Bütün məmurlar narkotik testdən keçirilməlidir - ÇAĞIRIŞ
Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər planı həyata keçirilməkdədir. Bu gün ictimaiyyət də rəsmi qurumlara kömək məqsədilə bu bəla ilə mübarizədə təbliğat işlərində fəal iştirak edir. Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu sahədə fəaliyyət daha da genişləndirilməli və daha real tədbirlər həyata keçirilməlidir.
Narkomaniyanın ölkəmizdə narahatedici həddə yayılmasından gileylənən deputat qeyd edib ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizə tədbirləri istədiyimiz nəticəni vermir. Maarifləndirmə işi çox zəifdir. Hər gün, hər həftə videoçarxlar yayımlanmalı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası üzvləri efir vasitəsilə insanları maarifləndirməlidir: “Narkotik maddə istifadəçilərinə tolerant yanaşmaq olmaz. Narkomaniya vərdişə çevriləndə ondan uzaqlaşmaq olmur. Biz narkomaniya ilə mübarizəni düzgün qurmadığımıza görə hamını tutur. Bütün sahələr üzrə hər il yoxlamalar aparıb vaxtında qarşısını almağa çalışmalıyıq. Məmurların hamısı narkotikə görə yoxlanmalıdır” .
Məsələ ilə bağlı öz mövqeyini sosial şəbəkələrdə nümayiş etdirən şəxslər ziyalı bir insanın, dövlət qulluğunda çalışan məmurun zorla narkotestdən keçirilməsinin etik olmadığını deyib. Onların fikrincə, proses könüllülük prinsipi əsasında aparıla bilər.
Bəs, ictimaiyyət nümayəndələri necə düşünür? Hər kəsin narkotestdən keçirilməsi yolu ilə narkomaniyanın qarşısının alınması mümkündür? Dia.az xəbər verir ki, “Şərq”in sorğusunda iştirak edən millət vəkili Razi Nurullayev narkomaniyanın aşkarlanması, qeydiyyata alınması və yayılmasının qarşısını almaq məqsədilə bütün dövlət və qeyri-dövlət sektorlarında işçilərin hər ay məcburi narkotestdən keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, sadəcə məmurlar deyil, bütün sahələrdə çalışan insanlar bu testdən keçməlidir: “Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır. Həmçinin cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər cəmiyyət üçün təhlükə mənbəyidir”.
Narkomaniyanın yayılması ilə mübarizə üzrə ekspert Emil Maqalovun “Şərq”ə açıqlamasına görə, hamını narkotikə görə müayinə edib, testdən keçirməklə problemin birdəfəlik həllinə nail olmaq mümkün deyil:
“Narkotik istifadəçiləri 3 cür narkotik vasitələrdən istifadə edirlər. Elə narkotik var ki, qanda və sidikdə bir gün - 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, 1 ay qalır. Biz əgər taksi sürücülərini, yaxud da hansısa bir sahənin əməkdaşını ildə bir, yaxud da sadəcə işə götürəndə müayinədən keçirilməsi ilə bağlı qanun layhəsinin qəbuluna nail olsaq, həmin şəxslər çox asanlıqla özünü gizlədəcək. Bu maddələrin istifadəçiləri yayınma yollarını bizdən daha yaxşı bilir. Narkotik istifadəçiləri nəticəsi tez müəyyən edilən testlərdən istifadə edildiyini bilsələr, narkotik istifadəsini dayandıracaq. Deyək ki, kimlərsə bu müayinələrdən yayına bilmədi, bəs ona qarşı cəza tədbiri necə görülməlidir. Testlərdən istifadə zamanı onların narkotik istifadəçisi olduğu müəyyən edilsə, onlar yenə işsiz qalacaqlar? Əslində narkotik istifadəçisi olduğu müəyyən edilən insanlar narkodispanserlərə yerləşdirilməlidir. Kütləvi şəkildə yoxlama keçirib narkotik maddə istifadəçisi kimi aşkar olunan şəxsləri müalicəyə göndərmək imkanlarımız məhduddur. Narkodispanserlərdə yer sayı məhduddur. Hər kəsi işdən azad etmək də doğru deyil. Çünki narkotikə görə işdən çıxarılan adamı daha heç bir qurum işə götürməz və nəticədə o, ətrafındakı insanlar üçün də əlavə problem yaratmış olacaq. Yaxşı olar ki, əvvəlcə reabilitasiya mərkəzləri qurulsun. Ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilsin. Narkodispanserlərdən sonra bunlar reabilitasiya edilməlidir. Reabilitasiya edildikdən sonra bunlar həmin işlərə buraxıla bilər. Faktiki olaraq, dövlətin pulsuz reabilitasiya mərkəzləri də yoxdur”.
