Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın strateji maraqlarına tam cavab verir.
-Rus-türk yaxınlaşması əvvəllər də müşahidə olunub, hətta "İstanbul" müqaviləsi (1724) ilə torpaqlarımız Osmanlı və Çar Rusiyası arasında iki yerə parçalanmışdı. Məhz bundan sonra ermənilərin Qarabağa köçürülməsi prosesi başlamışdı. Türkmənçay müqaviləsi ilə Çar Rusiyasından 40 min, Ədirnə müqaviləsi ilə isə 90 min erməni Osmanlıdan Qarabağa, digər bölgələrimizə köçürüldü. Həmin dövrdə rus-türk yaxınlaşmasından faydalanma imkanlarımız sıfıra bərabər idi, səbəbləri də bəllidir.
- İkinci dəfə rus-türk yaxınlaşması hər iki dövləti Qərb imperialistlərinin caynağından xilas etmişdi. M.K.Atatürk Leninə məktub yazaraq Lenindən silah, ərzaq yardımı da istəmişdi, hətta 1921-ci ilə rus-türk yaxınlaşması "Dostluq müqaviləsi"nin imzalanması ilə nəticələndi. Həmin dövrdə də rus-türk yaxınlaşmasından faydalana bilmədik. Zəif, gücsüz, yeni yaranmış AXC-nin elə bir hərbi-ideoloji mərkəzləri yox idi ki, bu yaxınlaşmadan istifadə edərək müstəqilliyimizi qoruya bilsin. Əslində isə dünyanın yeni xəritəsində müstəqil Azərbaycana yer ayrılmamışdı. Plan Transqafqazı əhatə etdiyinə görə azərbaycanlılar da, gürcülər də, ermənilər də (bizim torpaqlarda) müstəqil elan etdikləri dövlətlərini itirdilər.
- Proseslərin təhlili göstərir ki, tarix 100 il sonra, indi yenidən təkrarlanır. Rusiya-Türkiyə arasında ciddi və strateji yaxınlaşma əldə olunub.
Amma ciddi bir fərq var, Azərbaycan əvvəlki dövlət deyil, Rusiya-Türkiyə yaxınlaşmasından strateji şəkildə faydalanaraq öz müstəqilliyini daha da möhkənləndirməyi bacarıb.
Əgər əvvəllər rus-türk yaxınlaşması nəticəsində ermənilər Qarabağa köçürülmüşdüsə, indi tam əksinə, Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib. Əgər ermənilər Qarabağda yaşayacaqlarsa, çar, erməni, rus qanunları ilə yox, Azərbaycan qanunları ilə yaşamalı olacaqlar.
Əslində "biz 300 illik ədaləti bərpa etmişik" deyərkən, bu tarixi tezislərə əsaslanmalıyıq.
Təcrübə göstərir ki, hər bir güclü dövlət digər dövlətlərdən strateji yanaşma tələb edir, pafosa köklənən hakimiyyətlərin zamanında torpaqların işğala məruz qalması təəccüblü görünə bilməz. Amma praqmatik, on illərə və real gücə hesablanan münasibətlərin qurulması nəticədə ölkənin itirdiklərini də bərpa etməsi ilə nəticələnir. Qarabağın azad edilməsi bu prizmadan da diqqət çəkir. Böyük dövlətlərdən istədiklərini almaq üçün zora yox, intellektə, akademik münasibətlərə və dərin diplomatik addımlara üstünlük verməyin alternativi yoxdur.
Diqər mühüm məqam odur ki, Türkiyə bu dəfə doğru Qürbdə yer alıb. Qərb imperialistləri digər imperiyalar kimi Osmanlını da yer üzündə silmişdi. Qərb heç vaxt Türkiyəyə qarşı səmimi ola bilmir, Avropa Birliyinə üzvlüklə bağlı baş verənlər də heç kəsə sirr deyildir.
Yüz il sonra "Şərq-Qafqaz Qütbü" yeni istiqamət kimi kimi diqqət çəkir. Türkiyənin Rusiya-Ukrayna proseslərindəki addımları sıradan hadisə deyil.
Dünyada sivil, cəzbedici "Türk orbiti" yaranır.
Rusiya-Türkiyə yaxınlaşması şimaldan Azərbaycana yönələn təhlükələri də sıfırlayır. Türkiyənin ən yaxın dostu, strateji müttəfiqi məhz Azərbaycandır. Rus-türk yaxınlaşması təsadüfi olay deyil, bu münasibətlərin yaradılmasında strateji mərkəzlərin illər boyu gərgin əməyi var.
İki xristian dövləti arasında (əslində isə Qərb və Şərq arasında) bir türk dövlətinin körpü rolunda çıxış etməsi yeni tarixi tendensiyadır. Bu, həm də Azərbaycanın əhəmiyyətini artırmaqdadır. Qısası, artıq Azərbaycan tarixi kodlarını dərindən təhlil edir, nəticələr çıxarır.
Müəllif: Samir Feyruzov