Fuad Muradov: Bəzi soydaşlarımız şəxsi maraqları səbəbilə diasporun birləşməsinə maneələr yaradırlar – MÜSAHİBƏ
Azərbaycanın maddi-mədəni irsinin xaricdə tanıdılması, eləcə də haqq səsinin dünyaya çatdırılmasında diaspor xüsusi yer tutur. Xaricdə yaşayan azərbaycanlıların bu fəaliyyətini tənzimləyən qurum isə Diasporla İş üzrə Dövlət Komitəsidir.
Komitənin sədri Fuad Muradov “Report”a müsahibəsində hazırda Azərbaycanın neçə diaspor təşkilatının olması, bu təşkilatların fəaliyyətində Koordinasiya Şuralarının rolu, Azərbaycan Diasporuna Dəstək Fondunun layihələri dəstəkləmə mexanizmləri barədə danışıb.
O, Azərbaycan səfirlikləri və nümayəndəlikləri ilə əməkdaşlıq, Azərbaycan evlərinin açılmasına rəvac verən amillər, sosial media platformalarında Komitə və diaspor təşkilatları haqqında zaman-zaman paylaşılan tənqidi fikirlərlə bağlı sualları da cavablandırıb.
- Fuad bəy, ilk olaraq onu bilmək istərdik ki, hazırda Azərbaycanın neçə diaspor təşkilatı mövcuddur və onlar təxminən neçə ölkədə fəaliyyət göstərirlər?
- Azərbaycanın diaspor siyasətinin formalaşması, diasporun təşkilatlanması və bu sahədə siyasətin həyata keçirilməsinə məsul dövlət qurumunun yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər xarici səfərində soydaşlarımızla görüşüb, onlara Azərbaycanla, eləcə də bir-biriləri ilə sıx əlaqədə olmaları, öz potensiallarını həm də ana vətənə yönəltmələri, dilimizi, tariximizi yaxşı bilmələri ilə bağlı tövsiyələrini verib. Bu yolu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev diaspor siyasətini yeni meyarlarla zənginləşdirib və nəticədə xaricdəki Azərbaycan icmalarının fəaliyyətində, xüsusilə, təşkilatlanma sahəsində keyfiyyətcə yeni mərhələ başlayıb.
Hazırda Azərbaycanın müxtəlif ölkələrdə 300-dən çox diaspor təşkilatı var. İlk diaspor təşkilatımızın yaşı 50-ni keçib. Bu gün diasporun təşkilatlanması daha sürətlə gedir və dövrün tələbləri səviyyəsində inkişaf edir. Təxminən 70 ölkədə daimi fəaliyyətdəyik, lakin daha çox ölkədə soydaşlarımız yaşayırlar, sadəcə olaraq onlar hələ ki digərləri qədər təşkilatlanmayıblar.
Məsələn, Nigeriya, Kolumbiya, Meksika kimi ölkələrdə yeni formalaşan icmalarımız var. İslandiyada bir neçə azərbaycanlı ailə yaşayır və onlar da diaspor təşkilatı yaradaraq qeydiyyatdan keçiriblər. Trinidad və Tobaqoda mədəniyyət-incəsənət nümayəndələrimiz yaşayır, onların da diaspor təşkilatı yaratmaqla bağlı təklifləri var.
Ümumiyyətlə, komitə olaraq biz hansısa diaspor təşkilatının yaranmasının təşəbbüskarı olmuruq. Bizim mövqeyimiz sadəcə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına dəstək göstərmək, eyni zamanda, mövcud təşkilatların koordinasiyasını həyata keçirməkdən ibarətdir. Məhz bu istiqamətlər üzrə Komitə və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) diaspor təşkilatlarına maddi, mənəvi, institusional dəstəyi nəzərdə tutulub.
- Bu təşkilatların vahid mərkəzdən idarə olunması təkliflərinə münasibətiniz necədir? Çünki, bildiyim qədər, onsuz da idarəetməni asanlaşdırmaq və effektivliyi artırmaq üçün Koordinasiya Şuraları mövcuddur.
- Hazırda dünya azərbaycanlılarını birləşdirən 17 Koordinasiya Şurası var və bu şuralar diaspor fəaliyyətinin effektivliyini artırmağa xidmət edir.
Diaspor təşkilatları ilə bağlı 2018-2025-ci illəri əhatə edən yol xəritəsi mövcuddur. Bu xəritə hazırlanarkən hər bir ölkə üzrə fəaliyyət planı tərtib edilib. Həmin fəaliyyət planı çərçivəsində araşdırmalar və təhlillər aparılarkən diaspor təşkilatları arasında koordinasiya ilə bağlı ciddi boşluqların olduğu üzə çıxdı. Belə ki, bəzi böyük şəhərlərdə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, bəzən bu təşkilatlar eyni mövzuya həsr olunmuş tədbiri eyni şəhərdə ayrı-ayrılıqda keçirirdilər, nəticə etibarilə yerli ictimaiyyətdə suallar yaranırdı. Belə tədbirlərdə icmanın birliyi, eyni zamanda, ictimai-siyasi xadimlərin iştirakı arzuolunandır. Koordinasiya Şuralarının yaranması həm də bu baxımdan vacib idi.
Şuralar yaradılmazdan əvvəl problemlərdən biri də təşkilatların eyni layihələri icra etməsi idi. Bəzən bir təşkilat bütün istiqamətlər üzrə tədbirləri özü təşkil etmək istəyirdi ki, bu da işin səmərəliliyini aşağı salırdı. Ona görə də biz təşkilatların fəaliyyəti üzrə monitorinq apardıq və hansı təşkilatın hansı tədbirlərdə daha uğurlu olduğunu öyrəndik, yekunda isə hər təşkilatı uğurlu olduğu sahədə daha aktiv fəaliyyət göstərməyə təşviq etdik.
Düzdür, Koordinasiya Şurası şəklində fəaliyyət göstərmək ilk vaxtlar heç də asan olmadı. Çünki bəzi təşkilat rəhbərləri bunu onların müstəqil fəaliyyətinə problem kimi dəyərləndirirdilər. Amma sonra məhz bu cür fəaliyyətin onların işlərinin effektivliyini artırdığını müşahidə etdilər. Bu gün bizim bütün dünyada fəaliyyət göstərən təşkilatlarımız öz bölgələri üzrə Koordinasiya Şurasına birləşiblər.
Hazırda hədəfimiz fəaliyyətdə olan Koordinasiya Şuralarının olduğu ölkələrin parlamentlərində müşahidəçi kimi qeydiyyata alınmasıdır. Bizim təşkilatlarımız artıq Avropa Şurası və Avropa Parlamentində müşahidəçi statusunda iştirak edə bilirlər. Onların Birləşmiş Millətlər Təşkilatında da aktiv olmaları istiqamətində ciddi işlər görülür.
- Azərbaycan diaspor təşkilatlarının səfirliklərlə əlaqələri, birgə fəaliyyətləri hansı səviyyədədir?
- Təkcə bu il 50-dən çox səfirlik və nümayəndəliklə birlikdə tədbirlər təşkil edilib. Əlbəttə ki, səfirlik Azərbaycanla bağlı vəziyyəti daha yaxşı bilir və biz də diaspor təşkilatlarına tövsiyə edirik ki, onlarla əlaqəli şəkildə fəaliyyət göstərsinlər. Demək olar ki, diasporun bütün tədbirlərində ya səfirin özü, ya da səfirliyin əməkdaşları iştirak edirlər. Xarici İşlər Nazirliyi ilə birlikdə mütəmadi olaraq işçi qrupumuz fəaliyyət göstərir.
- Bir qədər əvvəl Komitənin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondundan danışdınız. Maraqlıdır, 2024-cü ildə bu fond neçə layihəyə maliyyə dəstəyi göstərib və bu layihələr hansı sahələri əhatə edib? Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlılar layihələrlə bağlı hansı sıxlıqla Komitəyə müraciət edirlər?
- Azərbaycan Diasporuna Dəstək Fondunun bir neçə fəaliyyət istiqaməti var. Bunlardan biri fərdi icma üzvlərinə qrant layihələri təqdim etməkdir. Fond il ərzində təxminən 50-80 layihəni dəstəkləyir və bu layihələr çoxistiqamətlidir. Burada digər fondlarla əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin reallaşması, kitab çapı, filmlərin istehsalı, xarici ölkələrin ən iri konsert salonlarında milli musiqilərimizin təqdimatı, mədəniyyətimizin tanıdılması və bir sıra başqa istiqamətli layihələri qeyd etmək olar.
Fond fövqəladə vəziyyətlər yaranan zaman humanitar yardımlar da göstərir. Məsələn, Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara keçən il üç dəfə böyük yardımlar göndərilib. ADDF həm zəlzələdən zərər çəkən soydaşlarımıza məktəb ləvazimatı və digər zəruri əşyalar göndərib, həm də bir sıra ölkələrdə yaşayan soydaşlarımızın təhsil və müalicə xərclərini ödəyib.
Fond qeyd olunan istiqamətlər üzrə ümumilikdə 1 milyon manat vəsait xərcləyib. Fondun gördüyü işlərdən danışarkən xaricdə vəfat edən soydaşlarımızın cənazələrinin ölkəyə gətirilməsini də qeyd etməliyik. 2024-cü ildə ADDF 21 cənazənin Azərbaycana gətirilməsinə dəstək göstərib. Burada da, təbii ki, müəyyən olunmuş qaydalar çərçivəsində hərəkət edilir.
Ümumilikdə, Komitə və Fond bu il 800 müxtəlif tədbir həyata keçirib və bu tədbirlərin hərəsi ayrılıqda bir layihədir.
- Cənab Sədr, xaricdə yaşayan azərbaycanlılar bəzən olduqları ərazidə diaspor təşkilatının fəaliyyətindən narazılıq edirlər. Diaspor təşkilatının aktiv fəaliyyət göstərməməsi nə ilə əlaqədar ola bilər? Ümumiyyətlə, şikayətlərə yanaşma nədən ibarətdir? Narazılıq doğuran təşkilatların effektiv fəaliyyətini təmin etmək üçün nə kimi addımlar atılır? Bu baxımdan, məsələn, Baltikyanı ölkələrdəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Diaspor təşkilatlarının fəaliyyətinə orada yaşayan azərbaycanlıların sayı, icmanın istəyi və bir çox digər faktorlar təsir edir. Ona görə də biz bunları nəzərə alaraq hansısa şəhəri mərkəz seçirik. Məsələn, Estoniyanın paytaxtı Tallində Azərbaycan evi, onun da nəzdində həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Amma bu, o demək deyil ki, biz digər Baltik ölkələrində belə şərait yaratmağa təşəbbüs göstərmirik. Sadəcə olaraq, əgər Azərbaycan Evi açılırsa, orada Azərbaycan dilini tədris edən müəllimlərin də olması şərtdir.
Yeri gəlmişkən qeyd edim ki, həm Litva, həm də Latviyada Koordinasiya Şurasının üzvləri fəaliyyət göstərir. Latviyada uzun müddət koordinator olmuş soydaşımız həm də parlamentin üzvüdür. Litvadakı koordinatorumuz isə vaxtilə orada təhsil almış tələbədir və hər il maraqlı tədbirlərin həyata keçirilməsində yaxşı nümunə göstərir.
Təbii ki, biz xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı tam məlumatlıyıq və Komitəyə daxil olan şikayətlər o qədər cüzidir ki, onlar heç 0,5 faiz də təşkil etmir. Əminliklə demək olar ki, icmalar daxilində və icmalar arasında mehriban, işgüzar mühit formalaşıb. Həyata keçirilən çoxsaylı mədəni-ictimai tədbirlər bu mühiti daha da sağlamlaşdırıb.
- Avqustda ABŞ-də Azərbaycan evi açıldı və beləliklə, 18 xarici ölkədə açılan Azərbaycan evlərinin sayı 29-a çatdı. Daha hansı ölkələrdə Azərbaycan evlərinin açılması nəzərdə tutulur? Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və mədəni irsinin təbliği istiqamətində hansı işlər görülür?
- Bizim yol xəritəsinin bir hissəsi məhz incəsənət, dil, mədəni irsin təbliği və icmanın fəaliyyətinin keyfiyyət göstəricilərini artıran digər istiqamətlərlə bağlıdır. Yol xəritəsinə uyğun olaraq 2018-ci ildən Azərbaycan evləri açılmağa başladı. Hər bir Azərbaycan evində həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Bundan əvvəlki illərdə də şənbə-bazar məktəbləri açılmışdı. Azərbaycan evləri bu işi daha da genişləndirdi. Hər bir azərbaycanlının, Azərbaycanı sevən xaricilərin üzünə açıq olan Azərbaycan evləri mədəni mərkəzlərdir və ölkəmizin dünyada tanıdılmasında böyük rolları var.
Azərbaycan evlərində mədəni-kütləvi tədbirlər keçirilir, yarışlar təşkil edilir, bayram və hüzn günlərimiz və s. qeyd olunur. Hətta Azərbaycan evlərində Maraqlar Klubu da fəaliyyət göstərir. Bütün bunlar soydaşlarımızın birliyinə olduqca müsbət təsir göstərir.
Əlavə edim ki, Azərbaycan evlərinin varlığı diaspor nümayəndələrində bir növ məsuliyyət yaradır, çünki bura Azərbaycanı tanıdan bir məkandır. Biz buna əvvəlcə pilot layihə kimi başlamışdıq. Məlumdur ki, Komitənin resursları məhduddur və diaspor təşkilatları da prosesin icrasına müəyyən vaxt ayırmalıydı. Ona görə də bir Azərbaycan evinin açılışı böyük vaxt aparır. Hər şeydən əvvəl orada hansı fəaliyyətlərin həyata keçiriləcəyi müəyyənləşir. O ki qaldı həmin evlərə rəhbərlərin seçilməsinə, biz bununla bağlı sadəcə tövsiyə verməklə meyar və çərçivələri nəzərə çatdırırıq. İdarə edən şəxsi icma özü seçir. Bizim üçün prinsipial olan o evin işləməsidir.
Hazırda Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər çoxdur. Məsələn, İraqda, Livanda Azərbaycan evinin açılışı nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir. Ancaq bu, o demək deyil ki, onlar iki ay sonra açılacaq. Böyük Britaniya və Danimarkada da Azərbaycan evinin açılması planlaşdırılır. Həmçinin Almaniyanın Ştutqart şəhərində, ABŞ-nin bir sıra ştatlarında Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər var. Bunlarla yanaşı, Cənubi Koreyada Azərbaycan evinin genişləndirilməsi nəzərdə tutulur, çünki Azərbaycan icmasının sayı artıb.
Yeni açılan Azərbaycan evlərinin konsepsiyası da məhz icma tərəfindən təklif olunur. Məsələn, Polşadakı Azərbaycan evlərində mütəmadi hüquqi yardımlar həyata keçirilir. Əgər səfirlik paytaxtda yerləşirsə və Azərbaycan evi başqa şəhərdədirsə, konsul Azərbaycan evinə gəlib orada konsul məsləhətləşmələrini həyata keçirir.
Bir məsələni də diqqətə çatdırım ki, biz Azərbaycan evləri ilə bağlı bəzi maliyyə və texniki məsələlərlə əlaqədar öz üzərimizə öhdəlik götürürük. Lakin həmin evlər daim Azərbaycan dövləti tərəfindən maliyyələşə bilməz. Müəyyən müddətdən sonra əgər icma, həqiqətən də, Azərbaycan evinin fəaliyyətini davam etdirmək istəyirsə, mütləq icma üzvləri də dəstək olmalıdır. Ona görə də yeni açılan Azərbaycan evlərinin hamısına müəyyən müddət verilir, həmin müddətdən sonra maliyyə yardımına yenidən baxılır. O müddətdə onlar öz fəaliyyət mexanizmlərini həyata keçirməlidirlər. Yəni Azərbaycan evinin açılması hansısa Azərbaycan evinin bağlana bilməyəcəyi mənasına gəlmir. Azərbaycan evlərinin gələcək fəaliyyəti və inkişafı hər zaman müzakirə predmeti ola bilər.
Hazırda bizim üçün Gürcüstanda Azərbaycan evlərinin fəaliyyət göstərməsi xüsusilə vacibdir. Bu gün ən böyük Azərbaycan evimiz Marneulidədir. Orada 21 müxtəlif fənn tədris olunur.
- Sentyabrda xaricdə yaşayan ingilisdillilər üçün Azərbaycan dili kitabının çap olunacağı bildirilmişdi. Bu kitabın tədrisi necə təmin edilir? Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların övladlarının ana dilini unutmaması üçün dilimizin tədrisi hansı səviyyədə həyata keçirilir? Xaricdə neçə Azərbaycan məktəbi mövcuddur?
- 2018-ci ildən başlayaraq problemlərin öyrənilməsi imkan verdi ki, biz fəaliyyət istiqamətlərini müəyyənləşdirək. Həmin problemlərin içərisində yeni nəsilə Azərbaycan dilinin yaxşı öyrədilməməsi problemi də vardı. Burada subyektiv və obyektiv səbəblər vardı. Biz həmin problemin həllinə çalışdıq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdəki uşaqlar üçün Azərbaycan dili dərsliyi hazırlanaraq nəşr olundu. Bu kitab bütün Azərbaycan evlərinə və şənbə-bazar məktəblərinə təqdim olundu. Kitabı həm də elektron formada saytımıza yerləşdirmişik ki, kim istəsə, rahat istifadə edə bilsin.
Bundan sonra biz mütəmadi olaraq müxtəlif elektron platformalar vasitəsilə Azərbaycan dilinin tədrisinə başladıq. Ancaq ölkələr arasında saat fərqi olduğuna görə onlayn dərslər hələ ki çox da effektiv deyil. Amma şənbə-bazar məktəblərində Azərbaycan dilinin tədrisi tam effektivdir.
Komitənin dəstəyi ilə çap olunan, dilçi-alim Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovanın müəllifləri olduğu “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı kitab Azərbaycan dilini öyrənmək istəyən hər kəs, o cümlədən xaricilər üçün zəngin dərs vəsaitidir.
Bu gün xaricdə 100-dən çox şənbə-bazar məktəbi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bu məktəblər Azərbaycan dilini öyrətmək üçün olduqca vacibdir. Biz həm də bir ilə yaxındır ki, böyük bir elektron platforma üzərində çalışırıq. Həmin platforma vasitəsilə xaricdə yaşayan azərbaycanlılara Azərbaycan dilinin müxtəlif üsullarla öyrədilməsi nəzərdə tutulur. Həmçinin şənbə-bazar məktəblərində çalışan müəllimlər üçün təkmilləşdirmə kursları da həyata keçiriləcək.
- Komitənin diaspor siyasətinin növbəti mərhələsi, yeni perspektivlər nələrdir?
- Yeni istiqamətlərdən biri diaspor təşkilatlarının sosial-siyasi baxımdan daha da gücləndirilməsidir. Üç ildir ki, ixtisaslaşmış forumların keçirilməsinə dəstək veririk və bu forumlar ciddi nəticələr verir. Məsələn, Almaniyada iki mindən çox həkim fəaliyyət göstərir. Onların üç forumu keçirilib, nəticədə birlik kimi formalaşıblar və özlərinin idarə heyətləri yaradılıb. Bu il Almaniyadakı bir neçə böyük mətbuat orqanı bu forumlarla bağlı geniş yazı dərc etdi.
Əlavə edim ki, komitə xaricdəki azərbaycanlı alimlərin, mühəndislərin və tələbələrin forumunu da təşkil edib. Xaricdəki azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə də eyni istiqamətdə iş aparılır. Onlar da bu yolla ictimai-mədəni diplomatiyaya daha böyük töhfələr verə bilərlər. Ölkənin tanıdılması üçün mədəniyyətdən böyük güc təsəvvür etmək mümkün deyil. Növbəti illərdə ixtisaslaşmış forumların ardıcıl və sistemli təşkili, əhatə dairəsinin bir qədər də genişlənməsi nəzərdə tutulur.
Perspektivlərdən danışarkən “Qardaşlaşmış məktəblər” layihəsini də mütləq qeyd etməliyəm. Bu layihə çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB ilə birlikdə şəhid və qazilərimizin məktəbli övladlarının qardaşlaşmış məktəblərə müəyyən müddət üçün səfərini təşkil edirik. İsveçrəyə belə bir səfər təşkil olunub, növbəti səfər isə Moldovaya olacaq. Həm “Qardaşlaşmış Qarabağ məktəbləri”, həm də Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən “Diaspor Gənclərinin Yay Düşərgələri” layihəsi, eləcə də adını çəkmədiyim uzunmüddətli və özünü doğruldan layihələrimiz artıq ənənəvi hal alıb və uğurlu nəticələrlə müşayiət olunur. Yaxın illərdə bu layihələrin davamlılığını təmin etmək niyyətindəyik.
Bundan başqa, kitab çapına da xüsusi önəm veririk. Son illər 160-dan çox kitabın çapına dəstək göstərilib və kitabların tam əksəriyyəti xaricdə çap olunub. Bir sıra kitabların xarici ölkələrdə təqdimatları da təşkil edilib.
