“Bunlar Amerika üçün müəyyən problem yarada bilər”
Novruz Məmmədov: “Beynəlxalq təşkilatlar ABŞ-da seçkidən sonrakı zorakılığa niyə münasibət bildirmir?”
“ABŞ-da Donald Trampın prezident seçilməsi bütün dünya üçün sanki gözlənilməyən, proqnozlaşdırmayan hadisə oldu”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, son bir ildə dünyanın aparıcı televiziya kanallarının, strateji araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi ondan ibarət idi ki, Donald Tramp prezident seçilməyəcək:
"Bu, ABŞ üçün, hətta namizədin özü üçün gözlənilməz oldu. Sanki dünyada çaşqınlıq var. Bundan sonra nə olacaq, necə olacaq? ABŞ-ın daxili və xarici siyasət kursunda hansı dəyişikliklər baş verəcək? Komandada kimlər olacaq? Namizədin verdiyi bəyanatları yerinə yetirmək mümkün olacaq və ya olmayacaq? Hələlik bununla bağlı konkret mövqe yoxdur. Böyük dövlətlərin özündə də dəqiq konkret mövqe yoxdur. Dünyanın bütün dövlətlərində Tramp haqqında mənfi mövqe bildirirdilər. Lakin Tramp seçildikdən sonra tam dəyişdilər, başladılar ki, o, böyük siyasətçi, dövlət xadimidir. Baxmayaraq ki, əvvəl demişdilər bundan dövlət başçısı, siyasətçi olmaz. ABŞ-ın özündə də belə fikirlər səsləndirilmişdi. Lakin sonra görüş də oldu, bir-birilərini təriflədilər də... Bu qədər mərkəzlər, televiziya kanalları, qəzetlər, siyasətçilər dünyada baş verən proseslərdən heç nə başa düşmürlər, düzgün qərar verə bilmirlər. Ya da, ikiüzlü və riyakardırlar və süni kampaniya yaratmışdılar. Variantların ikisi də çox pis variantdır".
N.Məmmədov qeyd edib ki, D.Trampın özü də seçiləcəyinə əmin deyildi: "Ona görə bəyanatlar verirdi ki, seçkilərin nəticəsini qəbul etməyəcək, seçkilərdə saxtalaşdırma və digər amillər olacaq. Bu gün Amerika iki yerə bölünüb. Bütün bunlar Amerika üçün müəyyən problem yarada bilər. Böyük şəhərlərdə etiraz aksiyaları keçirilir. Beynəlxalq təşkilatlar indi neyləyirlər? Qış yuxusuna getməyin vaxtı deyil. "Amnesty International", "Human Rights Watch" kimi təşkilatlar niyə susublar? Azərbaycanda 2003-cü ildə İlham Əliyev prezident seçiləndə kiçik etiraz aksiyası oldu. Bununla bağlı onlar uzun müddət danışdılar. İndi 3-4 gündür zorakılıq var, gözyaşardıcı qazlardan istifadə edirlər, etirazçıları döyürlər. Bunların hamısı var. Lakin heç kim bunlara demokratiya və insan haqları çərçivəsində baxmır. Artıq ABŞ-ın özündə də əhalinin böyük hissəsi gördü ki, özlərində gedən proseslərdə də haqq-ədalət sual altında olur".