İlham Əliyev: Biz Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaradacağıq
"Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam edəcək. Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Prezident vurğulayıb ki, 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu misilsiz təcrübə qazanıb.
"Müharibə zamanı biz təcrübə topladıq və düzgün nəticələr çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan arasında böyük qanunvericilik bazası var. Türkiyə ilə bir sıra sənədlər imzalamışıq, onların arasında qarşılıqlı hərbi yardım haqqında sənəd də var. Əlbəttə, əgər Azərbaycan üçün hər hansı bir təhlükə yaranarsa, əminəm ki, Türkiyə bizə kömək edəcək", - deyə Azərbaycan lideri əlavə edib.
Prezident qeyd edib ki, Türkiyə müharibənin ilk günündən Azərbaycanı dəstəkləyib: "Hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğanın sözləri böyük siyasi dəstək oldu. Bu, dünyaya siqnal oldu: "Kənarda durun! ". Türkiyənin müdafiə naziri Akar, xarici işlər naziri Çavuşoğlu və digər yüksək vəzifəli şəxslər birmənalı dəstək bildirdilər. Türkiyə ilə Azərbaycan bir - birinə ən yaxın olan iki qardaş ölkədir. Ona görə də Türk Ordusunun müasir modeli bizim üçün ən məqbul modeldir".