"Məlum oldu ki, Omikron ştammına yoluxan şəxslərdə ..." - TƏBİB rəsmisi AÇIQLADI
"Qısa müddət ərzində gündəlik olaraq yüksək yoluxma sayları müşahidə edirik. Əslində noyabr ayından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikronu yaxın nəzarətə götürülməsi lazım ştam kimi elan etdikdən bəri yoluxanların sayının sürətlə artmaq ehtimalı ilə bağlı artıq təbliğata başlamışdıq".
Bunu açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Mütəxəssis bildirib ki, kütləvi peyvəndləməyə görə Omikronda daha az ağırlaşma halları ilə rastlaşırıq:
"Omikronun bizdə də sürətlə yayılacağı şübhə doğurmurdu. Həm əhali olaraq hazır idik, gözləyirdik, həm də səhiyyə işçiləri olaraq. Ona görə ki, virusun yeni mutasiyası olan Omikron ştammı digər ştammlardan fərqli olaraq daha çox yoluxduruculuq qabiliyyəti əldə edibdir.
Adətən ölkəmizdə 6-8 həftə ərzində yoluxma sayının pik həddi yaşamasını və azalmasını müşahidə edirik. Düşünürəm, yaz aylarına doğru - bu həm də beynəlxalq səhiyyə qurumlarının mütəxəssislərinin də fikridir, - yoluxma sayında nisbətən stabilləşmə əldə edə bilərik. Amma bunlar hamısı təxminlərdir. Bəlkə mart ayından sonra biraz nisbətən yoluxanların sayında azalma müşahidə edə bilərik. Amma yaşamadan bu barədə dəqiq bir söz demək çətindir.
Sosial şəbəkələrdə mütəxəssislərin və adi insanların açıqlamalarından görürük ki, onlar "Omikron daha yüngül xəstəliyə səbəb olur, Omikronda ağırlaşma olmur" kimi fikirlər səsləndirirlər. Bu, insanlarda bir növ rahatlıq hissinə gətirib çıxarır. Amma qətiyyət belə olmamalıdır. Bəli, Omikronda biz daha az olaraq ağırlaşma halları ilə rastlaşırıq. Fikrimcə burada birinci rolu kütləvi peyvəndləmə oynayır. Yəni burada kütləvi peyvəndləmənin ağırlaşmanın qarşısını aldığı faktını inkar edə bilmərik və hətta ikinci plana da keçirə bilmərik. Baxmayaraq ki, Omikron öncəki ştammlara nisbətən daha yüngül əlamətlərlə keçir.
Karantin müddətinin 14 gündən 7 günə enidirlməsi xəstəliyin gedişatından çox, yoluxduruculuq qabiliyyətinin də qısa müddət olması ilə əlaqədardır. Çünki araşdırmalarda məlum oldu ki, Omikron ştammına yoluxan şəxslərdə yoluxduruculuq əsasən simptomlar başlanandan öncəki 3 gün və simptomlar başlanandan sonrakı 3 gün ərzində daha yüksəkdir. Beləcə altıncı günə qədər azalmağa doğru gedir, altıncı gündən sonra bu ehtimal çox-çox aşağı olur deyə bizdən öncə bir çox Avropa ölkələri karantin müddətini (izolyasiya) hətta 5 günə salıb. Bu, yoluxduruculuqla bağlı qəbul edilmiş qərardır, xəstəliyin gedişatı ilə çox da əlaqəli deyil". My Webpage
Təhməz Əsədov