Sarımsaq mineral və vitamin deposu hesab olunur. Tərkibində A, B, C vitaminləri, kükürd (sarımsağın spesifik qoxusu onunla əlaqədardır), maqnezium, yod, 21 növ təbii antibakterial maddə və s. var. Çox güclü mikroböldürücü xassəyə malikdir. Xüsusən də qrip viruslarını öldürür, qrip və soyuqdəymənin ağırlaşmasının qarşısını alır, həmçinin sarımsağın təkibindəki uçucu yağlar otaq havasındakı virusları da məhv edir.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, hər gün sarımsaq yeyilməsi qan damarlarını rezin kimi elastik edir, qansızmaların qarşısını alır, infarkt, insult, yüksək təzyiq, qanda yüksək xolesterin kimi xəstəliklərə tutulma riskini azaldır.
Həkim qeyd edib ki, İsveçrədə məktəbli uşaqları sarımsaq yeyib gəlməyə məcbur edirlər, çünki sarımsaq yeyən uşaqlar digərlərinə nisbətən yoluxucu xəstəliklərə, əzələ qıcolmalarına və əzələ iflicinə daha az tutulurlar.
F.Hüseynov tanınmış alim və təbibimiz İbn Sinanın reseptlərində ən çox istifadə etdiyi müalicə vasitəsinin sarımsaq olduğuna diqqət çəkib.
"Əgər qulağınızda, qulaq ətraflarında, hətta üzünüzdə güclü ağrılar və qulağınızın yalnız birində küy varsa 1 diş sarımsağı həmin qulağın içinə qoyun, yarım saat gözləyin və götürün, dərini qıcıqlandırmadıqda daha çox saxlayın. Bunu gündə bir dəfə edin, ağrılarınız keçəcəkdir".
Sarımsağın faydaları:
– Ürək əzələsini qüvvətləndirir, vurma gücünü artırır
– Dəridə olan yaraları sürətlə sağaldır
– Damarların mənfəzini genişləndirir
– Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində, kəskin və xroniki bronxitdə istifadə olunur
– Revmatizm zamanı faydalıdır
– Bağırsaqda disbakterioz səbəbindən baş verən qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır
– Vərəm xəstəliyində istifadə olunur
– Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır
– Qanı toksin və mikroblardan təmizləyir
– Çox güclü əsəb sakitləşdiricidir
– İştahanı artırır
– Yuxunu dərinləşdirir
– Cinsi istəyi artırır
– Bağırsaqda parazitlik edən bütün qurdları məhv edir
– Müğənnilər üçün faydalıdır, çünki səsi gözəlləşdirir
– Saç tökülməsinin və ağarmasının qarşısını alır
– Dərinin ziyil və çiban kimi xəstəliklərinin qarşısını alır
– Böyrəkləri çalışdırır, sidikqovucudur, daş əmələgəlmənin qarşısını alır
– Bağırsaqda çürümə törədən zərərli bakteriyaları öldürür, bununla da ömrü uzadır
– Bağırsaq göbələyinin qarşısını alır
– Prostatitdə və qadınlarda yumurtalıqların iltihabında faydalıdır
– Qanı durulaşdırır
– Qanda şəkərin miqdarını normallaşdırır və qan dövranını nizamlayır
– Boğazgəlmələrdə (angina) və faringitdə faydalıdır
– Əzələ qıcolmalarında faydalıdır
– Zobun profilaktikasında istifadə olunur
– Qan təzyiqini aşağı salır.
Amma nə qədər faydalı olsa da sarımsağın ağzımızdan gələn iyi onun istifadəsini məhdudlaşdırır.
Sarımsaq qoxusunu azaldan vasitələr:
Sarımsaq yedikdən sonra cəfəri və ya quru qəhvə çeynəmək pis qoxunu götürür. Həmçinin mixək də buna bənzər təsirə malikdir. Qoxunu azaltmaq üçün sarımsaq iri-iri doğranıb qatıqla qarışdırılır və çeynəmədən udulur.
Arıqlamaq üçün sarımsaq çayı:
3 diş sarımsaq əzilir, 1 stəkan soyuq suya qarışdırılır və yavaş-yavaş isidilir, qaynama temperaturuna çatanda götürülür, süzülür və içilir. Çayı aromatlandırmaq üçün dəmləməyə kəklikotu, nanə, darçın və ya mixək əlavə edə bilərsiniz.