“Fransa “Dağlıq Qarabağ respublikasını” tanımır
“Fransa “Dağlıq Qarabağ respublikasını” tanımır və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə vasitəçilik səylərini davam etdirəcək”.
Bu barədə Fransanın Azərbaycandakı səfirinin Turan agentliyinə daxil olan bəyanatında deyilir.
Fransa səfiri münaqişə qurbanlarına və onların ailə üzvlərinə, eləcə də çoxsaylı məcburi köçkünlərə səmimi hisslərini ifadə edir. Fransa şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, səfir bildirir ki, “Fransanın mövqeyi aydındır və birmənalıdır”.
Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da bunu bir daha xatırladıb: “Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət Fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq“,- deyə bəyanatda bildirilir.
Bir müddət əvvəl Azərbaycan XİN Fransa tərəfə Sent-Etyen şəhər merinin işğal edilmiş ərazilərə səfəri ilə bağlı etirazını bildirib.