Əvvəldə qeyd etdiyim kimi, diasporun təklifləri əsasında Azərbaycan evlərinin, həftəsonu məktəblərinin sayının artırılması da yaxın illər üçün fəaliyyət planına daxildir. Ümumiyyətlə, diasporun şəbəkələşməsi, yeni platformalar üzərindən daha sıx birləşməsi, vətənlə əlaqələrinin daha intensiv olması, yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiyası üçün yeni mexanizmlər yaradılır.
- Maraqlıdır, regionda sabitliyin təmin edilməsində maraqlı olmayan erməni diasporunun aktiv fəaliyyət göstərdiyi ABŞ, Fransa kimi ölkələrdə onlara qarşı Azərbaycan diasporunu gücləndirmək üçün hansı mexanizmlər icra olunur?
- Xaricdə Azərbaycana qarşı atılan addımlarda erməni diasporunun böyük rolu var. Amma eyni zamanda, bəzi siyasi dairələr var ki, onlar özləri də məqsədli şəkildə erməni diasporunun işinə dəstək verirlər. Bunu biz Fransada tam aşkar görürük. Təkcə Xurşidbanu Natəvanın heykəlinə qarşı olan sayğısızlıq göstərir ki, bu, sadəcə erməni diasporunun deyil, həm də Fransada Azərbaycana qarşı olan siyasətçilərin yanaşmasıdır.
Hər il diaspor təşkilatlarımız haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük tədbirlər keçirirlər. Məsələn, Natəvanın heykəlinin qorunması üçün soydaşlarımız orada bir neçə gün ardıcıl aksiya keçirdilər. Eyni zamanda, həm Xocalıya ədalət üçün, həm də Fransanın Azərbaycana qarşı olan siyasəti ilə əlaqədar Parisdə mitinqlər keçirilib. Yəni diasporumuz bu məsələlərdə çox ayıq və fəaldır.
Ermənistanda diaspor işləri üzrə baş müvəkkillik institutu mövcuddur. Amma erməni diasporu həmin qurumu boykot edir və əksər ölkələrdə imkan vermirlər ki, o qurumun nümayəndələri həmin ölkələrə səfər etsinlər. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Təkcə 2024-cü ildə xarici ölkələrə səfərlər zamanı komitə rəhbərliyi və əməkdaşları xaricdə yaşayan azərbaycanlılarla 300-dən, rəsmi şəxslərlə 200-dən çox görüş keçiriblər. Soydaşlarımızla keçirilən toplantılarda ümumilikdə 5 mindən çox azərbaycanlı iştirak edib.
Erməni diasporunun belə yanaşması onu nümayiş etdirir ki, onlar sülh istəmirlər, Ermənistan maraqlarını nəzərə almırlar, öz maraqlarından çıxış edirlər. Ona görə də əksər diaspor rəhbərlərinin Ermənistana girişi qadağan olunub. Erməni diaspor təşkilatlarının fəaliyyətinin kökündə dağıdıcılıq durur və bu təşkilatlar əsasən korrupsiya üzərində qurulub.
Düşünürəm ki, biz ilkin mərhələdə diaspor təşkilatlarının fəaliyyətini möhkəmləndirməli, inkişaf etdirməli və cəmiyyət olaraq onlara dəstək göstərməliyik.
- Bəzən aksiyalarda diaspor fəallarının fikirlərini ancaq Azərbaycan dilində səsləndirmələri ilə bağlı sosial media platformalarında tənqidi yazılarla rastlaşırıq. Razılaşarsınız ki, müdafiə etdiyimiz dəyərləri qarşı tərəfə çatdırmağın ən asan yolu içərisində olduğumuz toplumun öz dilində danışmaqdır. Yəni onlar aktivistlərin nə istədiyini, nəyi müdafiə etdiklərini anlamalıdırlar. Bu fonda diaspor üzvlərinin daha səmərəli və peşəkar fəaliyyətini təşviq etmək üçün nələr edilir və nələr etmək lazımdır?
- Məqsədimiz Azərbaycan diasporunun birləşməsi olmalıdır və bu istiqamətdə də uğurla irəliləyirik. Ancaq, təəssüf ki, bəzən soydaşlarımızın diasporun birləşməsinə maneələr yaratdığını da müşahidə edirik. Bu, əsasən, onların şəxsi maraqları ilə bağlıdır. Şəxsi məsələlərini diasporun mövqeyi kimi təqdim etməyə çalışırlar.
2018-ci ildən başlayaraq heç bir kütləvi aksiyada təkcə Azərbaycan dilində çıxışlar edilməyib. Misal üçün deyə bilərəm ki, Niderlanddakı soydaşlarımızın əksəriyyəti Niderland dilini çox yaxşı bilirlər və iştirak etdikləri aksiyalarda, kütləvi tədbirlərdə yaşadıqları ölkənin dilindən səmərəli istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilirlər. Başqa ölkələrdən də bu cür misallar çəkmək, diasporun səmərəli fəaliyyətindən danışmaq mümkündür.
Ümumiyyətlə, diasporun bu günə kimi xarici ölkələrdə təşkil etdiyi aksiyalarda BMT-nin bütün rəsmi dillərində məlumatlar verilib. Bu faktlar yerli və xarici mediada, “YouTube” kanallarında geniş işıqlandırılıb.
Azərbaycan diasporunun güclü potensialı var və bu potensialdan səmərəli istifadə olunur. Yeri gəlmişkən xatırladım ki, 2019-cu ildə Brüsseldə, 2020-ci ildə isə Berlində Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Ümumamerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada Ümumavropa Qarabağ mitinqi keçirilib. Vaşinqtonda Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Ümumamerika Xocalı mitinqi təşkil olunub. Bu aksiyalarda ümumilikdə minlərlə soydaşımız, onlarla xarici jurnalist və tarixçi iştirak edib.
Ümumiyyətlə, çalışırıq ki, heç kim diaspor fəaliyyətindən kənarda qalmasın, xaricdəki Azərbaycan icmalarının üzvləri birlikdə daha səmərəli fəaliyyət göstərsinlər. Biz hamı üçün qapını açmışıq və deyirik ki, Komitənin yanaşması budur. Bir sıra təşkilatlar vardı ki, onlar bir qədər kənarda qalmışdılar. Onları dəvət etdik və gördük ki, bəziləri işləmək arzusunda deyillər. Öz işlərini görmək yerinə, şərt qoymağa çalışır, şəxsi maraqlarını işə qatırdılar.
Onu da əlavə edim ki, ilk illərdə biz tədbirlər keçirəndə erməni diasporu çalışırdı ki, bunların qarşısını alsın. Bu gün belə şeylər yoxdur. Çünki diasporumuz, həqiqətən də, güclənib.
- Azərbaycan diaspor təşkilatlarının Türk dövlətlərinin diasporları ilə əlaqələri hansı səviyyədədir?
- Bizim Türk dövlətlərinin diasporları ilə təkcə əlaqəmiz yox, birgə layihələrimiz də var. Biz hər il Türk dövlətlərinin diasporları ilə birgə forumlar keçiririk. Nyu-York, Berlin və Bakıda görüşlərimiz olub. Bu dövlətlərin diaspor qurumları ilə birgə fəaliyyət planımız var və hər il bir neçə böyük tədbirimiz olur.
Eyni zamanda, yəhudilərin ABŞ, Avstraliya və Almaniyada olan böyük icmaları ilə əlaqələrimiz mövcuddur. Azərbaycandan xaricə gedən yəhudilər vasitəsilə oradakı diasporlarla əlaqələrimizi daha da möhkəmləndirmişik. ABŞ-də Xocalı soyqırımı ilə bağlı tədbirlərimizi bir neçə dəfə böyük yəhudi təşkilatları ilə birlikdə həyata keçirmişik.
Digər ölkələrin diasporları ilə də əlaqələrimiz var və bu əlaqələrin intensivliyini qoruyuruq. Biz İtaliya, İrlandiya, Polşa diasporundan çox yaxşı təcrübə götürürük. Bu ölkələrdə bizə dost olan diasporların nümayəndələri, demək olar ki, bütün tədbirlərə dəvət olunurlar. Əməkdaşlıq etdiyimiz diasporlar da Azərbaycan icmalarının fəaliyyətini, o cümlədən birliyini, digər diasporlarla əlaqələrini, dövlətimizlə həmrəyliklərini müsbət qiymətləndirirlər.
Yeri gəlmişkən, bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, onlara cansağlığı, fəaliyyətlərində uğur arzu edirəm. Biz birlikdə daha güclüyük!
Foto: Vüqar Xanlarov