Azərbaycan əsgəri Kabildə insanlıq dərsi verir...
NATO qüvvələri tərkibində xidmət göstərən azərbaycanlı sülhməramlıların əfqan uşaqlarına qarşı göstərdiyi diqqət, qayğı dünyanın bir çox ölkəsi üçün örnək olmalıdır. Bu gün təəssüf ki, Əfqanıstan siyasi bir xaosun içərisindədir. Bir çox ölkə Əfqanıstanın düşdüyü bu dar gündən istifadə etməyə çalışır. Azərbaycan və onun qəhrəman əsgərləri isə göstərdikləri humanist davranışlar ilə bu kimi dövlətlərə əsl insanlıq dərsi verir.
Bu sözləri Azia.az-a açıqlamasında politoloq Qabil Hüseynli Əfqanıstanda NATO qüvvələri tərkibində xidmət göstərən azərbaycanlı sülhməramlıların əfqan uşaqlarını təhlükəsiz yerlərə aparmaları haqda danışarkən deyib.
Q.Hüseynli qeyd edib ki, sosial şəbəkələrdə əfqan uşaqlarını təhlükəsiz yerlərə aparan azərbaycanlı sülhməramlılar, təəssüf ki, ABŞ əsgərləri kimi təqdim edilir:
“Azərbaycan və Əfqanıstan tarixi, mədəni əlaqələrə malik iki dost, qardaş xalqıdır. Əfqan və Azərbaycan xalqı hər zaman bir-birinə doğma olub. Bu gün də biz igid əsgərlərimizin timsalında bu qardaşlığı görə bilirik. Xilas edilən hər bir əfqan körpəsi qardaş əfqan xalqının gələcəyi deməkdir. Rəsmi Kabilin seçəcəyi siyasi yol nə olursa olsun, qardaş əfqan xalqının hər zaman sülh və əmin-amanlıq içərisində olması bizim üçün əsas arzudur”.