Makron Xankəndiyə “mina yolu” tələb edir: belə “vasitəçi” olmaz olsun!
Müdriklərimizin belə bir deyimi var: “Ölüsü ölən kiridi, yasa gələn kirimədi”. Mövcud situasiyanı nəzərə alıb, bu ata sözü yüzdə-yüz Fransanın boyuna biçilib desək, yanılmarıq. Ermənistanın “böyük bacısı” “həmsədr” statusu cəhənnəmə göndərildikdən sonra, 44 günlük müharibənin ilk günlərindən başlayaraq, özünü yasxanaya gəlib, üz-gözünü cıran, zorla da olsa, gözlərindən yaş çıxarıb, məclis əhlini ağladan şəxs “statusunda”dır.
Bu günlərdə Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistandakı Avropa İttifaqı missiyasının mandatının uzadılmasına çağırış etdi. “Əsas”ı da bu oldu ki, sərhəd insidentləri baş verir, bu səbəbdən missiyanın sərhəddə olmalıdır. Hansı sərhəddə? Məlum deyil. Faktiki olaraq Ermənistan və Azərbaycan arasında sərhəd məlum deyil. Fransa kimi sülhü pozmaq niyyətində israrlı olan dövlətlər davamlı şəkildə gərginliyi tətikləyirlər, erməni revanşistlərin əlinə dəstavuz verirlər. Əgər belə olmasaydı, Paşinyan çoxdan delimitasiya və demarkasiya ilə bağlı ciddi addım atmışdı. Amma baxın, Fransa “toy toğlusu” kimi ortaya düşəndən sonra Ermənistan rəhbərliyi sərhəd məsələləri ilə bağlı yaradılmış komissiyanı unudub, ancaq destruktiv fəaliyyət göstərir ki, proses uzansın. Kəlbəcər, Laçın, Zəngilan, Tovuz və digər ərazilərimizin vaxtaşırı atəşə tutulması da “sərhəd missiyası”nın mövcudluğuna “zərurət” imitasiyasının yaradılmasına xidmət edir.
Son günlər Fransada etirazlara qalxanların başına od ələyir Fransa polisi. Xankəndidəki bir ovuc quldur sərvətlərimizi talayır, terrorçuluq fəaliyyətini genişləndirir, ekologiyamıza dəhşətli zərbələr vurur, Azərbaycan polisi, xüsusi təyinatlığı hansısa əməliyyat keçirmir, kiminsə burnunu ovmur ki, Fransadakı kimi...Baxmayaraq ki, rəsmi Parisin terrorçu, PKK-çı adlandırdıqlarından yüz dəfələrlə çox cinayətlər törədib Qarabağdakı ASALA, həm də PKK tör-töküntüləri. Nədir, terrorçunun da “yaxşısı, pisi” var?! Bütün bunların fonunda Azərbaycanı “humanitar fəlakət” yaratmaqda ittiham etməy əxlaqsızlıqdır!
Rəsmi Bakının digər istəyi nədir: Zəngəzur dəhlizinin açılması, 32 ildir quru əlaqəmizin kəsildiyi Naxçıvanla gediş-gəlişin təmin edilmədi. Qarabağ ermənilərinin halına “yanan” Fransa bir dəfə Naxçıvan bölgəsinin yarım milyonadək sakininin fəlakətlər yaşadığını dilə gətirdimi, “bacı”sına dedimi ki, Naxçıvan sakinlərinə humanitar fəlakət yaratmağa son qoy?! Deməz heç vaxt, çünki bunu dilə gətirmək üçün dövlət ədaləti, vicdanı, ərkanı lazımdır...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hətta qandaşı Sergey Lavrovun sözünü yerə salıb, azərbaycanlı həmkarı ilə görüşmək təklifindən – xəbərdarlıq belə etmədən – imtina etdi, ancaq elə həmin gün Fransaya zəng etdi, gorbagor olmuş fransız “həmsədr”lə danışdı. Bu, birmənalı şəkildə sülh danışıqlarına zərbə vurmaq, gərginliyi tətikləmək və Fransanın timsalında bölgəyə yeni qüvvələrin soxulmasını təmin etmək cəhdidir. Plan Parisdə hazırlanıb, heç şübhəsiz. Azərbaycanda barəsində 4 maddə ilə cinayət işi açılan və İnterpol axtarışına verilən Arutunyan kimi canilərə dəstək verən həm də Parisdəki ermənisifətlilərdir. Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamələr, bu ölkənin Azərbaycana qarşı BMT TŞ-nin sanksiya qərarı qəbul etmək cəhdlərini usanmadan davam etdirməsi simasızlıqdır! Fransanın məram-məqsədi aydındır: təkcə Ermənistanla kifayətlənmək istəmir, həm də Qarabağa soxulmağa cəhd göstərir. Heç şübhəsiz ki, Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi barədə çağırışları tamamilə əsassızdır. Səni bura dəvət edən yoxdursa və bu hüquq birmənalı şəkildə Azərbaycan dövlətinə məxsusdursa, nə haqla mənim ölkəmə gəlmək istəyirsən? Bu cəhdlər bir daha göstərir ki, Emanuel Makron hər bir vəcdlə Azərbaycanın suveren ərazisi olan Qarabağda var olduğunu nümayiş etdirmək qəsdindədir. Fransa prezidenti Ermənistanla birgə BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadə yolunu tutub. Qarabağ ermənilərinin hər hansı humanitar fəlakətlə üzləşmədiyini görmək üçün sadəcə Laçın yolundan çəkilmiş kadrlara baxmaq kifayətdir. Gün ərzində xeyli sayda humanitar yardım maşınları keçir aksiya iştirakçılarının qarşısından, üzü Xankəndiyə, yaxud Gorusa doğru. İndiyədək heç bir insident baş verməyib, müqavimət olmayıb, erməni xəstəsini İrəvana aparır, Xankəndiyə zəruri mallarını daşıyır. Amma bu, ölkədir e, “aşsüzən” deyil, kim hansı deşikdən istəsə, keçə bilsin. Makronun ölkəsinə viza ilə səfər etmək üçün aylarla vaxt itirməli olur azərbaycanlılar. Elə isə niyə kimliyi, məramı bəlli olmayan erməni yoxlanışsız-filansız ərazilərimizə daxil olmalıdır. Niyə yoxlama-buraxılış məntəqəsi söhbət gələndə Makronun “sancısı tutur?” Əgər ermənilər dedikləri kimi ərzaq, dərman və digər zəruri mallar daşırırsa, nədən yoxlanılmaqdan qorxurlar, imtina edirlər, şivən salırlar? Niyə Bakı hava limanında azərbaycanlıların çantalarındakı dərmanların çeşidi və miqdarı yoxlanıldığı halda, Qarabağ erməniləri öz kefini sürməli, dövlət qurumları onlara söz deməməlidir? Olmaya bu toplum göydən zənbillə düşüb? Bəlkə daşıdıqları narkotikadır...Bəlkə yox, elə həm də narkotikadır + qızıl, mis, molibden... silah-sursatdır!
Azərbaycan dövləti bəyan edib ki, Laçın yolunu azərbaycanlı fəallar yox, Rusiya sülhməramlıları bağlayıb. Üstəlik, Qarabağ ermənilərinə, yəni Azərbaycanın öz vətəndaşları saydığı mülki əhaliyə hər cür humanitar dəstək verməyə hazır olduğunu bildirib, Xankəndi erməniləri üçün “Qaynar Xətt”elan edib. Makron Azərbaycanın bu addımlarından danışsın, Bakıya zəng edib kömək istəyən Qarabağ ermənilərini xilas üçün Azərbaycana dəstək yolu barədə düşünsün, əgər doğrudanmı ermənilərə acıyırsa...Amma görünən budur ki, o, sadəcə, yenidən qarışdırıb, sonra “barışdırmaq” istəyir, səsləndirdiyi qərəzli fikirlərlə sadəcə yenidən vasitəçiliyə can atır. Lakin unudur ki, “qatar” gedib, Fransa Qarabağ məsələsi ilə bağlı birtərəfli mövqeyinə görə heç vaxt vasitəçi ola bilməyəcək, yenə deyərlər, “xoruz yox idi, səhər açılmırdımı?”
Azərbaycan Fransanın da səs verdiyi BMT TŞ-nin 4 qətnaməsini elə rəsmi Parisin “vasitəsi” olduğu halda və fəaliyyətsizliyi ilə işğalı və terroru stimullaşdırdığı halda, təkbaşına təmin etdi. Bundan sonra da kimsənin köməyinə ehtiyacımız yoxdur, xüsusilə də erməni “bacı”sının...
Beynəlxalq təcrübə var, dünya cəngəllik qaydaları ilə idarə olunmur, hər hansı bir ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Faktiki olaraq Azərbaycanın Fransanın hansısa missiyasının gəlişinə razılıq vermək niyyəti yoxdur. Üstəlik də Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz. “Humanitar fəlakət” içində olan toplum ərazisində yaşadığı dövləti təhdid etməz, deyər başımızı daşa vurub, səhv etmişik, əfv edin bizi! Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir, necə ki, dəfələrlə bu, bəyan olunub. Bundan əlavə, Xankəndidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi var, bu təşkilatla əməkdaşlıq mövcuddur. Ofis əməkdaşlarının sərbəst hərəkəti bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır və Azərbaycan tərəfi Qırmızı Xaç Komitəsi ilə tam əməkdaşlıq edir. Elə son günlərdə humanitar yük daşıyan maşınları məhz Komitə əməkdaşları müşayiət edir, yaxud da uşaqlı qadınlar, xəstələri...Deməli, hər hansı bir çətinlik yaranarsa, Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib, Makron gözlərini açıb yaxşı-yaxşı baxsın və saxta göz yaşlarına bir az ara versin...
Artıq iki həftədir Laçın yolu ilə ərazilərimizə 2021-ci il Ermənistan istehsalı olan MİNA daşınmır! O mina ki, partlaması səbəbindən müharibədən sonra 276 hərbçimiz və mülki vətəndaşlarımız qurbanına çevrilib! Makronun vətəndaşlarının ayağı altında mina partlasaydı, belə ədalətsiz davranmazdı...
Görünən budur ki, Fransa prezidenti Xankəndiyə “humanitar” yox – yazdığımız kimi, bu yol var və fəaliyyətdədir – mina yolu tələb edir, Ermənistan istehsalı olan 2022-ci il istehsalı olan ölüm tələlərinin daşınmasının əngəllənməsindən əndişələnir...Belə “vasitəçi” olmaz olaydı!
Elşad Paşasoy,
Musavat.com