Bakı bu vəziyyətdə əfqanları qəbul edə bilməz – Şərh
BMT-in qaçqınlarla bağlı qəbul verdiyi bəyanatlar və götürdüyü öhdəliklər var. Həmin öhdəliklər də qeyd edilir ki, hər hansı bir ölkədə müharibə və ya vətəndaş müharibəsi gedirsə həmin ölkədən qaçan insanlar ilk növbədə sərhəd dövlətlərə üz tuta bilər. Onu da deyim ki, həmin ölkələr o insanları qəbul etməlidir. Azərbaycanda öz növbəsində Əfqanıstanın qonşuluğunda yerləşən ölkələrə üz tutmuş miqrantlara humanitar yardım edə bilər.
Bunu Azia.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib.
Onun sözlərinə görə, indiki halda rəsmi Bakının əfqan qaçqınları ölkəyə qəbul etməsi doğru deyil.
“İndiki vəziyyətdə bu, mümkün deyil. Məsələ ondadır ki, hazırda bizim özümüzün kifayət qədər problemlərimiz var.
Birincisi, ölkəmiz müharibədən yeni çıxıb. İşğaldan azad edilən ərazilərimizin bərpası, və böyük qayıdışa hazırlıq prosesi gedir. Yəni hələ bizim öz qaçqınlarımız torpaqlarına qayıtmayıb. Digər bir məsələ də əfqan qaçqınların ölkədə saxlanılma xərcləridir. Ölkə iqtisadiyyatının kifayət qədər yükləndiyi bir zamanda belə bir gediş əlavə xərclərə səbəb olacaq”, - T.Qasımlı bildirib.