azia.az
azia.az

Rusiyanın məhvi planı: Nikolun icra etdiyi şok SSENARİ

18-10-2020, 12:04

Azia.az təqdim edir : Ermənistan hərbi-siyasi rəhbərliyinin Qarabağdakı müharibənin miqyasını hər vəchlə genişləndirmə cəhdinin əslində daha ciddi səbəbləri var.
Rusiyanın məhvi planı: Nikolun icra etdiyi şok SSENARİ
Azərbaycan Ordusunun zərbələri qarşısında geri çəkilən və məğlubiyyətə uğrayan Ermənistanın hərbi-siyasi rəhbərliyinin atdığı addımlar ilk baxışda ölkəni ağır durumdan çıxarmaq cəhdi kimi qiymətləndirilir.

Bütün politoloqlar Ermənistan baş nazirinin hərbi fəaliyyət dairəsini genişləndirmək və Qarabağ müharibəsinə üçüncü ölkələri cəlb etməklə, “özünü xilas etmək məqsədi” güddüyü ehtimalının ciddi olduğu haqda az qala yekdil rəyə sahibdirlər.

Doğrudan da Ermənistan ərazisindən Azərbaycanın iri şəhərlərini, dinc əhalisini ballistik raketlərlə vurmağın başqa anlamı yoxdur. Məqsəd Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar etmək, Azərbaycan Ordusunun yaşayış məntəqələrini hədəf alan Ermənistandakı hərbi nöqtələri məhv etməsinə nail olmaq və bunu “Ermənistana hücum” kimi qiymətləndirərək, KTMT-ni, konkret olaraq, Rusiyanı münaqişəyə cəlb etməkdir.

Təsadüfi deyil ki, ötən gün Azərbaycan Ordusunun Vardanesdə start mövqeyinə çıxarılan və Azərbaycan şəhərlərini hədəfə alan zenit-raket kompleksini məhv etməsi ilə bağlı artıq KTMT-yə (Rusiyaya) şikayətlər edilməkdədir. Ermənistan var qüvvəsi ilə bunun “KTMT üzvünə hücum” kimi qiymətləndirilməsini və təşkilatın öhdəliklərinə uyğun olaraq, hərbi yardım göstərməsini istəyir.

Ötən gün bu yöndə erməni jurnalistlərinin sualını isə Psekov “məsələnin hər iki tərəflə araşdırıldığını” bildirməklə cavablandırdı. Ermənistan mediasının israrla “Rusiya adekvat cavab verəcəkmi” sorğusuna isə “hadisələri qabaqlamayaq və araşdırmanın nəticəsini gözləyək” deməklə əslində dolayısı ilə rəsmi İrəvanın niyyətindən xəbərdar olduqlarını göstərmiş oldu.

Rəsmi İrəvanın istəyi isə göründüyü kimi deyil.

Məsələ ondadır ki, Qərb SSRİ-nin dağılması ssenarisində aktiv şəkildə separatizmdən istifadə etdi. SSRİ prezidenti Qorbaçovun Qərbə satılması nəticəsində isə bu separatçılar ən yüksək səviyyədə dəstək qazanmış oldular. Başqa sözlə desək, SSRİ-nin dağılmasında Qarabağdakı separatizmin “müstəsna xidmətləri”ni artıq hamı etiraf edir.

Hazırkı prosesdə də bu əlamətlər özünü göstərir. Əslində isə bu ssenari birbaşa Sorosa məxsusdur. Soros deyəndə isə – əlbəttə ki, Qərbin hazırladığı və Soros vasitəsilə həyata keçirilən ssenaridən söhbət gedir.

Prosesin aydın olması üçün son iki ilə ötəri baxa bilərik: Dağlıq Qarabağla bağlı danışıqlarda 2016-cı il aprel savaşından sonra Rusiyanın də təşəbbüsü ilə müəyyən irəliləyişlər əldə olunmuşdu. “Lavrov planı” 5 rayonun boşaldılmasını və daha sonra kommunikasiyanın açılmasını nəzərdə tuturdu. Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sərkisyanın bu plana imza atdığı haqda da sübutlar mövcuddur.

Məhz bu məqamda Ermənistanda “Rusiyanın xəyanəti” gündəmə gəlir, “narıncı inqilab” başlayır, Sərkisyan heç bir ciddi müqavimət göstərmədən hakimiyyəti Sorosun əlaltısına – Paşinyana ötürməyə razı olur.

Əslində, Paşinyanın hakimiyyətə gəlməsinin səbəbi Sərkisyanın Dağlıq Qarabağ məsələsində dirəndiyi dalan idi: ya şərtlərə razı olmalı, ya da hakimiyyətdən getməli idi. Sərkisyan ikinci yolu seçdi.

Paşinyanı hakimiyyətə gətirən sorosçular isə daha “mükəmməl” plan qurmuşdular.

