“Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib”-Fuad Hüsüeynzadə
“Hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azadan olunan ərazilərdə quruculuq-bərpa işlərinin aparılmasıdır. Bu məsələ ölkəmiz üçün artıq milli prioritetə çevirilib. Məqsəd işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir”. Bunu Azerforum.com-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib. O, əlavə edib ki, işğaldan azad edilən torpaqların bərpası işlərinə dost və qardaş ölkələrin dövlət və özəl qurumları da iştirak etmək üçün öz təkliflərini veriblər. Hələ bu ilin yanvarın 19-da Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrə ümid etdiyini bildirmişdi: “Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək.
Əlbəttə, bizim tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Ona görə ki, azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət edilib, bütün sosial infrastruktur məhv edilib”.
F.Hüseynzadə əlavə edib ki, bu ilin aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib: “Aprelin 11-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunub. Ağdamda səfərdə olakən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr aktiv şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində iştirak edəcəklər.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir. Bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum keçirilib.
Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib. Üzv dövlətlər adından bir neçə dəfə bəyanat verilib. Müharibədən sonra Qaradağda həyata keçirilən quruculuq işlərində də Türk Şurasına üzv dövlətlərin dəstəklərini əsirgəməməsi türk birliyinin bariz büminəsidir. Bununla Azərbaycan işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirib. Bilirsiniz ki, İstanbulda Türkdilli Dövlətlırin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşü keçiriləcək. Hesab edirəm ki, Zirvə Görüşü mühüm töhfələrlə yadda qalacaq”.