azia.az
azia.az

Fransanın Ermənistandakı səfiri yenə biz tərəfə “banladı” - Bakı xəbərdarlığını edib

12-03-2022, 17:45

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirmək arzusundadır”. Bu barədə Fransanın Ermənistandakı səfiri Ann Luyo “Armenpress”ə müsahibəsində bildirib. Lakin diplomat onu da söyləyib ki, Azərbaycan Minsk Qrupunun həmsədrlərinin işinə mane olduğu üçün Paris Avropa İttifaqı vasitəsilə Ermənistan-Azərbaycan dialoqunu təmin etmək üçün başqa yollar tapmağa çalışır.
Fransanın Ermənistandakı səfiri yenə biz tərəfə “banladı” - Bakı xəbərdarlığını edib
Qeyd edək ki, az öncə Fransa prezidenti E.Makaron İlham Əliyevə göndərdiyi məktubda da Minsk Qrupunun adını çəkmişdi. Həmçinin Paşinyanın hazırda davam edən Fransa səfəri zamanı tərəflər “Dağlıq Qarabağ konfliktinin yekun və ədalətli həlli zəruriliyi”ndən dəm vurub, həmsədrlərin fəaliyyətinin bərpasına çağırış ediblər. Bu bəyanatlarda məqsəd nədir?

Xatırladaq ki, yerli telekanallara son müsahibəsində Azərbaycan Prezidenti demişdi ki, biz həmsədrlərin təzədən “Qarabağ məsələsi” ilə məşğul olmasına imkan verməyəcəyik, çünki bu məsələ artıq bitib, özlərinə ayrı iş tapsınlar. Hətta dövlət başçısı Minsk Qrupunun “pensiya yaşına”çatdığını da ironiya ilə bildirmişdi. Bütün bunlardan sonra yenidən bu mövzunu açıb-ağartmaqla nəyə nail olmaq istəyirlər, anlaşılmır. DİA.AZ-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistanın beynəlxalq səviyyədə apardığı siyasətin hədəfi budur: “ATƏT-in Minsk Qrupunu yenidən diriltmək. Onlar bu fikirdədirlər ki, Azərbaycanla əlaqələri və diplomatik münasibətləri qurmaqdan, barışa nail olmaqdan öncə Qarabağın dağlıq hissəsində Rusiyanın geri qaytardığı əhaliyə hər hansı beynəlxalq status almaq lazımdır. Bunda da ən maraqlı olan ölkə kimi Fransanı görürlər. Fransa hər hansı formada olur-olsun özünü bu məsələyə daxil etmək istəyir. Amma erməni və fransız arzusu bu işin reallaşması üçün yetərli deyil və Ermənistan beynəlxalq qurumlara, ölkələrə də baş vurmaqdadır. Azərbaycan bu məsələnin həll olunduğunu, Dağlıq Qarabağ probleminin olmadığını açıq söyləyir, amma Fransa kimi erməni yanlı ölkələr yenə öz məkrli anti-Azərbaycan siyasətlərini davam etdirirlər”.

Q.Çaxmaqlı hesab edir ki, bu mənada irəlidəki vaxtlarda Azərbaycana basqılar olacaq: “Azərbaycan hər hansı məsələni müzakirə edə bilər. Amma Minsk Qrupu əvvəlki formatda Azərbaycana məsləhətlər verə bilməz. Bu qurumun illərcə apardığı siyasət də, onun təklif etdiyi prinsiplər də iflasa uğradığından, yeni bir təkliflə ortaya çıxması Azərbaycanın maraqları baxımından qəbiledilən deyil. Makron kimi birisinin dediklərinə də əhəmiyyət verməməliyik. Ermənilər yaşayan ərazilərdə hər hansı problem varsa, onu vaxtında həll etmək iradəmiz Minsk Qrupunun yeni basqılarını önləmək üçün əsas ola bilər. Burada yaşayan erməni əhalinin məsələsi bizim sorunluğumuz daxilindədir. Onu da özümüz həll etməliyik. Oradakı ermənilər ya Azərbaycan qanunları ilə yaşamalıdır, ya da buranı tərk etməlidir. Məsələ bu qədər bəsitdir”.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Fransanın ümumiyyətlə demokratiyadan, insan haqlarından fikir bildirməyə, hansısa danışıqlarda və konfliktlərdə söz deməyə haqqı yoxdur: “Hazırda Fransanın özündə demokratiya və insan haqları ilə bağlı ciddi problemlər var. Son illər ölkədə fərqli fikirlərə qarşı total dözümsüzlük hökm sürür. İslamafobiyanın Avropada ən çox yayıldığı bölgələrin başında Fransa dayanır. Fransada 2021-ci ildə məscidlərin qapadılmağı kuliminasion həddə çatdı. O vaxt Fransanın daxili işlər naziri Jerald Darmanen bildirmişdi ki, bu yaxınlarda 99 məsciddə yoxlamalar keçirilib. Guya təftiş zamanı 21 məsciddə ekstremizm əlamətləri aşkar edilib. Məscidlərin qapadılması qərarı Fransa hökumətinin islam mərkəzlərinin bağlanması ilə bağlı verdiyi çoxlu qərardan sadəcə biridir. Bu gün Qərbdə müsəlman əhalinin artımı əsas reallıqlardan biridir. ”Avrostat"ın proqnozlarına görə 2010-2060-cı illər ərzində Avropa İttifaqında 16 milyon nəfər əhali artacaq. Həmin dövr ərzində immiqrasiyanın hesabına 86 milyon nəfər düşür ki, bu da ümumi əhalinin 17%-dir. Avropada təqribən 60 milyon müsəlman yaşayır. Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında doğum hallarının artması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq. İslam dəyərləri artıq Avropa əhalisinin müəyyən bir hissəsinin azad seçimidir və Qərbin dəyərlər sisteminə daxilində bu amilin qəbul edilməsi zamanın tələbidir. İslamafobiya meyllərinin güclənməsinin əsas səəblərindən biri budur. Lakin özəlliklə Fransa ərazisindəki erməni lobbisinin təhrikləri ilə Fransa bu vəziyyətdən çıxış yolunu fərqliliklərə dözümsüzlükdə görür. Eyni zamanda tolerantlıqdan və dözümlülükdən dəm vuran Fransanın “sarı jiletlər” və digər aksiyalarda nələr etdiyi bütün dünyaya bəllidir. Belə bir qərəzli ölkənin bu gün Azərbaycan əleyhinə nəsə danışmaq haqqı yoxdur".

T.İsmayılov qeyd etdi ki, Fransa hələ Əlcəzair hadisələrinə görə cavab verməyib: “Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bütün əməlləri özünə rəva bildi. Məqsəd bir fransız Əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1 milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. Təbii ki, fransızların bölgəyə köç etməsi əlcəzairlilərin öz vətənində çətin vəziyyətə düşməyinə səbəb oldu. Bu vəziyyət Əlcəzairdən Fransaya tərsinə bir köç hərəkəti başlatdı. Fransızlar əslində beləcə istədiklərini əldə etməyə başlamışdı. I Dünya müharibəsində sonra Əlcəzairdə fransız istilasına qarşı milli mübarizə başladı. II Dünya müharibəsinin başlaması Əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa əlcəzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi. Fransa Türkiyəni uydurma erməni yalanları ilə ”təhdid etmək" yerinə Əlcəzairə görə özünü təcrid etməlidir bir çox məsələdən.

Bundan başqa Fransada kifayət qədər erməni yaşayır. Fransadakı ermənilər diaspora işlərində çox fəaldırlar. Onlar öz dezinformasiya hücumlarında bir an olsun fasilə vermirlər. Nəticədə, Fransada seçkilər ermənilərin rəyini önəmli hesab edən siyasi oyunbazların ortaya çıxmağına səbəb olur. Fransa siyasi elitasındakı şəxslər və diplomatlar erməni lobbisinin maliyyə rıçaqları və dəstəyinə yalvarışlarla möhtac qalırlar sanki. Erməni lobbisindən asılı olan siyasətçidən, lobbidən biz başqa hansı addım gözləyə bilərik ki? Fransada hətta namizədlər də tez-tələsik Ermənistana qaçırlar, Pekres kimi ədalətsiz siyasi fiqurlar isə hətta Xankəndiyə qanunsuz “səfər etməyi” unutmurlar. Bu baxımdan, belə biryanlı, haqsız, siyasi stabilliyi olmayan ölkənin hansısa bir formada dünyanın digər coğrafiyalarında baş verən hadisələr haqqında fikir bildirmək haqqı yoxdur".

Ekspert bildirdi ki, Fransanın Ermənistandakı səfiri siyasi etikası olmayan simadır: “Fransanın Ermənistana təyin etdiyi səfirlər də bir qayda olaraq erməni lobbisinin arzuladığı simalar olur. Ann Luyo ümumiyyətlə daha əvvəl də özünü qeyri-peşəkar aparırdı, verdiyi açıqlamalar diplomata yaraşmayan primitiv ermənipərəst mövqeni əks etdirir. Fransanın Ermənistandakı səfirinin bəyanatı birmənalı olaraq Makronun daha əvvəlki çağırışlarının davamıdır. Eyni zamanda Ermənistanın dələduz baş naziri Nikol Paşinyan da tez-tez Minsk Qrupu ilə bağlı sərsəm ”fikirlər" səsləndirir. Ann Luyonun bu danışıqları da təsadüfi deyil deyə düşünürəm. Burada məqsəd aydındır. Fransa görür ki, Azərbaycan qələbə qazandıqdan sonra regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqları qəbul etməyən Fransa Türkiyə və Rusiyanın regiondakı fəallığını həzm edə bilmir. Fransa Minsk Qrupu vasitəsiylə yenidən Ermənistana dəstək olmaq üçün yollar axtarışında olduğunu göstərir. Bundan sonra Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. 30 illik işğal dövründə Minsk Qrupu öhdəliyinə düşənləri etmirdi. Hamıya bəllidir ki, Ermənistan məhz Fransanın dəstəyinə görə Minsk Qrupunu yenidən dirçəltmək istəyir. Fransa da yaxşı anlayır ki, Azərbaycan bundan sonra fəaliyyətsiz və lazımsız Minsk Qrupunu boş səfərlərə çağırası deyil. Azərbaycan beynəlxalq hüququ bərpa edib. Fransa əgər normal sivil bir ölkə olsaydı beynəlxalq hüququn yanında yer alardı. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyi faktından sonra erməni hamisi rolunda çıxış etmək yerinə daha rasional və bütövlükdə qlobal məkanın xeyrinə addımlar atardı. Fransanın addımları bir qayda olaraq erməni faşizmini təşviq edir. Ermənistanın dezinformasiya şıltaqlıqları Fransanın dəstəyi ilə çərçivələrini aşır. Boşuna deyil ki, Yelisey sarayı durduq yerə öz Tvitter hesabında bir daha Ermənistan adlı vintciyinə “sədaqətini” ifadə edərək daim onlara dəstək olacaqlarını bildirib. Fransa Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı öz kukla əlaltısı olan Ermənistana təzyiqlər edə bilər. Normal demokratik dəyərlər olan bir ölkə olsaydı, Ermənistanın illərdir saysız azərbaycanlının hüquqlarını pozmaq faktını qəbul edər və Ermənistandan cavab istəyərdi".

Politoloqun sözlərinə görə, bu gün Rusiya da, ABŞ da yaxşı başa düşür ki, Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac qalmayıb: “Müharibədən sonrakı danışıqlar Rusiya vasitəçiliyi ilə həyata keçirilir. Soçi və Moskva Bəyannamələri imzalanıb. Eyni zamanda Aİ Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə görüşlər keçirilib, Brüssel Bəyanatı var ortada. Belə olan təqdirdə Minsk Qrupunun yenidən aktuallaşırılması həm də Ermənistanın öhdəliklərdən yayınmaq və manevr etmək imkanlarını genişləndirir. Fransa bu tip açıqlamalarla Aİ Şurasının fəallığını da kölgə altına almaq istəyir. Eyni zamanda Fransada o qədər dərin Türkiyə nifrəti var ki, Türkiyənin maraqlarını ehtiva edən istənilən bəyanat və adi bir fikir belə onları narahat edir. Halbuki, Azərbaycan və Türkiyə bu günə kimi beynəlxalq sülhə töhfə verib. Eyni zamanda vaxtında Minsk Qrupunda Türkiyənin mövcudluğuna etiraz edən Fransa özü Minsk Qrupu çərçivəsində heç vaxt həqiqətin yanında yer almayıb. Mənə görə bütün bu boğazdan yuxarı ”çağırışların" heç bir siyasi dəyəri yoxdur. Azərbaycan qalib tərəf kimi ədaləti bərpa edib, haqqın yanında yer alıb. Bizim mövqeyimiz qlobal nizamın, sülhün təminatıdır. Azərbaycan Cənubi Qafqazın ən önəmli ölkəsidir. Bu regionun lideridir. Fransa və qlobal erməni havadarları bu reallığı nə qədər tez qəbul etsələr, o qədər də regionun imkanlarından yararlana biləcəklər" .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi