"Nə qədər ki, ikili standartlar siyasəti mövcuddur..." - deputat
Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra da ölkəmizə qarşı ikili standartlar siyasətinə son verilməyib. Son müşavirədə də Prezident İlham Əliyev bu məsələyə geniş toxunub.
Bu məsələdə isə XİN-in və xarici ölkədəki səfirliklərimizin üzərinə ciddi iş düşür. Postmüharibə dövründə diplomatiyanın rolu nədən ibarətdir? İkili standartların dəyişdirilməsində, ölkəmizə obyektiv yanaşma sərgilənməsində səfirlərin görəvləri nələrdən ibarətdir? Hücum diplomatiyası yerini daha mahir diplomatik manevrlərəmi verməlidir?
YAP-çı deputat Hikmət Babaoğlu ikili standartlara qarşı Azərbaycan diplomatiyasının daim mübarizə aparmasının vacibliyini vurğuladı: “Diplomatiya milli gücün beyini hesab edilir. Yəni milli güc kəmiyyət və keyfiyyət komponentlərindən ibarət olmaqla ikiyə bölünür. Diplomatiya isə hər iki komponenti birləşdirərək vahid edən, onu potensialdan real gücə çevirən strateji alətdir. Ona görə də Azərbaycan Prezidenti 12 aprel müşavirəsində dünyada mövcud olan ikili standartlar siyasətindən danışarkən mili diplomatiyamızın vəzifələrinin üzərində ayrıca dayandı. Çünki ultraliberal beynəlxalq münasibətlər sistemi içərisində xüsusi rol oynayan ikili standartlar siyasətinə qarşı yalnız peşəkar, intellektual və məharətli diplomatiya ilə mübarizə aparmaq mümkündür. Azərbaycan Prezidenti bu kontekstdə iki mühüm məsələni bir daha aktuallaşdırdı. Bunlardan biri liberal dünyanın münaqişə dövründə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi laqeydlik, digəri isə 44 günlük müharibədə Azərbaycanın istifadə etdiyi silahları ölüm silahı, başqa siyasi coğrafiyada isə eyni silahın az qala xilasedici mələk hesab edilməsi məsələsi idi. Doğrudan da ikili standartlar siyasəti həm də ağı qara, qaranı isə ağ kimi təqdim etmək sənətidir.
Necə olur ki, bir ölkənin ərazi bütövlüyünün pozulması bütün dünyanın təcavüzkar ölkəyə qarşı birləşməsinə, başqa bir ölkənin ərazi bütövlüyünün pozulması isə işğalçının dəsətəklənməsinə gətirib çıxara bilir. Ya da ”Bayrakdar"lar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqlı müharibədə istifadə edilən zaman ölüm silahı, eyni mücadiləni verən başqa ölkədə istifadə edildikdə isə qurtarıcı mələk adlandırılır. Ona görə də nə qədər ki, ikili standartlar siyasəti mövcuddur, ona qarşı mübarizə aparmaq da Azərbaycan diplomatiyasının öncül vəzifəsi olaraq qalacaq. Bu, postmüharibə dövrünün də ən aktual çağırışlarından biridir. Azərbaycan Prezidenti müşavirədə beynəlxalq məsələlərdən danışarkən diplomatlarımızı məhz bu platformada milli maraqlarımızın realizə edilməsi üçün daha da səfərbər olmağa çağırdı. Çünki hazırda biz güclüyük və bu fonda bəlkə rəqiblərimiz zəif görünür. Ancaq unutmaq olmaz ki, onlar Azərbaycan güclü olduğu üçün belə görünürlər. Normalda isə kifayət qədər ardıcıl, prinsipial mübarizə aparmaqla ilk fürsətdə revanşist hərəkətlər edəcəklər. Ona görə də bütün bu strateji istiqamətlər üzrə milli diplomatiyamız öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bunun hansı yol və vasitələrlə reallaşdırılmasına gəldikdə isə strateji olaraq milli diplomatiyamız hücum fəlsəfəsinə, beynəlxalq hüquqa söykənsə də situativ olaraq digər bütün vasitələr tətbiq edilməklə də həyata keçirilə bilər".
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov daim ikili standartların olmasından söz açdı: “İkili standartlar beynəlxalq hüquq normalarını və ədaləti ”gücsüzləşdirir" desəm, yəqin ki, səhv etmərəm. Müsəlman - Türk dünyasının bir parçası olaraq dövlətimizə qarşı ikili standartların tətbiq olunduğunun uzun illərdir ki, şahidiyik. 30 il müddətində Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı heç bir təzyiq göstərilmədisə, işğalçı cəzalandırılmadısa, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərildisə, demək ki, beynəlxalq hüquq normaları adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyil və onların tətbiqi də geosiyasi maraqlara uyğun olaraq dəyişir. Əgər belə olmasaydı, BMT-nin Qarabağla bağlı məlum qətnamələri də digər münaqişələr və ya dövlətlərlə bağlı qəbul olunmuş qətnamələr kimi bir-iki günün içində icra edilərdi. Əgər bu cür ikili standartlar olmasaydı, bu gün qəza səbəbi ilə bir neçə günlüyünə Xankəndində qazsız qalan 20-25 min separatçının müdafiəsi ilə bağlı verilən bəyanatlar 15 il müddətində Ermənistanın işğalçılıq siyasəti ucbatından qazsız, işıqsız qalan 450 mindən çox Naxçıvan əhalisi üçün də verilərdi. Əgər beynəlxalq qurumlar və Qərb institutları, ayrı-ayrı dövlətlər hadisələrə ikili standartlar prizmasından yanaşmasaydılar, Ukraynanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstəyi Azərbaycana da verərdilər. Əgər ikili yanaşma olmasaydı, beynəlxalq birlik Buça və İrpendəki qətliamlara münasibəti Xocalı soyqırımına da göstərərdi. Və nəhayət, əgər beynəlxalq birlik proseslərə ikili standartlarla yanaşmasaydı, işğal altında olan torpaqlarımızda milli-mənəvi sərvətlərimizin məhv edilməsinə, dini abidələrimizin dağılmasına münasibət bildirər, soyqırım və işğal siyasəti həyata keçirən Ermənistanı deyil, haqqı, ədaləti, Azərbaycanı müdafiə edərdilər.
Postmüharibə dövründə diplomatiyanın roluna gəlincə, səfir, konsul, nümayəndəlik və təmsilçilərin prinsipial fəaliyyəti dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını ölkə xaricində müdafiə etməkdən ibarətdir. Bu prinsiplər istər müharibə dövründə, istərsə də postmüharibə dövründə və ümumiyyətlə, hər zaman diplomatik fəaliyyətə cavabdeh qurumlar və şəxslər tərəfindən davamlı olaraq icra edilməli olan vəzifələrdir. Odur ki, əsas məsələ bu prinsipləri icra etmək bacarığında olan, vətənini, dövlətini sevən, fəaliyyət göstərdiyi dövlətlərdə şəxsi biznes maraqlarını deyil, Azərbaycanın dövlət maraqlarını müdafiə edən kadrların müəyyənləşdirilməsi olmalıdır. Əgər bunlar olmayacaqsa və vəzifəsinin öhdəsindən gəlməyən ayrı-ayrı səfir və ya konsullar digər bacarıqsız adamlarla dəyişdiriləcəksə, hər hansı bir nəticəyə nail olmaq mümkün olmayacaq. Paralel olaraq diaspor təşkilatlarımızın gücləndirilməsi istiqamətində işlər görülməlidir.
Hə, bütün bunlar bizə qarşı olan ikili yanaşmanı aradan qaldıracaqmı, təbii ki, tam olaraq yox. Çünki yenə də qeyd edirəm, geosiyasi maraqlar, antitürk əhval-ruhiyyə, xristian təəssübkeşliyi və s. məqamlar ikili standartların tamamilə aradan qaldırılmasını faktiki olaraq imkansız edir. Amma əgər səfirlərimiz və diplomatik korpusun nümayəndələri, Azərbaycanı bu və ya digər şəkildə xaricdə təmsil edən şəxslər öz vəzifələrini düzgün icra etsələr, inanıram ki, bir çox məsələlərlə bağlı konkret nəticələr əldə etmək olar. Bunun üçün davamlı və ardıcıl fəaliyyət əsasdır. Adi bir misal deyim, bilirsiz ki, AMİP uzun illərdir ki, özündə 80-dən artıq ölkədən 120 aparıcı sağ mərkəz yönümlü partiyanı birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür və təmsil olunan partiyaların əksəriyyəti öz ölkəsində hakimiyyətdədirlər və Avropa parlamentində təmsilçilərə malikdirlər. Əksəriyyət xristian dövlətlərinin partiyaları olmasına baxmayaraq, apardığımız ardıcıl fəaliyyətin nəticəsidir ki, həmin qurum dəfələrlə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlarla çıxış edib və hələ hakimiyyətdə olduqda belə Sərkisyanın və onun partiyasının Beynəlxalq Demokrat İttifaqına üzvlüklə bağlı dəfələrlə etdiyi müraciətlər rədd edilib. Demək istədiyim odur ki, davamlı fəaliyyət olduqda mütləq şəkildə nələrəsə nail olmaq mümkündür. Bunun üçün sadəcə istək və eləcə də ölkən, dövlətin qarşısında məsuliyyətin olmalıdır".
Mənbə:My Webpage