Dünyanı qorxuya salan virus Azərbaycanın qonşusuna çatdı
Rusiyada ilk virusa yoluxma halı qeydə alınıb.
Rusiyada son zamanların ən təhlükəli virusu olan "Zika"ya yoluxma faktı aşkar edilib. "Tass" agentliyinin verdiyi məlumata görə, bu barədə məlumatı Rusiyanın İstehlak Bazarına Nəzarət İdarəsi (Rospotrebnadzor) yayıb.
"Hazırda virusa yoluxan qadın infeksion şöbədə müalicəyə başlayıb. Səhhəti qənaətbəxşdir. Onun ailə üzvləri də həkim nəzarətindən keçiriliblər. Lakin onlarda virus aşkar edilməyib".
Məlumata görə, virus aşkar edilən qadın Dominikan respublikasında istirahət edib. Moskvaya qayıdandan bir neçə gün sonra səhhəti pisləşib, temperaturu yüksəlib, səspgilər meydana gəlib.
Azərbaycanın ən yaxın qonşusu Rusiyada da "Zika" virusu ilə bağlı həyəcan təbili çalınıb. Ölkə prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə göstəriş verərək tezliklə virusa qarşı dərman hazırlamalarını tapşırıb. "Düzdür, virusu yayan ağcaqanadlar ABŞ-dan bura uçub gələn deyillər, amma ABŞ-dan Rusiyaya gələn və bu virus daşıyıcısı olan şəxslər onu digərlərinə də keçirə bilərlər", - deyə o bildirmişdi.
1950-ci illərdən Afrikanın ölkələrində yaranan "Zika" virusu bu gün dünyanın 20-dən çox ölkəsində yayılıb. Virusa daha çox Cənubi Amerika ölkələrində rast gəlinir. Son bir ayda milçəklərin sancması ilə yayılan virus Avropada da müşahidə edilib.
Təkcə Braziliyada 51 uşağın bu virusdan öldüyü, başı normaldan kiçik olaraq doğulan uşaqların sayının sentyabrdan bu yana 4 minə çatdığı bildirilir. 2014-cü ildə bu rəqəm dünya üzrə 150-dən az olub.
Xüsusilə hamilələr üçün böyük təhlükə mənbəyi olan virus ana bətnindəki körpələrin beyninin inkişafdan qalmasına səbəb olur. Çox zaman ölümlə nəticələn virusun səbəb olduğu xəstəlik "Mikrosefali" (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan bir neçə sm daha kiçik olur, beynin inkişafı ləngiyir.