İnternet sürəti ilə bağlı narazılıqlar artır
Son aylarda sosial şəbəkələrdə internet xidmətlərindən şikayətlər artıb. İnsanlar əsasən sürətin aşağı olmasından və qiymətlərin xidmətin keyfiyyətinə uyğun gəlməməsindən narazıdırlar. Xüsusilə rayonlarda vəziyyət daha da ağırdır. Bəzi kənd və qəsəbələrdə internet yalnız formal şəkildə var, real istifadəyə isə imkan vermir.
Musavat.comxəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə vəziyyəti etiraf edir və bildirir ki, 2027-ci ilə qədər bütün ölkə üzrə fiber-optik şəbəkə qurulacaq. Bu layihə həyata keçdikdən sonra sürətin artacağı, kəsintilərin azalacağı və qiymətlərin daha münasib olacağı gözlənilir.
Hazırda internetin zəifliyi həm təhsil, həm iş, həm də gündəlik həyat üçün ciddi problem olaraq qalır. Onlayn dərs alan şagirdlər və tələbələr, evdən işləyən insanlar, eləcə də kiçik biznes sahibləri bundan ən çox zərər görürlər. Mütəxəssislər hesab edirlər ki, planlaşdırılan layihələr vaxtında icra edilərsə, yaxın illərdə Azərbaycanda internet problemi böyük ölçüdə aradan qalxa bilər.
İnformasiya texnologiyaları üzrə ekspert İlkin Məmmədov problemin əsas səbəbini infrastrukturun köhnəlməsi ilə əlaqələndirir:
“Bir çox bölgələrdə hələ də mis kabellərdən istifadə olunur. Bu xətlər yüksək sürəti təmin etmir. Optik internetin çəkilişi isə çox yavaşdır. Digər tərəfdən, provayderlər əsas diqqəti böyük şəhərlərə yönəldirlər, ucqar kəndlər isə kənarda qalır”.
Sultan Məmmədli