azia.az
azia.az

İsraili işğalçı adlandıran Obama Ermənistanın adını niyə çəkmir?

22-09-2016, 09:52

İsraili işğalçı adlandıran Obama Ermənistanın adını niyə çəkmir?
Ekspertlər Obama dövrünü dünyada “müsəlman qırğını mərhələsi” adlandırdılar; Fərəc Quliyev: “Azərbaycan Qarabağ məsələsində ABŞ və digər onun kimi dövlətlərə ümid etməməlidir”

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının bugünlərdə keçirilən 71-ci sessiyasında bəyan edib ki, İsrail Fələstin torpaqlarının işğalını dayandırmalıdır.

B.Obama qeyd edib ki, əgər fələstinlilər İsrailin qanuniliyini tanıyarlarsa, İsrail də etiraf edərsə ki, Fələstin torpaqlarını daim işğal edə bilməz-onda həm israillilər, həm də fələstinlilər üçün yaxşı olar.

Obama Ukrayna ərazisi olan Krımın da Rusiya tərəfindən işğal edildiyini deyib. Maraqlıdır ki, Barak Obama ABŞ prezidenti kimi BMT Baş Assambleyasındakı sonuncu çıxışında işğallardan danışarkən Qarabağın işğal olunması barədə heç bir fikir bildirməyib, İsrail kimi yaxın müttəfiqini dolayısı ilə işğalçı adlandıran Obama Rusiyanın forpostu olan Ermənistanı işğalçı adlandırmayıb. Qeyd edək ki, ümumiyyətlə götürsək, Barak Obama 8 illik hakimiyyəti dövründə Ermənistanın işğalçı olduğunu qəti şəkildə dilinə gətirməyib.

Bu barədə danışan deputat Fərəc Quliyev hesab edir ki, ABŞ prezidentinin Fələstin torpaqlarının işğal olunduğunu deməsi, İsraili bu torpaqların işğalına son qoymağa çağırması səmimi deyil. Barak Obama bu cür bəyanat verməklə prezidentliyinin sonlarına yaxın dinlərarası münasibətlərdə heç bir ayrı-seçkiliyə yol vermədiyini nümayiş etdirmək istəyib.

Əgər ABŞ, onun prezidenti bu məsələdə səmimi olsaydı, məsələlərə ikili standartla yanaşmasaydı, Ermənistanı işğalçı adlandırmalıydı: “Barak Obama Ermənistanı işğalçı adlandırmır. Onun Qarabağ məsələsində susqunluğu onu göstərir ki, xristian təəssübkeşliyi erməniləri işğalçı adlandırmağa imkan vermir. Fələstinlə bağlı dedikləri də görüntü üçündür. Barak Obamanın hakimiyyəti dövrü dünyada müsəlmanların ən çox qırıldığı, ən çox müsəlman dövlətləri dağıdılan bir dövr oldu. Barak Obama indi Fələstinə xoş gedəcək nə danışsa da, reallıq ortadadır.

Qarabağ məsələsində susqunluq, BMT tribunasından BMT-nin Qarabağın azad olunması ilə bağlı 4 qətnaməsinə etinasızlıq göstərmək, super güc və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlət kimi biganəlik nümayiş etdirilməsi onu göstərir ki, ABŞ öz maraqlarını hər şeydən üstün tutur. Azərbaycan Qarabağ məsələsində ABŞ və digər onun kimi dövlətlərə ümid etməməlidir. Azərbaycan etnik baxımdan özünə yaxın olan cümhuriyyətlərlə yeni formatlar haqqında düşünməlidir".

Politoloq Natiq Miri də hesab edir ki, ABŞ prezidentinin Ermənistanı işğalçı adlandırmaması ikili standartların əyani sübutlarındandır: “Ermənistanın işğalçı adlandırılmamasında bir çox siyasi faktorlar rol oynayır. Bu, təbii ki, Ermənistanın güclü və qüdrətli dövlət olmasına dəlalət etmir. Burada söhbət ondan gedir ki, bu bölgədə ABŞ Ermənistanı Rusiyanın monopoliyasından çıxarmaq istəyir. Ona görə də Ermənistanı özündən uzaqlaşdıra biləcək addımlar atmaq istəmir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, ermənilər həm də bir xristian toplumudur. ABŞ bölgədəki xristian dövlətinin müsəlman Türkiyə və Azərbaycanın arasında əzilməsində maraqlı deyil. İkili standartlarla yanaşma siyasəti də ABŞ prezidentinə imkan vermir ki, işğalçını öz adı ilə çağırsın. Digər səbəblərdən biri ABŞ prezidentinin Azərbaycandakı hakimiyyətə münasibətidir. Azərbaycan bu münasibəti dəyişmək üçün demokratik islahatlara getməklə dəyişə bilər. Azərbaycan cəlbedici olmalıdır ki, Qarabağ kimi böyük probleminin həllinə ciddi dəstək ala bilsin”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi