Paşinyan niyə müharibə anonsu verdi? - "Fərz elə ki, cibində 100 manatın var..."
Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, politoloq Zərdüşt Əlizadə Gündəm.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
-Zərdüşt bəy, Azərbaycan ATƏT Minsk Qrupunun xidmətlərindən imtina etsə də, zaman-zaman həmsədr ölkələr bu institutun fəaliyyətini bərpa etmək niyyətlərini ortaya qoyub. Sonuncu belə niyyəti ABŞ tərəfi ifadə edib. Vaşintqonun burada məqsədi nədən ibarətdir?
-Minsk qrupunun vəzifəsi Qarabağ münaqişəsini tənzimləmək, həll etmək deyil, 3 imperialist ölkənin Cənubi Qafqaz üzərində təsir rıçaqlarını təmin edməkdir. 44 günlük müharibədən sonra bu təsir və təzyiq mexanizmi yoxa çıxıb. Yeganə Rusiyadır ki, onun bölgəmizə təsir imkanları qalıb. Fransa və Amerika bu imkanlarını itiriblər. Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirib. İndi Azərbaycan tərəfi açıq şəkildə bəyan edib ki, Minsk qrupunun xidmətlərindən istifadə etmək istəmir. Minsk qrupu bizə lazım deyil. Odur ki, məsələni bitmiş hesab etmək olar.
-Qeyd etdiniz ki, regiona təsir imkanı olan yeganə ölkə Rusiyadır. Ötən gün də Rusiya Prezidenti Putinlə erməni baş nazir Paşinyan arasında telefon danışığı olub və tərəflər Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər. Rusiyanın Cənubi Qafqaza bu qədər diqqət göstərməsində məqsədi nədir?
-Görünən odur ki, Rusiya bölgədəki hegemonluğunu qoruyub saxlamaq istəyir. Baxmayaraq ki, o, Ukraynada müharibə aparır, dünyanın təzyiqlərilə, sanksiyaları ilə üzləşib, amma qonşu ölkələrin siyasətlərinə müdaxilə etməyi də unutmur. Rusiya, xüsusilə, keçmiş MDB ölkələri üzərində nüfuzunu saxlamağa çalışır. Rusiya istəyir ki, bölgədə yeganə təsir imkanı olan ölkə Rusiya olsun. İndiki format Moskvaya sərf edir. Təkbaşına hər şeyə nəzarət edir. Azərbaycan istəmir ki, Rusiya bölgədə əsas söz sahibi olsun. Bakı Rusiya ilə münasibətləri korlamır, qarşıdurmaya getmir. Amma yavaş-yavaş öz siyasətini qabağa aparır, maraqlarını təmin edir.
-Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan yenidən müharibəyə hazırlaşır. Bu, nə dərəcədə ağlabatan yanaşmadır?
- Azərbaycan niyə müharibəyə hazırlaşmalıdır? Boş və mənasız yanaşmadır. Onsuz da biz istədiyimizi əldə edirik. "Pişim-pişimlə" digər problemləri də yoluna qoyacağıq. Azərbaycanın öz ərazisində həll edə bilməyəcəyi məsələ yoxdur. Müharibəsiz, qansız-qadasız bütün ərazilərimizə nəzarəti təmin edəcəyik. Bizə müharibə lazım deyil.
-Azərbaycanın Laçından kənarda Ermənistana yol çəkməsi həm İrəvanda, həm də Xankəndi erməniləri arasında ciddi narahatlıq doğurub. Siz yeni yolun əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Yeni yolun Azərbaycan üçün ən böyük əhəmiyyəti odur ki, Laçın şəhəri və bir neçə kənd bizim nəzarətimizdə qalacaq. Rus sülhməramlıları indi Laçın yolunda necə oturublarsa, yeni yolda da elə oturacaqlar. Təhlükəsizliyə yenə də nəzarət edəcəklər. Ermənilər üçün də yeni yolun üstünlüyü var. Təzə və hamar yoldan istifadə edəcəklər. Niyə narahat olurlar ki… Özünü Qarabağdakı ermənilərin lideri adlandıran cinayətkar Araik də bildirdi ki, onların bu layihəyə qarşı çıxmaq imkanları, gücləri yoxdur. Hətta belə ifadə işlətdi ki, Azərbaycan onun evindən nə vaxt çıxıb kabinetinə nə vaxt girməsini də izləyir.
