“Paşinyan Moskvada Putindən 4 şey istəyib…” - Tofiq Zülfüqarovla MÜSAHİBƏ
Sualları Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq bəy, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər etdi. Bu səfərdə gözlənildiyi kimi, əsas müzakirə mövzusu Qarabağ oldu. Sizcə, Paşinyanın Moskva səfərində əsas məqsəd nə idi?
- Ermənistan hakimiyyətində hansısa vacib beynəlxalq görüşlərdən sonra Moskvaya hesabat vermək ənənə halını alıb. Avropa Birliyinin rəsmisi Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşün nəticələri barədə Putinə hesabat vermək üçün Moskvaya gedən Paşinyan atılacaq addımlar barədə də məruzə edib. Onun Moskva səfərinin mahiyyəti təxminən bəllidir. Paşinyan Kremlin mövqeyini öyrənir. Bir müddət öncə o, parlamentdəki çıxışında əsəbi halda bildirmişdi ki, Ermənistan qurbanlıq quzu deyil və s. Bu çıxışdan sonra o, Moskavaya getdi və Putinə hesabat verdi. Bu, Ermənistan üçün xarakterik bir davranışdır. Amma hər kəs bilir ki, Avropa İttifaqının bizim regiona təsir imkanları məhduddur. İndi Rusiyanın da təsirləri əvvəlki kimi deyil. Paşinyanın Rusiyadan bir neçə istəyi var.
Birincisi, o, Putinə mesaj verir ki, əgər Rusiya Ermənistana yardım etməsə, Avropadan kömək istəməli olacaqlar.
İkincisi, təhlükəsizlik məsələsidir. Bu gün Ukryandakı müharibədən dolayı Rusiya Ermənistandakı hərbi qüvvələrinin müəyyən hissəsini çıxarıb, döyüşə yollayıb. Paşinyan istəyir ki, Rusiya Ermənistanın təhlükəsizliyini daha da gücləndirsin. Amma Rusiyanın indiki məqamda buna gücü çatmır.
Üçüncüsü, Paşinyan istəyir ki, Laçın koridoru ömürlük onların üzünə açıq qalsın və Xankəndinə sərbəst gedib-gələ bilsinlər.
Dördüncüsü, Paşinyan Qarabağda rus sülhmərmalıları ilə yanaşı erməni hərbçilərinin də olması təşəbbüsünü irəli sürür ki, bu da 10 noyabr üçtərəfli razılaşmanın şərtlərinə ziddir.
Hesab edirəm ki, Azərbaycan sonuncu iki məsələdə prinsipial olmalıdır.
İlk növbədə, rəsmi Bakı tərəflərdən 10 noyabr razılaşmasının bəndlərinin icrasını tələb etməlidir. Bu da o deməkdir ki, Qarabağda erməni silahlıları olmamalıdır. Əgər rus sülhməramlılar erməni silahlılarını Qarabağdan uzaqlaşdırmasa, bu işi Azərbaycan ordusu özü həyata keçirməlidir. Nəhayət, Azərbaycan Laçın koridoruna nəzarəti ələ almalıdır. Orada sərhəd və gömrük postları təşkil etməlidir.
- Putin Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, Dağlıq Qarabağda bir sıra problemlər var. Sizcə, problem dedikdə Putin nəyi nəzərdə tutur?
- Yuxarıda qeyd etdiyim kimi, əsas problemlərdən biri erməni silahlılarının mövcudluğudur. Onlar heç cür Qarabağı tərk etmək istəmirlər. İkinci problem ermənilərin Xankəndini tərk etməsidir. Ermənilər Qarabağda yaşamaq istəmirlər. Bilirlər ki, Azərbaycan dövləti gec-tez Xankəndiyə öz bayrağını sancacaq və onlar vətəndaşlığımızı qəbul etməli olacaqlar. Kim ki Azərbaycan vətəndaşı kimi Xankəndidə qalıb yaşamaq istəyəcək o, qalacaq. İstəməyən isə, xarici vətəndaş olaraq müəyyən müddətdən sonra ölkə ərazsini tərk edəcək. Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ alandan sonra Xankəndidə tamam başqa ab-hava olacaq.
- Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırıldığı bildirilsə də, ABŞ və Rusiyadan olan həmsədrlər başqa bir mandat altında fəaliyyətlərini davam etdirirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoffer Azərbaycana səfər edəcək. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov rusiyalı həmsədr İqor Xovayevi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Əgər Qarabağ münaqişəsi həll olunubsa, bu təyinatların, səfərlərin məqsədləri nədir?
- Qarabağ münaqişəsinin həll edildiyini Azərbaycan Prezidenti bəyan edib. Yadınıza gəlirsə, müharibədən sonra Minsk qrupunun həmsədrlərini qəbul edəndə Prezident onlara açıq şəkildə bildirdi ki, Minsk qrupunun görməli olduğu işi Azərbaycan özü gördü və həmin görüşü də rəsmi Bakı deyil, həmsədrlərin özləri istəmişdi. Yəni bizim üçün Minsk qrupu mövcud deyil. Amma görünən odur ki, Rusiya və Qərb dövlətləri Qafqazda nüfuz savaşı aparırlar. Onlar müxtəlif adlarla burada fəaliyyətlərini davam etdirirlər. Bilirsiniz ki, Minsk qrupu ATƏT-in mandatı altında fəaliyyət göstərir. Hər il BMT Baş Assambleyası Minsk qrupu ilə bağlı qətnamə qəbul edirdi, ona dəstək verirdi. İndi isə bütün bunlar yoxdur. Hər bir ölkə, o cümlədən Rusiya Azərbaycan və ya Ermənistan üzrə xüsusi nümayəndə ayıra bilər. Bu məsələdə onlar sərbəstdirlər. ABŞ və Fransa Rusiya ilə hər hansı platformada əməkdaşlıq etmək istəmirlər. Ayrı-ayrı nümayəndəliklər formatında fəaliyyətlərini davam etdirirlər. Azərbaycan o nümayəndəni qəbul edəcək, ya etməyəcək, bu başqa məsələdir. Reallıq isə ondan ibarətdir ki, nə amerikalı, nə fransalı, nə də rusiyalı həmsədrin artıq beynəlxalq mandatı yoxdur. Onlar nə edə bilərlər? Tərəflərlə görüşüb, Ermənistan və Azərbaycan arasında gedən danışıqlar, müzakirələr barədə məlumat ala, qeydlər apara bilərlər. Danışıqların mövzuları bəllidir, görüləcək işlər aydındır. İndi tərəflər Brüsseldə razılaşdırdıqları məsələləri həll etməlidirlər.
Mənbə:My Webpage