Bu ssenariyə baxın: Nikol Paşinyan hakimiyyətdə möhkəmlənəndən dərhal sonra Azərbaycanla danışıq tonunu dəyişməli, bütün hallarda müharibəyə nail olmalı idi. N.Paşinyanın Şuşaya səfəri, Şuşanı “paytaxt”a çevirmək cəhdləri, “yeni müharibə və yeni ərazilər” tezisi, “Qarabağ Ermənistandır” ritorikası, danışıqlar formatının dəyişdirilməsi istəyi, işğaldakı ərazilərdən – Dağlıq Qarabağın ətrafındakı 7 rayon da daxil olmaqla – “bir qarış da verməmək” bəyanatı və s. – bütün hamısı müharibəyə təhrik, müharibəyə nail olmaq idi.

Azərbaycan səbirlə danışıqlar prosesinə sadiqliyini nümayiş etdirdikcə Tovuz təxribatı törədildi, ardınca diversiya qrupu təşkil edildi və nəyahət, 27 sentyabrda “yeni müharibə-yeni ərazilər” ssenarisi üzrə hücum təşkil edildi.

Paşinyan, daha dəqiq desək, Paşinyanın ağaları yaxşı hesablayırdılar ki, Azərbaycan bu hücuma ağır əks-hücumla cavab verəcək, üstəlik, Türkiyənin də birmənalı siyasi dəstəyini qazanacaq. Beləcə də oldu…

Hər şey ssenari üzrə gedir, lakin bir əsas məsələ qalıb: Rusiyanın münaqişəyə cəlb edilməsi.

Rusiya onsuz da çoxsaylı münaqişələrin, problemlərinin içərisindədir: Donbas, Cənubi Osetiya və Abxaziya, Suriya, Liviya, Belarus, bir tərəfdən də Qırğızıstan, hətta Venesuela… Rusiya bu münaqişə-mübahisələrin bir çoxunda birbaşa canlı qüvvəsi ilə, pulu ilə, sərvəti ilə iştirak edir.

Ancaq bu problemlərin heç biri Dağlıq Qarabağ münaqişəsinə bənzəmir. Ona görə də SSRİ-ni çökdürən ssenari yenilənməli idi: Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməli və SSRİ kimi yenidən parçalanmasına start verilməlidir.

Nikol Paşinyan Sorosun bu planını icra edir. Çünki böyük münaqişə arealında bir də Dağlıq Qarabağ kimi ağır problemə canlı qüvvə ilə qatılmaq – üstəlik pandemiyanın və Qərb sanksiyalarının iqtisadiyyata vurduğu hazırkı dönəmdə – Rusiyanın milli maraqlarına qətiyyən uyğun deyil. Nəzərə almalıyıq ki, üçüncü ölkənin Qarabağa müdaxilə edəcəyi təqdirdə Türkiyə də ordusundan istifadə edə biləcəyini elan edib. Suriya da daxil olmaqla, bir çox regional münaqişələrin həllində Türkiyə ilə bərabər hərəkət edən Rusiya Qarabağda niyə Ankara ilə toqquşmalı və maraqlarını qurban verməlidir?

Görünür, Qərbin əsas hədəfi də budur: Dağlıq Qarabağ münaqişəsinin miqyasını genişləndirmək, Rusiyanı bu münaqişəyə sövq etmək və ona əlavə sanksiyalar üçün fürsət tanımaq, mümkün olduqca burda daha ağır itki verməsinə və Suriyadakı müttəfiqi ilə (türkiyə nəzərdə tutulur, çünki bu müttəfiqlik nəticəsində Suriya Qərbin nəzarətindən çıxdı) toqquşmasına şərait yaratmaq və iqtisadi sarsıntılar müqabilində Rusiyanın daxilindəki subyektlərin milli azadlıq mübarizəsini körükləməklə bu ölkəni parçalamaq, regional münaqişələrdə Moskvanı məğlub etmək.

Nikol Paşinyan hazırda Sorosun məhz bu ssenarisinin “ikinci mərhələsini” icra etməyə girişib.

Ancaq Rusiya əvvəldən bu məsələlərə təmkin nümayiş etdirir: Putinin “Qarabağ Azərbaycanın daxili işidir” sözləri də təsadüf deyildi, Peskovun Ermənistanda məhv edilən zenit-raket kompleksinə cavabı da.

Rusiya kimi nəhəng ölkə hər halda Qərbin və Sorosun planlarından xəbərdardır – dünən Putin və Ərdoğan arasında baş tutan telefon danışıqlarını da unutmayaq…

Birinci Qarabağ savaşı SSRİ-nin parçalanmasına səbəb oldu, Putin İkinci Qarabağ savaşının Rusiyanın öz daxilinə endirilən zərbə halına gəlməsinə imkan verəcəyi inandırıcı görünmür.

Hər halda, Putin bu ssenariyə təslim olacaq siyasətçi deyil. Əlbəttə, Rusiya daxilindəki qüvvələri də unutmaq olmaz. Bu ölkədə erməni lobbisi və ermənipərəstlər də daxil olmaqla, çoxsaylı maraqları olan qüvvələrin hökumətin qərarlarına təsiretmə imkanları çox güclüdür…
İstinad olunan mənbə bu linkdir: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi