“Azərbaycan ordusu gözlənilmədən...” – Cəbhədəki sakitlik nəyə xidmət edir? – Şərh
“Cəbhə xəttindəki sakitliyə bir neçə aspektdən baxmaq lazımdır. İlk növbədə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra humanitar məsələlərin həllinə daha çox yer verilir. Bura girovların dəyişdirilməsi, eyni zamanda bölgədə aparılan kənd təsərrüfatı işləri və atəşkəs rejiminə riayət olunması məsələləri daxildir”.
Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev belə deyib.
Ekspert Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətə də diqqət çəkib:
“Habelə Dağlıq Qarabağ separatçıları ilə Nikol Paşinyan arasında bir uçurum var. Əvvəllər bir güllə atılanda bu, gah Qarabağdakı separatçılara, gah da Ermənistan ərazindəki hərbi birləşmələrə bağlanılırdı. Yəni, bu sakitliyi separatçılar və tərəflər arasında yaranmış mübahisənin nəticələrindən biri kimi də qəbul etmək olar. Eyni zamanda, ermənilər artıq təxribata əl ata bilmirlər. Çünki hansısa təxribat cəhdində Azərbaycan ordusunun hərbi varianta əl atacağından çəkinirlər.
Hazırda yay mövsümüdür və buna görə də, bəzən hərbi əməliyyatların keçirilməsi mümkün olmur. Yəni, bu da cəbhədəki sakitliyə birbaşa olmasa da, dolayı yolla təsir edən amillərdən biridir. Hesab edirəm ki, aparılan danışıqlara paralel olaraq, atəşkəs rejiminə riayət olunsa, bu, müsbət atmosferin yaranmasına təkan verə bilər. Lakin atəşkəsə mövcud status-kvonu saxlamaq məqsədilə riayət olunursa, əlbəttə, bu, xoşagələn hal deyil”.
Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan ordusunun anti-terror əməliyyatlarına hazır olması, Ermənistanı narahat edən amillərdən biridir:
“Təəssüf ki, müharibə şəraiti davam edir, itkilərin və şəhidlərin olması qaçılmazdır. Amma bəzən də o təəssürat yaranır ki, sanki fırtınadan öncə sakitlikdir. Buna görə də, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, işğal olunmuş ərazilərin azad edilməsi üçün istənilən addım atıla bilər.
Keçirilən son təlimlər də bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən anti-terror əməliyyatlarına başlamağa hazırdır. Düşünürəm ki, cəbhədə sakitliyin hökm sürməsinin əsas səbəblərindən biri də budur”.