azia.az
azia.az

Niyə Kremlə görə Rusiyadakılar “pis separatçıdır”, Azərbaycandakılar isə “yaxşı separatçı”? - HƏQİQƏTƏN DƏ...

31-03-2022, 12:44

Niyə Kremlə görə Rusiyadakılar “pis separatçıdır”, Azərbaycandakılar isə “yaxşı separatçı”? - HƏQİQƏTƏN DƏ...
Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən erməni silahlılarının təmizlənməsinə başlaması, bir çoxlarını dərindən narahat etdi. Ən böyük qələtə isə Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin yol verdi. O, RF dövlət televiziyasında çıxış edərkən Azərbaycanı Qarabağdakı “təcavüzkar əməllərinə” görə “cəzalandırmağa” çağırdı. Daha sonra o, “Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbə endirməyə dəyərmi” sualı ətrafında sosiaı şəbəkədə sorğu keçirdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və bu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın timsalında Kreml məsələyə qarışdıqdan sonra Delyaqin azərbaycanlılardan üzr istədi. Digər Rusiya rəsmiləri də bu bəyanatın və sorğunun yanlış olduğunu, ikitərəfli müttəfiqlik münasibətlərinə xələl gətirdiyini qəbul etdilər.

İki qonşu ölkə arasındakı müttəfiqlik münasibətlərinə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da münasibət bildirdi. O, son dəfə keçirilən mətbuat konfransında Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələr arasında münasibətləri yeni sabit səviyyəyə keçirməsini, hər iki ölkənin regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirib. Səfir M.Boçarnikov dedikləri ilə tamamilə razıyam. Qəbulediləndir. Səfir təyinatına uyğun olaraq doğru hərəkət etdi. Sadəcə təssüf edirəm ki, mətbuat konfransında nə iştirak edə bildim, nə də sual verə bildim.

Qonşular həm də müttəfiqdirsə, bu çox yaxşı əlamətdir. Azərbaycan ilə Rusiya bir çox platformalarda əməkdaşlıq və ya tərəfdaşlıq edir. Əgər müttəfiqlikdən söhbət ediriksə, sənədlər imzalayırıqsa, fəaliyyətlərimizdə səmimi olmalıyıq. Azərbaycan Prezidenti İ.Əliyev dostlarla, müttəfiqlərlə, əməkdaşlarla, tərəfdaşlarla, qonşularla, hətta rəqiblərlə fəaliyyətdə hər zaman “Sözümüz- imzamızdır” prinsipini rəhbər tutub. Bu həm də Azərbaycan xalqının genetik kodlarından irəli gəlir. Hətta dədə babalarımız da bizə düşmənçiliyi kişi kimi aparmağı tövsiyə edib. Bunu Vətən Müharibəsi də sübut etdi. Azərbaycan Ordusunun mülki əhaliyə, qız, qadın, uşaq və yaşlılara münasibəti ilə Gəncəni, Bərdəni və digər rayonlarda yaşayan mülki əhalini bombalayan Ermənistanın fərqini hər kəs, o cümlədən Siz də şəxsən müşahidə etdiniz. Eyni zamanda Qarabağla əlaqəsi olmayan rayonlarda yatan körpələrin bombalanmasında istifadə olunan silahların, o cümlədən ixracı qadağan edilən “İskəndər-M” raketlərinin Ermənistana kim tərəfindən verildiyini də bilirsiniz. Amma bu təchizat məsələlərinə, mülki əhaliyə qarşı cinayət əməllərinə, o cümlədən Xocalı və digər ərazilərdə törədilən soyqırım və faciələrə Rusiya bir qonşu və müttəfiq kimi səssiz qalmalı deyildi.
Hazırda ortada Rusiya və Azərbaycan arasında imzalan “Müttəfiqlik Bəyannaməsi” mövcuddur. Əfsuslar olsun bu Bəyanatın imzalanması da Qarabağda Rusiya və Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə dəyişikliklərə səbəb olmadı.

Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinin erməni silahlılarından təmizlənməsini və həmin ərazilərə yerli əhalinin qayıtmasını da Rusiya üzərinə öhdəlik kimi götürsə də, proses ölü nöqtədən tərpənməyib. Azərbaycan xalqı Qarabağda rus sülhməramlılarının Qarabağdakı seperatçı rejimə dəstək verdiyini, bu ərazilərdə özlərinə aid olmayan tikinti, inşaat, vaksinasiya işlərinə qarışdıqlarını, humanitar fəaliyyətin miqyasının məhdudlaşdırılmamasından sui-istifadə etmələrini, ərazidə zərurətdən artıq sayda modul tipli yataqxanalar qurduqlarını, Xocalıda “xilaskar rus əsgərinə” və yalnız rus ədiblərinə abidə qoyduqlarını, rus generalların seperatçı qurumun əski parçası fonunda erməni silahlıları ilə qol boyun olduqlarını, Azərbaycanın axtarışa verdiyi erməni terrorunun nümayəndələrinin Moskvada qəbul edildiyini, Qarabağda rus sülhməramlılarının erməni uşaqlarına silahla təlim keçdiklərini, rusların Ukraynada tapmadıqları faşitlərin əcdadı olan Q.Njdenin abidəsini İrəvan və Xocavənddə görmədiklərini, VOMA kimi terror təşkilatlarının Qarabağda fəaliyyətlərinə göz yumduqlarını və s. hələ də müşahidə etməkdədir.

Rusiyanın Azərbycan ilə 1 ay əvvəl imzaladığı Müttəfiqlik haqqında Bəyannamədən sonra Qarabağda nəinki irəlləyiş baş vermədi, əksinə erməni silahlıları daha intensiv şəkildə atəşkəsi pozmağa və digər təxribatlara əl atmağa başladılar. Müttəfiqimiz olan Rusiya isə buna səssiz qalınca, ərazilərimizin təhlükəsizliyini təmin etmək üçün qoşunlarımızın yerdəyişməsini həyata keçirdik. Bu isə bəzi Rusiya rəsmilərinin və Müdafiə Nazirliyinin xoşuna getmədi. İndi sual edirəm: Cənab səfir, əgər Rusiyanın subyektlərindən birindən və ya şərq sərhədlərinizdən rus əsgərinə, yaxud da Sizin ölkəyə məxsus ərazilərə atəş açılaraq təhdid törədilsəydi, Prezident V.Putin hansı qərarı verərdi? Cavabınızı Ukrayna timsalında, Kiyevin yaxud Lvovun fonunda təxmin edirəm. O zaman hansı səbəbdən rus sülhməramlılarının fəaliyyətsizliyi nəticəsində hələ də Qarabağda qalmaqda olan erməni silahlılarının çıxarılmasını həyata keçirən Azərbaycana qarşı eyni hüququ tanımırsınız? Bu hüququn tanınmasında iki ölkə Prezidentlərinin imzaları ilə təsdiqlənən həm birgə Bəyanata, həm də “Müttəfiqlik Bəyannaməsi”nə zidd olan nəsə varsa, deyin. Mən şəxsən tapa bilmirəm.

“Müttəfiqlik Bəyannaməsi”nin real fəaliyyətlərə uyğun gəlmədiyi məqamları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iki gün əvvəl açıqladığına görə təkrara yol vermirəm. Üçtərəfli birgə Bəyanata təkrar toxunacam. Birgə Bəyanatın 1-ci, 2-ci, 3-cü, 5-ci və 6-cı bəndləri bəzi istisna və çatışmazlıqlar nəzərə alınmaqıla, ümumilikdə yerinə yetirilib, 8-ci bənd üzrə öhdəliklər qarşılıqlı iddialar əsasında Azərbaycan tərəfindən 80 faiz, Ermənistan tərəfindən isə cəmi 2.7 faiz yerinə yetirilib.
4-cü, 7-ci və 9-cu bəndlər üzrə öhdəliklər isə tamamilə yerinə yetirilməyib. Bu Bəyanatın yerinə yetirilməsində “tıxanma nöqtəsi” məhz 4-cü bənd olduğunu siz məndən yaxşı bilirsiniz. Erməni silahlıların himayədən məhrum edilməsi və ərazidən birdəfəlik çıxarılması birgə Bəyanatın yerinə yetirilməsinə ciddi töhfə verəcəyini yəqin ki, inkar etməyəcəksiniz. Dağıstanda və Çeçenistanda seperatizdən əziyyət çəkən ölkə kimi seperatizmin bumeranq effektli bir barıt çəlləyi olduğunu da yaxşı bilirsiniz, niyə Kremlə görə Rusiyadakı “pis separatçı”, Azərbaycandakı isə “yaxşı separatçı” olur?

Rusiya və Azərbaycan müttəfiq kimi hansısa sənədə imza atırsa, həm bu imzadan, həm qonşuuluq, həm müttəfiqlik münasibətlərindən irəli gələn öhdəliklərə kompleks şəkildə yanaşmalıdır. Rusiya Prezidenti V.Putindən başqa digər rəsmilər, o cümlədən Rusiya Müdafiə Nazirliyi bir dəfə də olsun Qarabağın Azərbaycan ərazisi olduğunu dilinə gətirmir. Halbuki Azərbaycanda heç bir rəsmi Klininqrad, Kuril və ya Saxalin barədə Rusiyanın maraqlarına zidd kəlmədən istifadə etmir.
Cənab səfir, əgər Rusiya Azərbaycanla imzalanan birgə Bəyanata və “Müttəfiqlik Bəyannaməsi”nə sadiqdirsə, həqiqətən də Qarabağda və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdırsa, bunu əməldə nümayiş etdirməyə cəhd etməlidir. Ərazilərimizin adını təhrif etməklə, birgə Bəyanatın şərtlərini yerinə yetirməməklə, Azərbaycanın ərazi bürölüyünə hörmətsizlik etməklə, seperatçıları dəstəkləyərək münaqişə tərəfi kimi bizə sırımaqla müttəfiqlik olmur. Əgər Rusiya bizim müttəfiqdirsə, o zaman Azərbaycanı bölməyə çalışan seperatçılarla arasına məsafə qoymalı, əli mülki azərbaycanlıların qanına batan Arayiki, Roberti, Seyranı, Serjiki və digər axtarışda olan cinayətkarları həbs edərək Azərbaycana təhvil verməli, qalan erməni silahlılarının Qarabağdan çıxarılacağı son tarixi açıqlamalıdır. Ermənistanın hələdə Naxçıvanın bir, Qazaxın 7 kəndini işğalda saxlamasına Kremlin münasibət bildirilməsi də faydalı ola bilər. Bu məslələrə aydınlıq gətirilərsə, o zaman bunu səmimi Müttəfiqlik olacaq. Yəqin ki, Siz səfir olaraq nə zamansa “Bakıda Rusiya Bayrağının az görünməsinin səbəbləri nədir? sualı ilə qarşılaşmısınız. Cavabı da yuxarıda sadalanan və müttəfiqliyimizə xələl gətirən məsələlərdə axtara bilərsiniz.

Əgər Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirməyə qərar veriblərsə, o zaman Qarabağda mövcud olan seperatçılar və terrorçular bu səylərimizin nəticəsini dərindən hiss etməlidir. Yox əgər bunu etmək Rusiya üçün hansısa səbəblərdən mümkün deyilsə, o zaman bunu həyata keçirilməsində Azərbaycana mane olmalı deyil. Bütün bu fəaliyyətlər üçün Azərbaycana 1 həftə yetərlidir.
Cənab səfir, Sizin mətbuat konfransınızdan saatlar sonra Xocalı rayonunun Pirlər kəndində ermənilər silahlılarının növbəti təxribata hazırlaşmasını əks etdirən videomaterial yayımlandı. Ümid edirəm ki, onu izləmisiniz. Erməni silahlıları kəndə gətirilib, onlara forma və silahlar paylanması prosesini 200 metr məsafədən izləyən sülhməramlıların fəaliyyəti nədən xəbər verir? Sizin Azərbaycan Prezidenti İ.Əliyevin “Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik” bəyanatının ciddiliyini şübhə altına aldığınızı da düşünmək istəmirəm.

Cənab səfir, Sizi tam əmin edirəm ki, Azərbaycan nə ərazisində erməni silahlıların qalması ilə razılaşacaq, nə ərazimizə və Əsgərimizə açılan atəşi cavabsız qoyacaq, nə də 1 qarış ərazisindən imtina edəcək. Hardan əsgərimizin həyatına təhlükə yaranacaqsa, o ərazinin külü bundan sonra da havaya sovrulacaq və həmin yerdə saatlar ərzində Azərbaycan Bayrağı qaldırılacaq. Eynilə FƏRRUX dağında olduğu kimi. Buna kimsənin, xüsusilə Qarabağdakı erməni silahlılarının və sülhü yaratmaqda maraqlı olmayanların heç şübhəsi olmasın.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi