azia.az
azia.az

“İstanbul xalqı öz tarixinin səhvini etdi, çünki...” - Ərdoğanın dayısı oğlundan ŞOK AÇIQLAMALAR

31-05-2023, 09:19

Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu Musavat.com-a müsahibəsində seçkilərdən tutmuş, həyata keçirdiyi və keçirəcəyi layihələrdən danışıb.

Mehmet Mutlu şəhid və qazi ailələri üçün Azərbaycanda bir neçə dəfə kampaniya təşkil edib. Bu kampaniyalardan sonuncusu 2021-ci ilin iyun ayının 1-dən start götürərək Azərbaycanın sərhəd rayonlarını əhatə edib. Şəhər və rayonlarımızı dolaşan “Hədiyyə karvanı” aksiyası yüzlərlə uşağı sevindirib.

mutlu.jpg (128 KB) 

Mehmet Mutlunun rəhbərlik etdiyi Uşaq Oyunları və İdman Klubları Federasiyası Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ, Mingəçevir, Şəki şəhərlərində olub, uşaqlar üçün maraqlı tədbirlər təşkil edib, yarışmalar keçirib. İlk gündən etibarən aksiyaya informasiya dəstəyini “Yeni Müsavat” Media Qrupu həyata keçirib.

Musavat.com Mehmet Mutlu ilə müsahibəni oxucularının diqqətinə çatdırır:

- Mehmet bəy, seçkilərin nəticəsini necə dəyərləndirirsiz?

- Seçki nəticələrinin belə olacağını öncədən proqnozlaşdırmışdıq. O baxımdan sürpriz olacağını, problem yaşayacağımızı düşünmürdük. Çünki cənab Rəcəb Tayyib Ərdoğan Türkiyəyə və dünyaya sülhlə bağlı inanılmaz töhfələr verən bir liderdir. Bu baxımdan Türkiyədə müxalifət və onun tərəfdarları olsa da, Rəcəb Tayyib Ərdoğanın bu ölkə üçün gördüyü işləri çox yaxşı bilən insanlar da var. Türkiyədə bu ölkənin tarixi boyunca görülməyən işlər ortaya qoyulub. 21 ildə 50-70 ilə başa gələn işlər görülüb. Ona görə də türk xalqı öz rəhbərinə sahib çıxdı. Seçkilər qəzasız-bəlasız keçdi, cənab Ərdoğan qalib gəldi. İnşallah bundan sonra da xalqa gözəl xidmətlər artıqlaması ilə davam edəcək. Dünyada sülh adına, Türk dünyası, İslam coğrafiyası, insanlıq adına da çox gözəl işlərin görüləcəyinə əminəm. Şadıq ki, Rəcəb Tayyib Ərdoğan bizim prezidentimizdir.   

- Türk xalqı bu seçki ilə Ərdoğana və müxalifət namizədlərinə hansı mesajı verdi?

- Türk xalqı bu seçimlə cənab Ərdoğana və müxalifət namizədlərinə çox mühüm mesajlar verdi. Türk seçiciləri belə dedi: “Cənab Ərdoğan, siz dediyiniz hər sözü əmələ çevirən insansınız, ona görə də həm Türkiyə Böyük Millət Məclisində sizə üstünlük veririk, həm də sizi özümüzə lider seçirik. Biz sizə inanırıq, söylədiyiniz hər şeyi reallığa çevirən bir lider olduğunuz üçün bundan sonrakı 5 ildə görəcəyiniz işləri maraqla gözləyirik”. Xalq Ərdoğana, AK Partiyə çalışma, yola davam şansı verdi. Müxalifət isə yalnız boş sözlər danışdı. Bir insan başqasına inanmaq üçün ondan keçmiş zaman da daxil olmaqla, əməl görməlidir. Müxalifətin isə keçmişinə baxsanız, bir uğuru belə yoxdur. Ona görə də insanımız müxalifətdə heç kimə güvənmədi. 18 partiya bir araya gəldi, 28-30 partiya bir araya gəlsəydi belə, bu millət yenə də Ərdoğanı prezident seçəcəkdi, Böyük Millət Məclisində də üstünlüyü AK Partiyə verəcəkdi. Çünki bu millət ortaya qoyulan işləri gördü, bundan sonra da hakim partiyanın nələr edəcəyini görmək üçün səbirsizləndiklərindən onlara bu vəzifəni verdilər.

