azia.az
azia.az

Müdafiə və təhlükəsizlik xərcləri artırılır - nə müharibə bitib, nə düşmən...

22-06-2022, 09:11

Müdafiə və təhlükəsizlik xərcləri artırılır - nə müharibə bitib, nə düşmən...
Azərbaycanın hərbi büdcəsi yeni artımla Ermənistanın hərbi büdcəsindən 4 dəfə, Gürcüstandan isə 9,3 dəfə yüksəkdir
Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır. Bu barədə müddəa “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Bu vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq.

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.

Ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırması əlbəttə ki, təbii qarşılanmalıdır. Əvvəla, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayanadək, müharibə təhlükəsi hər zaman qalır. Azərbaycan da bu səbəbdən müdafiə xərclərini daima diqqətdə saxlamalıdır. Təhlükəsizlik məsələlərinə yönəldiləcək xərclərin artırılması da diqqət doğurur. Çünki indi dünyanın özündə gərginlik hədsiz artıb. Ukrayna müharibəsi regional güc mərkəzlərinin fəallığını da artırıb. Azərbaycan isə həmin gərgin regionların birində yerləşir. Belə görünür ki, hətta yaxın illərdə bu gərginlik artan xətt üzrə gedəcək. O səbəbdən müdafiə ilə bərabər milli və dövlət təhlükəsizliyi önə çıxır.

Nazirlər kabinetinin qarşıda duran vəzifələrə həsr olunan iclası (Aydın Hüseynov) - ARB 24 (Gündəm) - YouTube

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və Sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın iqtisadi, maliyyə imkanları artır, ölkəmiz inkişaf edir. Bu da bütün sahələrə, o cümlədən ən vacib olan müdafiə, təhlükəsizlik sahələrinə də öz təsirini göstərir: “Dövlətimizin artan gəlirləri qeyd olunan vacib istiqamətlərə büdcədən ayırmaların da artırılmasını zəruri edir. Qeyd olunan artımların bir sıra səbəbləri var. Bir səbəb satınalmalar və əlavə xərclərlə bağlı ola bilər. Digər səbəb hər an müharibəyə hazır olmaq, təhlükəsizliyimizin daha da möhkəmləndirilməsidir. Dünyada, regionda cərəyan edən proseslər müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını tələb edir. Çünki bu, birbaşa ordunun, təhlükəsizlik qüvvələrimizin gücünün bütün istiqamətlər üzrə artırılması deməkdir. Müdafiə sənayesi məhsullarının və təhlükəsizlik sistemlərinin əldə olunması, onun istehsalı məsələləri ilbəil artır. Dünyada müdafiə sənayesi istehsalı üçün xam malın qiymətində artımlar olub. Bu amili də nəzərə almaq lazımdır. Müasir texnologiyaların əldə olunması üçün xərclər artıb. Bundan başqa, hərbi qulluqçuların, təhlükəsizlik sistemində çalışanların sosial-iqtisadi durumunun artırılması üçün həyata keçirilən infrastruktur layihələri, yeni hərbi hissələrin qurulması üçün tədbirlər müdafiə və milli təhlükəsizlik xərclərinin artmasına gətirib çıxarır. Bütün bunlar isə son nəticədə silahlı qüvvələrimizin potensialının güclənməsi ilə nəticələnir. Azərbaycan özünün müdafiə və təhlükəsizlik xərclərini artırmaqla ordunun gücləndirilməsi işini dayandırmadığını, bu işə daha da önəm verdiyini bir daha göstərir. Müharibə oldu-olmadı, Azərbaycan dövləti öz müdafiəsini və təhlükəsizliyini inkişaf etdirməkdədir”.

Deputat onu da qeyd etdi ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsi Ermənistandan təxminən 5, Gürcüstandan isə 3 dəfə çoxdur, həmçinin Azərbaycanın hərbi büdcəsi yeni artımla Ermənistanın hərbi büdcəsindən 4 dəfə, Gürcüstandan isə 9,3 dəfə yüksəkdir. Ermənistanın hərbi büdcəsi 724 milyon dollardır. Dövlət büdcəsi isə təxminən 4,55 milyard dollardır. Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri büdcəsi 3 milyarda dollara yaxındır. Bu rəqəmlərdən görünür ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinin yarısından çoxdur.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi