azia.az
azia.az

Rəsulzadənin silahdaşı Cəmil Ünal: “Azərbaycanla bağlı indi arzum budur ki...”

6-05-2024, 19:47

Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal artıq bir neçə gündür ki, Bakıda səfərdədir.

Müsavat Partiyasının qurultayında fəxri qonaq kimi iştirak edən Cəmil Ünal “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb.


Müsahibəni təqdim edirik:

– Cəmil bəy, İsa Qəmbər 10 ildən sonra yenidən Müsavat Partiyasına başqan seçildi. Bunu necə qarşıladız və bu seçimdən hansı gözləntiləriniz var?


-Siyasi məsələlərə girmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, Azərbaycanın özünə məxsus özəl xüsusiyyətləri var və daxildəki vəziyyəti burada yaşayan sizlər daha yaxşı bilirsiniz. Bizim kənardan gözləntimiz Azərbaycanda sülhün, sabitliyin davamlı olması, bir az daha demokratiyaya doğru qapılarını açması, millətin iqtisadi vəziyyətinin daha da yaxşı olmasıdır. Mənim fikrimcə əli qələm tutan şəxs vətən xaini, terrorist ola bilməz. Azərbaycanda əmin-amanlıq, sabitlik olanda ümumi bölgədə də sabitlik olur, biz də Türkiyədə rahat nəfəs almış oluruq.

Daha bir məsələ, könül istəyir ki, qarşıda keçiriləcək parlament seçkilərində artıq digər müxalifət partiyalarının da üzünə də qapılar açılsın. Parlament millətin səsi olduğu yerdir, müxalifət yoxsa bu, iqtidarın zəifliyi olar və demokratiyadan uzaqlaşması kimi qəbul olunar.

-Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi, daha sonra isə ötən ilin sentyabrında birgünlük antiterror əməliyyatı ilə Xankəndini, Xocalını bir güllə belə atılmadan geri qaytardı. Qısa bir zamanda Azərbaycanın bu cür qələbə qazanacağını, bütün işğalda olan torpaqların geri qaytaracağını gözləyirdinizmi?

-Rusiya hələ 1803-cü ildən 1918-ci ilə qədər Azərbaycanı bölməyə başlayıb, daha sonra Azərbaycan 1920-ci ildən 1991 ilə qədər də Sovetin hakimiyyəti altında olub. Bundan sonra isə ermənilərin 30 illik işğalı baş verdi. 2020-ci ilin noyabrında isə 3 tərəfli anlaşmaya əsasən sülh adı altında rus əsgərləri Qarabağa girdi, bu isə bizim içimizə sinən olay deyildi. Amma indi görürük ki, iqtidarlı-müxalifətli, Azərbaycan xalqı, ordusu yan-yana gələrək onları Qarabağdan çıxardır və bu, bizi  sevindirir. Çünki o torpaqlar Azərbaycanının qədim, tarixi torpağıdır.

Azərbaycan bu cür möhtəşəm qələbə qazandı. Bu, onun birliyinin nəticəsidir. Bu onu sübut etdi ki, Azərbaycan xalqı bir  olanda bu cür ağır məsələləri həll etmək gücünə malikdir.

 - İşğaldan azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmək imkanınız oldumu?

-Xeyr, hələ ki, olmamışam. 1992-ci ildə Azərbaycana gələndə artıq Birinci Qarabağ müharibəsi başlamışdı. Həmin vaxtlar Kəlbəcər uğrunda döyüşlər gedirdi, onun işğalının qarşısı alınmışdı. Amma təəssüf ki, ölkədə olan yanlış siyasi olaylar, Elçibəyin hakimiyyətdən getməsi və digər hadisələr Kəlbəcərin işğalını tezləşdirdi.

Beləliklə, o dövrdə Qarabağa getmək, o torpaqları görmək imkanım olmamışdı. İnşallah ki, Xocalı, Laçın, Şuşanı ziyarət etmək imkanım olar”.

 

Xalidə Gəray,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi