azia.az
azia.az

Respublika günü Londonda qeyd edildi

29-05-2016, 07:15

Respublika günü Londonda qeyd edildi Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib. Səfirlikdən Lent.az-a verilən xəbərə görə, tədbirdə Böyük Britaniya hökumətini təmsil edən XİN-nin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, diplomatik korpusun marşalı Alister Hamilton, Britaniya XİN-in əməkdaşları, Türkiyə, Rusiya, Çexiya, Slovakiya, Gürcüstan, Türkmənistan, Monteneqro, Küveytin Londondakı səfirləri, bir sıra ölkələrin diplomatları, Heydər Əliyev Fondunun vitse-prezidenti L.Əliyeva, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri N. Paşayeva, Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri C. Feyziyev, Avropa-Azərbaycan Cəmiyyətinin sədri T. Heydərov, mətbuat nümayəndələri, ölkəmizlə yaxından əməkdaşlıq edən QHT və təşkilatların təmsilçiləri, Londondakı azərbaycanlı icmasının üzvləri, ümumilikdə 200-ə yaxın qonaq iştirak edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tarixə nəzər salaraq 1918-ci ilin bu günündə Azərbaycan xalqının özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını qurduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğunu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyini diqqətə çatdırıb.

Müasir Azərbaycanın iqtisadi, sosial, siyasi münasibətlərindən söhbət açan səfir, bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumu dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmli olduğu diqqətə çatdırılıb. Cari ilin aprelində Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb.

Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat, “Bakı-2015” Birinci Avropa Oyunlarını və bu ilin iyun ayında Bakıda keçiriləcək “Formula 1” yarışlarını nümunə olaraq qeyd edib.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə, xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzində olan məsələdir.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hər sahədə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verənlərin fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib. Britaniyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını və professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını nümunə göstərib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan səfir, 23 ildir ölkəmizin bu füsunkar guşəsinin işğal altınd olduğunu qeyd edib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin heyrətamiz olduğunu vurğulayan T.Tağızadə, məhz bu bölgəmizə xas olan atlar ilə Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində nümayiş edilən möhtəşəm şou haqqında məlumat verib.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem, ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır, Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə böyük maraqları var. Bu ilin fevral ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığımız və gələcək perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb.

Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışıb. Bidirilib ki, Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini Avropada ilk tanıyan dövlətlərdən olub. Hələ 1918-1920-ci illərdə ölkələrimiz arasında siyasi-diplomatik əlaqələrin mövcudluğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra, Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər de yeni inkişaf mərhələsinə qədəm qoyub. Deputatın çıxışında bütün sahələrdə olduğu kimi Azərbaycan və Böyük Britaniyanın parlamentləri arasında da faydalı və işgüzar münasibətlərin mövcud olduğu vurğulanıb və bu münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Tədbirdə Azərbaycan milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stend təşkil edilib. Stendə ölkəmizin iqtisadi sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi