azia.az
azia.az

Vəfat edən şəxsin pensiya kapitalının taleyi NECƏ OLUR? – RƏSMİ CAVAB

Bu gün, 20:14

Pensiya kapitalı - sığorta olunan şəxslərin fərdi hesablarında toplanan və hər il indeksləşdirilən vəsaitdir. Hazırda bu kapitalın minimum məbləği 46 min 80 manat təşkil edir.

Lakin müxtəlif səbəblərdən hər kəs pensiya yaşına qədər bu minimum kapitalı formalaşdıra bilmir. Bununla belə, işləyən hər bir vətəndaşın pensiya hesabında müəyyən məbləğ yığılır. Pensiya yaşı çatdıqda, əgər şəxs minimum kapitalı toplaya bilməyibsə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ona uyğun pensiya təyin edir.

Maraqlı məqamlardan biri də odur ki, vətəndaş pensiyaya çıxsa da, lakin vəfat etsə, artıq ona edilən ödənişlər təbii olaraq dayandırılır. Bu halda sual yaranır: illər boyu toplanan, lakin istifadə olunmayan pensiya kapitalının taleyi necə olur?

Day.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda vəfat etmiş şəxslərin pensiya kapitalının necə idarə olunacağı ilə bağlı konkret hüquqi mexanizm yoxdur:

"Bəzi istisnalar mövcuddur. Məsələn, pensiyaçı dünyasını dəyişərsə, onun həyat yoldaşı mərhumun pensiyasından faydalana bilər. Bu, yalnız o halda mümkündür ki, həyat yoldaşının təqaüdü mərhumunkundan az olsun. Belə olan halda dul tərəf daha yüksək məbləğdə pensiyanı seçə bilər.
Amma vəfat edən şəxsin fərdi hesabında yığılan pensiya kapitalına birbaşa çıxış imkanı yoxdur. Qanunla bu nə qadağan edilir, nə də açıq şəkildə icazə verilir. Bu isə hüquqi boşluq yaradır. Ona görə də mövcud qanunvericiliyə dəyişiklik etmək vacibdir."

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Bizim.Media-ya verilən cavabda bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən ölkədə pensiya təyinatı proaktiv qaydada, yəni vətəndaşın sənəd təqdim etməsinə ehtiyac qalmadan, avtomatik şəkildə həyata keçirilir:


"Əgər vəfat edən şəxs pensiyaçı idisə və ya əmək qabiliyyətli yaş dövründə hər tam il üçün azı 4 ay sığorta stajı varsa, onun ailə üzvləri - aşağıda qeyd olunan şəxslər - ailə başçısını itirməyə görə əmək pensiyası hüququ əldə edirlər:

  • 18 yaşına çatmamış övladlar;

  • 18-23 yaş arasında əyani təhsil alan övladlar;

  • 18 yaşından yuxarı, lakin əlilliyi müəyyən olunmuş övladlar;

  • Pensiya yaşına çatmış və ya I-II dərəcə əlilliyi olan həyat yoldaşı, anası və ya atası."

Qurumun məlumatına görə, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası formasında ailə üzvlərinin sosial təminatına yönəldilir. Bu ödəniş:

  • yuxarıdakı şərtlər mövcud olduğu müddət ərzində davam edir,

  • pensiya yaşına çatmış ailə üzvləri üçün isə ömürlük təyin olunur.

Ödənişlər yalnız pensiyaçı vəfat etdikdə, dul tərəf yeni nikah bağladıqda və ya qanunla müəyyən edilmiş hallar yarandıqda dayandırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi