Sabahdan alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək.
Bu, Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Aprelində 12-də dərc edilən qərar 30 gün sonra, mayın 12-də qüvvəyə minir.
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. İndiyə qədər gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq. İndiyə qədər etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub. Dəyişikliyə əsasən sabahdan yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq.
APA