E.Maqalovun sözlərinə görə, məsuliyyət təkcə aidiyyəti qurumların deyil, bütün cəmiyyətin nəzərində olmalıdır. Təhsil ocaqları, orada çalışan psixoloqlar onların hərəkətlərinə qarşı diqqətli olmalıdır:
“Hamı deyir ki, bu məsələdə daha çox ailə tədbir görməlidir. Yəni hər kəs ailədən nəsə gözləyir, hər şeyi onun üzərinə atır. Bu yolla problemi həll etmək mümkün deyil. Valideynlərdən əl çəkin! Biz heç bir ailəyə qayda qoya bilmərik, çünki heç kim ailələrin daxildəki problemini bilmir. Buna görə də yük uşağın, yeniyetmənin getdiyi məktəbin üzərinə düşür. Məktəbdə şagirdlərlə psixoloqlar işləməlidir”.
“Altay" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri, sosioloq Elçin Bayramlı da deputatın təklifini dəstəkləyir:
“Bu, hazırda cəmiyyətimizdə ən ağrılı, ən dəhşətli problemdir. Son dövrlərdə narkotiklərdən istifadə edən gənclərin sayı artıb. Narkotik satışları da artmışdı, lakin DİN və BMCQMİ tərəfindən keçirilən davamlı tədbirlər nəticəsində bunun qarşısı böyük ölçüdə alınıb. Xeyli sayda narkotik satan şəxslər, qruplar həbs olunub. Nəticədə bu sahədə vəziyyət kəskin dəyişib. Lakin hələ də bu bəlanın qarşısının tam alınması mümkün olmayıb. Hesab edirəm ki, burada cəmiyyətimiz də fəal olmalıdır, bu mübarizədə müvafiq orqanlara dəstək verməlidir. Yəni bu, dövlətlə xalqın birgə mübarizəsi olmalıdır”.
Konkret olaraq məmurların narkotikə görə müayinə olunub testdən keçirilməsinə gəldikdə isə E.Bayramlı qeyd edib ki, elə ilk növbədə onlar yoxlanmalıdır: “Ölkənin, xalqın taleyi, həyatı onların işi ilə bağlıdır. Belə şəxslərin narkotiklərdən istifadə edib-etməməsinə ciddi nəzarət olmalıdır. Narkotiklər məlum olduğu kimi beyində ciddi fəsadlar yaradır və əgər hansısa məsul şəxs narkotik istifadəçisidirsə, onun verdiyi qərarlar sağlam ola bilməz. Ona görə də məmurların narkotik testləri ictimaiyyətin qarşısında şəffaf şəkildə aparılmalıdr. Ümumiyyətlə, bu bəla ilə mübarizə kompleks şəkildə və genişmiqyaslı aparılmalıdır. Heç kimə güzəşt edilməlidir. Milli genefondumuzun dağılmasının qarşısını birlikdə almalıyıq”.
Narkomaniyanın ümumbəşəri bəla olduğunu vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin dediyinə görə, dünyada bu bəladan əziyyət çəkməyən ölkə yoxdur:
- Təəssüf ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da narkotik maddələrə meyl artıb. Bu isə mübarizə tədbirlərinin gücləndirilməsini qaçılmaz edir. Bu prosesdə elliklə iştirak etməliyik. Heç kim yaxasını kənara çəkməməlidir. Hesab edirəm ki, narkotik vasitələri satan şəxslərə qarşı daha sərt tədbirlər görülməlidir. Narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün imkanlar səfərbər olunmalıdır. Bu adamlara heç bir güzəşt olmamalıdır. Narkotik vasitə satan, yaxud istifadə edən adamlar həbs edildikdən sonra onların azadlığa çıxması xeyli çətin olmalıdır. Bu adamlar əfvə düşməməli, Amnistiya aktından yararlanmamalıdır. Məhkəmələr həmin şəxslərə münasibətdə “ənənəvi” yanaşmadan imtina etməlidir. Açıq danışıram, narkotik vasitələri satan adam toyuq oğrusu deyil ki, hakimlər pul alıb azadlığa buraxsınlar. Hesab edirəm ki, Məhkəmə Hüquq Şurası narkotik ittihamı ilə tutulan şəxslərin işini nəzarətə götürməlidir. İaşə obyektlərində, xüsusilə kafe və restoranlarda, əyləncə mərkəzlərində ciddi monitorinq aparılmalıdır. Gecə klubları, barlar nəzarətə götürülməlidir. Narkotik vasitələr insanlar üçün əlçatan olmamalıdır. Nəhayət, valideynlər övladlarına vaxt ayırmalı, onların təlim-tərbiyəsinin qeydinə qalmalıdırlar. Aydın məsələdir ki, valideyn vaxtını ekran qarşısında düşük seriallara tamaşa etməklə keçirəndə, uşaq da gününü pis vərdişlərə aludə olmuş həmyaşıdlarının əhatəsində keçirəcək. Pis vərdişlərə qarşı mübarizəyə evimizin içindən başlamaq lazımdır.
Mənbə:My Webpage