Müxalifət isə məğlubiyyətlə üzləşdi. Müxalifət özünə sual verməlidir ki, biz nə etdik ki, bu insanlar bizə güvənmədi. Onlar bu sual üzərində ciddi şəkildə düşünməlidirlər. Demək ki, siz (müxalifət – red.) bu ölkə üçün heç nə etməmisiniz, yalnız boş vədlər vermisiniz. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu kimi boş-boş vədlər verdilər. Doğrudur, İstanbul xalqı İmamoğlunu seçdi. Əlbəttə, biz bu seçimə sayğı duyuruq. Lakin İstanbul xalqı öz tarixinin səhvini etdi. Çünki Əkrəm İmamoğlunun gəlişindən sonra kimsə İstanbulda bir layihənin sıfırdan başlayıb bitdiyini görmədi. O, heç bir layihəyə təməl atmadı. AK Partinin vaxtında başladılan layihələrin bir çoxunu dayandırdı, davam edənlər də bizim zəhmətimiz sayəsindədir. İstanbul Böyükşəhər Bələdiyyəsi tarixinin ən böyük borclanmasını yaşayır. Əgər siz (İstanbul Böyükşəhər Bələdiyyəsi – red.) AK Partinin başlatdığı layihələri davam etdirirsinizsə, bu qədər borclanmaya ehtiyac yoxdur. Çünki onların hamısının büdcəsi var idi, lazımi kreditlər alınmışdı. Siz hansı layihə üçün bu qədər borclanmaya getdiniz? Hazırda Türkiyədə heç bir dövlət bankı İstanbul Böyükşəhər Bələdiyyəsinə 1 quruş belə kredit verməz. Xaricdən də kredit ala biləcəklərinə inanmıram. Çünki bütün kvotalar artıq dolub. İstanbul sözün əsl mənasında 10-15 ilini itirib.

Heç bir xidmət göstərməyən müxalifət xalqın qarşısına çıxıb “mənə səs verin, çox işlər görəcəm, sizə demokratiya gətirəcəm, soğanı, kartofu 20-25 quruş edəcəm” deyir. Dünyada belə bir şey yoxdur. Hesab edirəm ki, müxalifətin ən böyük səhvi boş vədlər verməsi oldu.

Cənab Prezident isə inanılmaz beynəlxalq əlaqələr qurur. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi gündən Azərbaycanla münasibətləri inkişaf etdirib. Türk dünyası ilə əlaqələr yüksək səviyyəyə çatıb, Türkiyənin İslam coğrafiyasında, Aralıq dənizində nüfuzu artıb. Ona qədər bunlar yox idi. Əvvəllər kimsə bizdən yardım istəyəndə biz bunu edə bilmirdik, buna imkanımız yox idi. Əgər sizin lideriniz çox güclüdürsə, qərarlı bir liderdirsə, lazımi anda tələb olunan mexanizmləri hərəkətə keçirə bilirsə başqalarına rahatlıqla kömək edə biləcəksiniz. İndi biz havadan, sudan hərəkətə keçməklə istənilən ölkəyə yardım edə bilərik. Bütün bu uğurlar ağır zəhmətin bəhrəsidir. Bu baxımdan türk xalqı düzgün seçim edib.

Bu ölkə insanı Adnan Menderesi edama göndərib, ona sahib çıxmayıb, amma türk milləti 14 may və 28 mayda bunu deyib: “Biz üçüncü səhvi əsla etməyəcəyik, cənab Ərdoğana sahib çıxacağıq”. Çox gözəl günlər yaşayacağımıza ümid edirəm.

qalibb.PNG (2.13 MB)

- Seçki dönəmində və ondan əvvəl zəlzələ bölgələrinə getmisiniz. Əvvəllər olduğu kimi, uşaqlarla bağlı layihələr həyata keçirmisiniz. Amma seçkilərə az qalmış sanki qrafikinizdən çıxıb sadəcə seçki kampaniyası istiqamətində çalışdınız. Federasiya rəhbəri kimi işinizi bərpa etmisinizmi?

- Zəlzələyə qədər bir çox layihələrimiz var idi. Zəlzələnin səhəri gün mən dərhal daxili işlər nazirinin köməkçisinə, daxili işlər nazirinin müavini Mehmet Ersoya, ailə və sosial xidmətlər nazirinin müavini İsmayıl Ergünəşə zəng etdim. Dedim ki, siz dediyiniz anda mən hazıram. Zəlzələnin ilk günündən hazırlıqlara başladım. O uşaqların gözəl üzlərini güldürmək üçün bütün enerjimizi ortaya qoyduq. 35 gündən sonra mənə bildirdilər ki, artıq çadırlara gedə bilərsiniz. Həmin müddətdə bütün heyətlə hədiyyə hazırlığı görmüşdüm. 1 ay müddətində bütün zəlzələ bölgəsində (Hataydan Elbistana qədər), 16 ilçədə çadır şəhərlərdə uşaqlarla görüşdük.










