“Ermənistandakı siyasi mübarizə yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcək”
“Artıq bir neçə müddətdir ki, Ermənistanda etiraz aksiyaları təşkil olunur. Heç kəsə sir deyil ki, Ermənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr bu kütləvi aksiyaları təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, N.Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq vurğulayıb ki, hazırda Ermənistanda baş verən siyasi proseslər 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Köçəryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynilik təşkil edir:
“Baş verən proseslər onu deməyə əsas verir ki, Köçəryan-Sarkisyan cütlüyünün hazırda niyyətinə çatacağı inandırıcı deyil. Məsələ ondadır ki, erməni xalqı 20 ildən artıq bir dövrdə bu cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil”.
Politoloq əlavə edib ki, digər yandan hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur:
“Etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəllidir. Məhz buna görə indi bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontingenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilmədilər. Ermənistanda baş verən etirazlar fonunda dünən Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Xankəndi şəhərində baş verən atışma diqqət çəkir. Məsələ ondadır ki, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 Gəncə odlu silahdan atəş açıb. Məlum olduğu kimi, Karapetyan S.Karapetyanın erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır. Bu şəxs hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib”.
“Robert Koçəryanın sağ əlləri olan Samvel Karapetyan 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun Paşinyan hakimiyyətinə qarşı hər zaman fəallığı ilə seçilib. Bu mənada onun Xankəndidə 4 Gəncə odlu silahdan atəş açması təsadüf deyil. Mümkündür Robert Köçəryan yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Görünür Arutunyanın Köçəryana dəstək verməyib ki, Karapetyan belə bir addım atıb. Karapetyan tərəfindən açılan atəş həm də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir”.
Politoloq bildiirb ki, Ermənistanın keçmiş rəhbərlərinin yenidən hakimiyyəti mənimsəmək şansları sıfıra bərabərdir:
“R.Koçaryan, S.Sarkisyan, S.Karapaetyan və onlar kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa ssenarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Onlar bu və ya başqa formada hakimiyyəti ələ keçirsə belə Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq”.