“Kiçik bacı” Ermənistana daha bir zərbə - Minsk Qrupunun “tabutu”na axırıncı mismarı Fransa vurdu
Başa çatmaqda olan həftə ölkəmizə Rusiya, Qərb və NATO-dan yüksək çinli şəxslərin, diplomat və yetkililərin çoxsaylı səfərləri ilə yadda qaldı. Onların arasında ATƏT-in Minsk Qrupunun Rusiya və ABŞ-dan olan sabiq həmsədrləri - İqor Xovayev və Endrü Şofer də var idi. Lakin bu dəfə amerikalı və rusiyalı diplomatlar tam yeni statusda, həmçinin ayrı-ayrılıqda Bakıya ziyarət elədilər və Azərbaycan rəhbərliyi tərəfindən qəbul olundular.
Təbii ki, müstəsna olaraq Bakının masaya yatırdığı gündəlik çərçivəsində aparılan müzakirələrdə heç bir “status” söhbəti getmədi. Gözlənildiyi kimi, danışıqlarda əsas vurğu Azərbaycanla Ermənistan arasında məlum 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasının zəruriliyinə salındı...
*****
Qeyd edək ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da analoji missiya ilə aprelin 28-29-da Bakıda səfərdə olacaq. Bakıdan qabaq o, İrəvan və Tiflisdə müzakirələr aparıb. Gələn həftə isə Minsk Qrupunun Fransadan olan sabiq həmsədri, hazırda “Şərq tərəfdaşlığı” üzrə səfir Bris Rokfey Azərbaycana gələcək. Bununla bağlı Fransa XİN-in yaydığı açıqlamada deyilir. Məlumatda cənab Rokfey elə bu cür təqdim olunur - “Şərq tərəfdaşlığı” üzrə səfir.
“Bu, onun aprelin 11-də İrəvandan başlayan regional səfərinin davamı olacaq. Rəsmi Paris Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birbaşa dialoqu və iki ölkənin sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın yaradılması və sülh müqaviləsinin bağlanması qərarını alqışlayır. Fransa bu prosesi dəstəkləmək niyyətindədir”, - deyə Fransa XİN-in açıqlamasında bildirilir.
Buradaca zəruri haşiyə çıxıb prinsipial bir detalı vurğulayaq ki, xüsusi nümayəndə və ya xüsusi səfir missiyası heç də vasitəçilik demək deyil. Çünki vasitəlik üçün hər iki tərəfin razılığı mütləq şərtdir. Necə ki, Bakı Minsk Qrupuna və onun həmsədrlərinə belə bir razılığı vermişdi, 2-ci Qarabağ müharibəsindən sonra isə bundan imtina elədi.
Yəni Ermənistan və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, Azərbaycan istəməsə, MQ heç vaxt “dirilə” bilməz. Danışıqlar üzrə xüsusi nümayəndə, yaxud səfirləri isə vasitəçi deyil, BMT və ya ATƏT tərəfindən görəvləndirilməyiblər, belə bir vəzifələri də yoxdur və Bakı hər an onların “xidməti”ndən imtina edə bilər...
*****
Təəssüf ki, Ermənistan rəsmiləri sülhə real töhfə vermək əvəzinə, hələ də “bəlkə də qaytardılar” çürük fəlsəfəsi ilə, yanlış ümidlər və xam xəyallarla yaşayır, özlərinə yenə “murdar” olmuş Minsk Qrupu ilə təsəlli verirlər. Növbəti dəfə bu xüsusda Ermənistan parlamentinin sədri Alen Simonyan “parlayıb”.
Erməni spiker srağagün İrəvanda ATƏT/DTİHB-in Müşahidəçilər Missiyasının rəhbəri Yohan Merfi ilə görüşdə deyib: “Qarabağ münaqişəsinin həlli ”artsax"ın statusunun aydınlaşdırılmasını da özündə ehtiva eləməlidir. Regionda sülhə yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə nail olmaq mümkündür. Bu da xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi əsasında “artsax”ın statusunun aydınlaşdırılması yolu ilə reallaşa bilər".
“Dağlıq Qarabağ münaqişəsi”, “yekun status”, “öz müqəddəratını təyinetmə”... Az öncə analoji iddialarla baş nazir Nikol Paşinyan çıxış eləmiş, hətta Minsk Qrupunun həmsədrlik institutunun hələ də mövcud olduğundan dəm vurmuşdu. Nostalji anlaşılandır. Bəllidir ki, məhz ermənipərəst mövqeli MQ-nin formatında üç həmsədr ölkə İrəvanın beynəlxalq hüquqa zidd tələblərinə uzun on illər dəstək olub, işğalı legitimləşdirməyə çalışıb.
Amma daha MQ yoxdur. Minsk Qrupu - kaput! Onun “tabutu”na son mismarı isə nə qədər qəribə olsa da, Ermənistanı özünə kiçik bacı sayan Fransa vurası oldu.
Bunu da yada salaq ki, az öncə N.Paşinyan beynəlxalq birliyin ondan “Dağlıq Qarabağın statusu ilə bağlı tələbi aşağı salmağı” istədiyini açıqlamışdı. Yəni beynəlxalq birlik də “status” qatarının getdiyini artıq qəbul edir. O zaman İrəvan rəsmilərinin davam edən həşirinin adı, görəsən, nə?
*****
Simomyanın bəyanatına gəlincə, sözsüz ki, Ermənistan rəhbərliyinin bu qəbildən səngiməyən təxribatçı, həyasız bəyanatları, avantürist və riyakar mövqeyi İrəvanın guya Bakının 5 prinsipi qəbul eləməsi haqda bəyanatına daban-dabana ziddir. Çünki bununla ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiklərini bir daha təsdiqləyirlər. Bu, əlbəttə ki, eyni zamanda İrəvan tərəfindən vaxtı uzatmağa və kövrək sülh prosesini pozmağa hesablanıb.
Hələ harasıdır, Ermənistan yetkililəri belə görünür daimi sülhə yox, müharibəyə xidmət edən bu cür riskli və mənasız bəyanatlarla yanaşı, sülh əleyhinə praktik addımlar atmağa hazırlaşırlar - “dəmir yumruğu” unudaraq.
Məsələn, xəbər yayılıb ki, Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirməyə hazırlaşır. Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Nəşrin yazdığına görə, birgə iclasın cümə günü, yəni aprelin 29-da baş tutacağı gözlənilir.
“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Lakin bu o anlama gəlmir ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”, - qəzet iddia edib.
Xatırladaq ki, Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirib. O zaman sülh danışıqlarına son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri isə bəlli deyil. İstisna deyil ki, Paşinyan həm də ölkə daxilində özünə qarşı gərginliyi azaltmaq üçün və Xankəndinə gedə bilmədiyi üçün iclası İrəvanda keçirsin...
*****
Bütün hallarda növbəti belə təxribatçı addım bölgədə gərginliyi kritik həddə artıracaq, sülh danışıqlarını bir az da mənasız duruma gətirəcək və ən önəmlisi, Bakının səbir kasasını doldurmaqla ona Qarabağda antiterror əməliyyatına başlamaq üçün çox güclü arqument verəcək...
Mənbə:My Webpage