azia.az
azia.az

Qubadlı rayonu haqqında Vikipediyada Özbək dilində bölmə istifadəyə verildi

17-12-2021, 14:53

Qubadlı rayonu haqqında Vikipediyada Özbək dilində bölmə istifadəyə verildi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və apardığı işlər nəticəsində Azərbaycan, onun tarixi, mədəniyyəti geniş təbliğ olunur.
Azia.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında 27 il Ermənistan işğalı altında qalan və Azərbaycan ordusunun apardığı Vətən müharibəsi nəticəsində azad olunan Qubadlı rayonu haqqında Özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan Azərbaycanın qərb qapısı Qubadlı rayonu haqqında məlumatlar öz əksini tapıb.
Məlumatda Qubadlı toponiminin eyni adlı qəbilənin adı ilə bağlı olduğu vurğulanır, 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın alaraq qardaşı Mehdiqulu xana bağışladığı, Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə verdiyi qeyd olunur. Sonradan isə zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verildiyi yazılır.
Bölmədə Qubadlı adının Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlı mülahizələrə yer verilir.
1933-cü ildə Azərbaycan Respublikasında inzibati – ərazi vahidi olaraq rayon kimi təşkil olunmuş Qubadlı rayonunun tərkibində 1 şəhər, 93 kəndin mövcud olduğu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1993-cü ildə Qubadlının işğal edildiyi, rayonun şəhər və kəndlərinin tamamilə dağıdıldığı və bütün infrastrukturun, çoxsaylı tarixi abidələrin məhv edildiyi bölmədə öz əksini tapıb.
Yaradılan məlumat mənbəyində I və II Qarabağ müharibəsi, Azərbaycan ordusunun apardığı qalibiyyətli hücum nəticəsində 2020-ci il 25 oktyabr tarixində Qubadlının Ermənistan işğalından azad olunduğu bildirilir.
Rayonun ərazisinin tarixi abidələrlə zəngin olduğu qeyd olunan məlumatlarda Zəngəzur bölgəsinin ən qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonunun tarixi abidələrinə nəzər salınır. Qubadlının Balahəsənli kəndində IV əsrə aid “sığınacaq”, Gavur dərəsində isə ilk orta əsrə aid mağara-məbədi, Muradxanlı kəndində V əsrə aid Qala, habelə tarixi məqbərələr, məscidlər, körpülər, qəbiristanlıqlar və türbələri haqqında məlumat verilir.
Bölmədə Qubadlının tarixi şəxsiyyətləri, rayonun bir sıra fotoşəkilləri və xəritələri verilmişdir. Xüsusi ilə ikinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda gedən döyüşlər, Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov haqqında məlumatlar yer alıb.
Qeyd olunur ki, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri Ermənistan işğalından azad edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın Qubadlıya səfəri və bu haqda fotoşəkillər yaradılan bölmədə öz əksini tapmışdır.
Vikipediya Ensiklopediyasında yaradılan Qubadlı rayonu haqqında Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Gubadli_tumani linkində tanış olmaq mümkündür.

Qubadlı rayonu haqqında Vikipediyada Özbək dilində bölmə istifadəyə verildi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi