Azərbaycanla Türkiyə arasında hərbi maliyyə və təhlükəsizlik üzrə sazişlər qəbul edildi
Azərbaycanla Türkiyə arasında hərbi maliyyə və təhlükəsizlik üzrə sazişlər qəbul edildi
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb.
Azia.az-n məlumatına görə, “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişlə bağlı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib.
O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır. Bu saziş Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq.
Sənəd ümumilikdə 200 milyon türk lirəsinin ekvivalenti həcmində ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq, Türkiyədə 100 faiz yerli istehsalla məşğul olan yerli şirkətlərdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması üçün istifadəsinə dair əsasları müəyyənləşdirir.
“Sazişin icrası üçün səlahiyyətli orqanlar Azərbaycanın Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyidir”, - deyə Z. Əsgərov əlavə edib.
Azərbaycan hökuməti tədarük proseduruna əsasən, ayrılan vəsaiti nəzərə alaraq bildirilən layihə çərçivəsində müəyyən edəcəyi tələbatlar siyahısını diplomatik kanallar vasitəsilə Türkiyənin Milli Müdafiə Nazirliyinə göndərir: “Vəsaitin ayrıldığı bildirilən hissəsi Türkiyənin Bakıdakı Səfirliyinin Silahlı Qüvvələr Attaşeliyinin Azərbaycan hökumətinə göndərəcəyi bildirişin tarixindən beş il müddətinə istifadə oluna bilər. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan hökuməti illər üzrə xarici hərbi yardıma dair prioritet layihə təklifləri Türkiyə tərəfinə bildirməlidir”.
Bu saziş qüvvəyə mindiyi tarixdən beş il müddətinə qüvvədə qalacaq. Bildirək ki, saziş bu ilin fevralın 25-də Bakıda imzalanıb.
Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.