Prezident Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Lent.az AzərTAca- istinadən xəbər verir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər. Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub. Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.