ki, Aralıq dənizi və ümumilikdə Yaxın Şərqdə sabitlik naminə İsrail və Türkiyə ortaq maraqları uzlaşdıra biləcəklər. Bu, heç də nəzəri bir ehtimal deyil, çünki bunun üçün tarixi və praktiki əsaslar mövcuddur”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi