Ermənistan yenə “buynuz” ÇIXARIB: Karapetyanın Qarabağa qanunsuz səfərinin SƏBƏBLƏRİ BUDUR
Xəbər verdiyimiz kimi, Noyabrın 6dan 8-nə kimi Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan Qarabağda olub.
Azia.az Metbuat.az-a istinadən xəbər verir ki, Arşak Karapetyan Qarabağa səfəri ərəfəsində İkinci Qarabağ müharibəsindən sonra əzgin düşmüş erməni "ordusu" ilə görüşərək onların mövcud döyüş hazırlıqları ilə maraqlanıb. Daha sonra erməni əsgərləri general mayor tərəfindən mükafatlandırılıb.
Karapetyanın qanunsuz səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin bəyanat yayaraq bildirdi ki, “Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır. Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilmişdir”.
Burada sual yaradan məsələ odur ki, üçtərəfli görüş ərəfəsində qəsdən regionda vəziyyəti qəlizləşdirən Ermənistan qarşı hansı addımlar atıla bilər?
Siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a bildirib ki, Karapetyanın müharibənin ildönümündə Qarabağa qanunsuz səfərinin iki səbəbi var:
“Birincisi, Ermənistan Qarabağda separatçıların qondarma “müqəddəratını təyin etmə” məsələsini aktuallaşdırır. Məhz müharibənin ildönümündə müdafiə nazirinin gəlişi separatçıların arxasında olduqlarının mesajını verməyə hesablanıb.
İkincisi, Ermənistan üçtərəfli görüşlə bağlı öz mövqelərini gücləndirmək istəyir. Rusiya üçtərəfli görüşün bu həftə keçiriləcəyini açıqladı, lakin Paşinyan təkzib etdi. Dmitri Peskov dünən əvvəlki açıqlamasına redaktə edərək, bildirdi ki, görüşün tarixi hələ razılaşdırılmayıb. Görünür Ermənistan tərəfi problemlər yaratmaq niyyətindədir.
İrəvanın problem yaratmasının əsas səbəbi sərhəd məsələsi ilə bağlıdır. Mümkündür ki, üçtrəfli görüşdə sərhədin delimitasiya-demarkasiyası prosesinin başlanması ilə bağlı hansısa razılıq olacaq və bu prosesin aparılacağı xəritəni Ermənistan qəbul etmir. Paşinyanın mövqeyini dəyişməsi də bununla bağlıdır. Karapetyanın Qarabağa gəlişi də Ermənistanın belə demək mümkünsə, əlindəki kartı işə salması, üçtərəfli görüşdə öz mövqeyini qəbul etdirmək üçün “buynuz göstərir”.
Siyasi şərhçi Ermənistanın pozucu fəaliyyətinə qarşı Azərbaycanın ata biləcəyi addımları diqqətə çatdıraraq vurğuladı ki,Ermənistan müdafiə nazirinin qanunsuz səfərinə qarşı Azərbaycanın ata biləcəyi addımları Müdafiə Nazirinin bəyanatından anlamaq mümkündür.
“Bəyanatda iki məqam xüsusilə diqqət çəkir. Müdafiə Nazirliyi Karapetyana erməni generalların aqibətini, yəni müharibədə məhv edilməsini xatırlatmaqla, onun Qarabağa səfəri zamanı təhlükəsizliyinin olmadığı mesajını verdi. Bununla yanaşı, belə səfərlərin təkrarlandığı halda anti-terror əməliyyatının keçiriləcəyinin xəbərdarlığını indidən etdi.
Burada diqqətçəkən məqamlardan biri də Karapetyanın səfəri zamanı ortaya çıxan faktlardır. Erməni nazir Qarabağdakı erməni silahlı dəstələrinin postlarına baş çəkdi, orada aparılan mühəndislik işləri ilə tanış oldu. Bu o deməkdir ki, Qarabağda rus sülhməramlıları ilə yanaşı, erməni terrorçularına məxsus postlar hələ də qalır və onlar hətta mühəndislik işləri də həyata keçirirlər. Bu haqda öncədən məlumatlar var idi, lakin Karapetyan səfəri zamanı Azərbaycan Ordusuna birbaşa hədəf göstərdi. Belə postların mövcudluğu Azərbaycanın anti-terror əməliyyatı üçün ciddi əsas yaradır və mümkün əməliyyatlara Rusiya tərəfi də qarışa bilməz. Çünki hədəf rus sülhməramlılarının olduğu bölgələr yox, erməni terrorçuların dayandığı postlardır”- deyə Asif Nərimanlı bildirib.