-Azərbaycanın yeni yolda gömrük və sərhəd məntəqəsi tikəcəyi qeyd olunur…
-Bəli, bu çox normaldır. Postu öz ərazimizdə qururuq, özgənin ərazisində deyil. Üçtərəfli razılaşmada Mehri yolunda (Laçın dəhlizi – red) təhlükəsizliyi Rusiya tərəfi təmin edəcək. Amma o yol Ermənistanın suveren ərazisi sayılır və orada nə istəsə edə bilər. Biz sadəcə istəyirik ki, orada gömrük, sərhəd yoxlaması olmasın. Qatarlar Ermənistandan keçib Naxçıvana gedəcək. Təbii ki, Ermənistanda məlumat olsa ki, qatarlarda narkotik maddə, qaçaqmal keçirilir, onu saxlaya biləcəklər. Heç nə tapmasalar, Azərbaycan tərəfindən üzr istəyəcəklər ki, bağışlayın, bizə səhv məlumat verilib. Söhbət 42 kilometr yoldan gedir. Qatarlar Zəngilandan Naxçıvana gedəcək. O qatarları addımbaşı yoxlamağa Ermənistanın nə ehtiyacı, nə də ixtiyarı olacaq. Laçın yolu ilə, Mehri yolunun mahiyyəti eyni deyil. Azərbaycan Mehri yolundan bir keçid kimi istifadə edəcək. Biz Ermənistan ərazisində dayanmayacağıq, ora heç nə aparmayacağıq. Amma Laçın yolu Ermənistanla-Azərbaycanı birləşdirəcək. Ermənistandan gələn piyadalar, avtomobillər bizim ölkəmizdə dayanacaqlar, ona görə də biz onları yoxlamalıyıq. Fərq bundan ibarətdir.
-Laçın dəhlizi işə düşərsə, İrandan keçməklə Zəngilanı Naxçıvanı birləşdirəcək yola ehtiyac qalacaqmı?
-İki yolun olmasının heç bir ziyanı yoxdur. Bu alternativ variantdır. Sabah Ermənistan nəsə bir cığallıq etsə, Azərbaycan ehtiyat variantdan istifadə edəcək. Fərz edək ki, sağ cibində 100 manat var. Sol cibində də 100 manatın olmasının nə ziyanı var?
-İran tərəfi dəfələrə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəklər. İran nə üçün erməniləri bu cür güclü müdafiə edir?
-Əvvəla qeyd edim ki, Qarabağ münaqişəsində İranın heç bir rolu olmayıb. Sözdür də, deyirlər. İran “mən də varam” prinsipi ilə hərəkət edir. Ermənistanı ona görə müdafiə edirlər ki, Azərbaycan Qərblə əməkdaşlıq edir, İsraillə yaxşı münasibətlərimiz var. Ermənistan isə Rusiyaya meyllidir, Qərblə sıx əlaqələri yoxdur. İran çox zilə qalxa bilmir, çünki ortada Cənubi Azərbaycan amili var. Müharibə vaxtı İrandan Emənistana hərbi kalonlar daşınanda xalq ayağa qalxdı və hərbi texnikanın daşınması dayandırıldı. Cənubdakı soydaşlarımız İran-Azərbaycan münasibətlərində mühüm rol oynayır. Biz 44 günlük müharibədə İrandakı soydaşlarımızın gücünü gördük. İrandakı soydaşlarımız Arazboyu istiqamətində apardığımız hərbi əməliyyatları yaxından izləyirdilər və ordumuza dəstəklərini nümayiş etdirirdilər. Bunu unutmamalıyıq.
-Qərb Ukraynaya 500 milyard dollar civarında yardım paketini müzakirə edir. Nə üçün Qərb eyni münasibəti Qarabağa göstərmir?
- Ukraynadakı müharibənin miqyası ilə Qarabağdakı müharibənin miqyası eyni deyil. Ukrayna Avropaya yaxındır, geosiyasi, bəşəri əhəmiyyətə malikdir. Biz isə kiçik dövlətik və Avropanın ucqarında yerləşirik. Azərbaycanın imkanları var ki, Qarabağı yenidən qursun. Amma Ukrayna bu imkanlardan məhrum olub. Bizim düşmənimiz kiçik Ermənistan idi. Ukraynaya isə Rusiya kimi böyük dövlət müharibə elan edib, hücum edib. Ukraynadakı müharibə ilə Qarabağdakı müharibə arasında paralellər aparmaq o qədər də düzgün deyil.