Türkiyədə Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib
Mayın 11-də Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda təşkil olunan tədbirdə iştirak etmək məqsədilə Türkiyənin Kastamonu şəhərinə işgüzar səfər həyata keçirib.
Səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində Faiq Bağırov Kastamonu Universiteti rektoru Səyit Aydın və şəhər valisi Şəhmus Günaydın ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər müddətində Səfir Faiq Bağırov tərəfindən Ulu Öndərə həsr olunmuş belə bir mötəbər tədbirin keçirilməsinin təqdirə layiq olduğunu və bunu Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Həmsöhbətlər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin dünyada analoqu olmadığını və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş bir tədbirin rəhbərlik etdikləri qurumlarda keçirilməsindən qürur hissi keçirdiklərini bildiriblər.
Eyni gün ərzində Kastamonu Universiteti və Səfirliyin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə səfirliyin əməkdaşları, Kastamonu Universitetinin tələbə və müəllim kollektivi, yerli əhali və KİV nümayəndələri iştirak edib. Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda olan tədbir öz işinə başlaylb. Kastamonu Universitetinin rektoru Səyit Aydın, şəhər valisi Şəhmus Günaydın, universitetin professoru Şərifə Uzun, Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və səfir Faiq Bağırov çıxışlarında Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünyada layiqli yer tutması və digər sahələrdəki misilsiz xidmətləri haqqında danışıblar.
Səfir Faiq Bağırov öz çıxışında Heydər Əliyevin xalqımıza etdiyi əvəzsiz xidmətlərdən; Azərbaycan Respublikasının bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından; ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və onun iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.
Səfir qeyd edib ki, əməli nəhəng layihələrdə, ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması və həyata keçirilməsində öz əksini tapan Azərbaycan-Türkiyə münasibətlərində istiqamətləndirilən strateji xətt bu gün Azərbaycan prezidenti İlham Əliyevin siyasətində də mühüm yer tutur.
Ardından tədbir çərçivəsində təşkil edilən inşa müsabiqəsinin qaliblərinə mükafatları və mötəbər tədbirə əməyi keçən şəxslərə plaketlər təqdim olun. Tədbir Ulu Öndərə həsr edilən şeirlərin səslənməsi ilə yekunlaşıb.