 


Bizdən soruşdular ki, bir də nə vaxt gələcəksiz? Bu söz bizi çox duyğulandırdı. Hazırlıqlarımız davam edir. Təxminən sentyabrda o ərazilərə yenidən gedəcəyik. O uşaqları tək qoymayacağıq. Doğrudur, itkiləri geri qaytara bilmərik, amma onların evlərini, yurdlarını, işlərini geri qaytara bilərik.

mehmet.jpeg (148 KB)

Cənab Ərdoğan bu məsələyə çox həssas yanaşır, işlərə davamlı nəzarət edir. İnşaat işləri sürətlə davam edir. Prezidentimiz zəlzələ bölgəsindən yüksək səs topladı. Onlar Ərdoğana güvəndikləri üçün səs verdilər. Məhv olmuş insanlara “niyə Ərdoğana səs verdin?” demək hansı əxlaqa sığır? Bu millət nə edəcəyini çox yaxşı bilir.

Qeyd edim ki, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri kimi fəaliyyətimi bərpa etmişəm.  

- Azərbaycana yönəlik bir sıra möhtəşəm layihələrin müəllifisiniz. Şəhid və qazi övladları ilə bağlı layihələr davam edəcəkmi?

- Bəli, layihələrimiz davam edəcək. İlk olaraq Azərbaycandan 3 şəhid övladını (10-12 yaş qrupu) Türkiyəyə gətirəcəyik. Güney Doğu bölgəsində şəhid olan zabitlərin övladlarını da İstanbula gətirəcəyik (10-12 yaş qrupu). Bu il ərzində hamısını İstanbula toplayıb 5 gün boyunca “Türkiyə-Azərbaycan ənənəvi uşaq oyunları” adlı çempionat keçirəcəm. Bu iş təxminən 3 ay vaxt tələb edir. Bu istiqamətdə hazırlıqlar gedir, mən bununla bağlı Azərbaycan tərəfi ilə yazışmalara başlayacam. Bu layihəmizi YAŞAT Fondu ilə birgə həyata keçirəcəyik. Azərbaycan bizim üçün olmazsa, olmazdır. Şəhid və qazi övladları üçün bu xidmətləri canı-könüldən edirik. Əlbəttə, Azərbaycan üçün xidmətlərimiz bununla bitməyəcək. Bütün Azərbaycanda səs-küy yaradacaq bir uşaq oyunu hazırlayacam. Qazi övladları ilə bağlı da planlarım var.  

usaqq.jpeg (91 KB)

- Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız?

- İnşallah iyunun 8-də Bakıda olacam. Bir neçə gün qalıb Türkiyəyə qayıdacam. Azərbaycanda bir sıra görüşlərim olacaq.

- Məşhur jurnalist Fatih Portakal Kamal Kılıçdaroğlunu istefaya çağırıb. Sizcə, bu çağırış nəyə hesablanıb?

- Onlar tərəfdarı olduğu insanlar uduzanda başqasının tərəfinə keçməyə çalışan jurnalistlərdir. Ona görə də Allah köməkləri olsun, başqa nəsə demək istəmirəm.

- Türkiyə-Azərbaycan qardaşlığı mayın 28-də dünya üçün sözün əsl mənasında bir örnək oldu. Türkiyə, Ərdoğan sevərlərə nə demək istərdiz?

- Bu dəstək qardaşlığın göstəricisidir. Azərbaycandakı qardaşlarımıza buradan sayğılarımızı, sevgimizi göndərirəm. Bizim eyni anda sevinməyimiz çox gözəldir. Mən həmin videoları, fotoları görəndə çox sevindim.

senlik.jpeg (71 KB) 

Bu dəstəkləri, duaları üçün azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm. Düşünürəm ki, Türkiyə-Azərbaycan qardaşlığının gözəl gələcəyi var.

Dünyanın əksər ölkələrində, xüsusilə İslam coğrafiyasında Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini istəyənlər, dualar edənlər çox idi. Amma bilirəm ki, Azərbaycandakı qardaşlarımız həyəcandan gecəni yatmayıb. Bütün bunlara görə qardaşlarımıza təşəkkür edirəm. Bütün Azərbaycana sevgilər, sayğılar. Daim bir olmalıyıq ki, bizə oyun qurmasınlar. Prezident Rəcəb Tayyib Ərdoğana, cənab İlham Əliyevə təşəkkür edirəm, çünki çox gözəl qardaşlıq nümayiş etdirirlər. Bu da xalqa yansıyır. Liderlərimizin çox yaxın olması, qardaş olması xalqları da bir-birinə yaxınlaşdırır. Bunu seçkilərdə də gördük. Buna görə çox xoşbəxtəm.   

Aytən Novruz
Musavat.com 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi